Şeybanilərin varlığına son qoyan, Hörmüz boğazını xilas edən, Xətainin atının ayağının dəydiyi torpaqları İmperiyaya qaytaran sərkərdə
Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin dövləti zəif idarə etməsini görən Qızılbaş əmirləri şahı hakimiyyətdən uzaqlaşdırıb onun oğlu Abbas Mirzəni hakimiyyətə gətirməyə çalışırdılar. Bu zaman Şahzadə Abbas Heratda yaşayırdı və Herat hakimi Əlquluxan onun lələsi idi. 1580-ci ildən Abbas Mirzə Herat vilayətinin hakimi hesab olunurdu. 1587-ci ildə Səfəvi əmirlərinin səs çoxluğu ilə Məhəmməd Xudabəndə hakimiyyətdən uzaqlaşdırıldı və oğlu Abbas Mirzə Şah Abbas adı ilə Səfəvi taxtına çıxarıldı.
Şah Abbasın hakimiyyətinin ilk illəri o qədər də asan olmadı. O, əvvəlcə ölkəni bürüyən ara müharibələrə son qoymalı və Xorasan vilayətini Şeybanilərdən geri almalı idi. Üstəlik Osmanlı İmperiyası Şah İsmayıl və Təhmasib zamanında Səfəvilərin tarixi əraziləri olan Şirvan, Aran və Təbrizi fəth etmişdi. Bundan başqa, strateji əhəmiyyətə malik Hörmüz boğazı da Portuqal donanmasının nəzarətində idi.

Topçu və tüfəngçi dəstələrinin yaradılması ilə Səfəvi ordusu tarixində ilk dəfə odlu silahlarla təchiz olundu
Qeyd etdiyimiz kimi Şah Abbas öncə ölkə daxilindəki ara müharibələrinə son qoydu. Bu dövrdə Şeybanilərin Səfəvi torpaqlarına hücumları adi hal almışdı, amma Şah Abbasın ordusu Şeybanilərlə döyüşmək iqtidarında deyildi. Bunu dərk edən Şah ordu islahatlarına başladı. O, Çingiz xaqan kimi ordudan yayınanlara ölüm cəzası kəsmək haqqında qərar almaqla yanaşı, onların mal və mülkünün müsadirə edilməsinə də göstəriş verdi.
Bu qərardan sonra dövlətin hər yerindən minlərlə insan Səfəvi ordusuna qatıldı. Bununla da 20 minlik Səfəvi ordusunun sayı qısa zamanda 150 min nəfərə çatdırıldı. Şah Abbasın hərbi islahatlarından biri də Səfəvi ordusunda yeni qoşun dəstələrinin yaradılması ilə bağlı olmuşdu. Belə ki, islahatlardan sonra Səfəvi ordusu qulamlar, qorçular, tüfənçilər və topçular olmaqla dörd hissəyə bölünmüşdü. Məhz topçu və tüfəngçi dəstələrinin yaradılması ilə Səfəvi ordusu tarixində ilk dəfə sistemli şəkildə odlu silahlarla təchiz olunmuşdu.
Həm hərbi, həm də iqtisadi islahatlar aparan Şah Abbasın hakimiyyətinin ilk illərində Səfəvi İmperiyası xeyli güclənmişdi. Bu isə o demək idi ki, artıq hərbi səfərlərin vaxtı yetişib. İlk hədəf də bəlli idi – Səfəvilərin şərq qonşusu Şeybanilər. Şah Abbas Şeybanilərə qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl 1590-cı ildə nümayəndələrini İstanbula göndərib Osmanlılarla sülh bağladı. Şah Abbasın bu sülhə imza atmasının səbəbi eyni vaxtda iki cəhbədə mübarizə aparmaq istəməməsi idi.

Nişapuru və Məşhədi geri alan Şah Abbas 1599-cu ildə Şeybanilərin varlığına son qoydu
İstanbul müqaviləsindən sonra 150 minlik müasir silahlarla təchiz edilən ordusu ilə Şeybanilərin üzərinə yeriyən Şah Abbas 1598-ci ildə əvvəlcə Nişapur, sonra isə Məşhəd şəhərini Şeybanilərdən geri aldı. Daha sonra Herat şəhərinə doğru irəliləyən Səfəvilər burada güclü müqavimətlə üzləşdilər. Lakin Şah Abbasın ordusu böyük çətinliklə olsa da, Heratı Şeybanilərdən geri aldı. Bununla kifayətlənməyən Şah Abbas 1599-cu ildə Şeybanilər dövlətinin varlığına son qoydu.

Hörmüz boğazından sonra Şah Abbasın yeni hədəfi Osmanlı İmperiyası idi
Portuqal donanması XVI yüzildə Səfəvilərin cənub qapısı olan Hörmüz boğazına nəzarət edirdilər. Qısa zaman kəsiyində – 1602-ci ildə Qızılbaş ordusu onları Bəhreyindən çıxarmağa nail oldu.
Amma Səfəvlərin donanması olmadığına görə Hörmüzü geri almaq mümkün deyildi. Ona görə də Şah Abbas ingilislərin Ost-Hind şirkəti ilə müqavilə bağlayaraq bu işdə onların gəmilərindən istifadə etməyi qərara aldı. İngilis gəmilərinin yardımı ilə Şah Abbas Hörmüz limanını-boğazını azad etdi. O dövrdən etibarən şəhərin adı Şah Abbasın şərəfinə Bəndər Abbas adlandırıldı.
Şeybaniləri tarix səhnəsindən silən və Portuqalları Hörmüz boğazından çıxaran Şah Abbasın yeni hədəfi Osmanlı İmperiyası idi. Bu dövrdə Osmanlı dövləti Avropada Habsburqlarla müharibədə xeyli zəifləmişdi. Üstəlik Şərqi Anadolda başlayan Cəlalilər hərəkatı Osmanlı İmperiyasının hərbi nüfuzunu bir qədər sarsıtmışdı. Bunu fürsət bilən Şah Abbas 1590-cı ildə bağlanmış İstanbul sülh müqaviləsini pozaraq 1603-cü ilin əvvəlində Osmanlıların üzərinə yürüşə başladı.

Səfəvi və Osmanlı orduları Təbrizin bir neçə kilometrliyində üz-üzə gəldilər və Səfəvilər bu döyüşdən qələbə ilə ayrıldılar
Şərqi Anadoluda bir çox qalaları ələ keçirən Şah Abbas, Güney Azərbaycana irəliyərək Osmanlı ordusunun nəzarətində olan Təbriz şəhərini mühasirəyə aldı. Osmanlı ordusunun Təbrizə doğru yola düşməsi xəbərini alan Şah Abbas 1603-cü ilin avqustunda ordusunu şəhərin şimal qərbindəki dağlıq ərazidə möhkəmləndirdi. 1603-cü il sentyabrın 28-də Səfəvi və Osmanlı orduları Təbrizin bir neçə kilometrliyində üz-üzə gəldilər və Səfəvilər bu döyüşdən qələbə ilə ayrıldılar.
Bu zəfərdən sonra Şah Abbas yenidən Təbriz qalasındakı Osmanlı düşərgəsini mühasirəyə aldı. Osmanlıların qətiyyətlə müdafiə olunmasına baxmayaraq, Səfəvi artilleriyasının davamlı atəşləri ilə 1603-cü il oktyabrın 21-də Təbrizdəki Osmanlı hərbi qüvvələri təslim oldu. Həmin ilin noyabrında Şah Abbas Qızılbaş ordusu ilə birlikdə indi Şimalı Azərbaycan adlanan tarixi Səfəvi torpaqlarına daxil oldu. Bu ərazilərdə Naxçıvan və Culfa döyüşsüz təslim oldu. 1604-cü ildə isə Şah Abbas Qarsı tutdu. Daha sonra İrəvan istiqamətinə yönələn Səfəvilər 1604-cü ilin yazında şəhəri Osmanlılardan almağa nail oldular. Səfəvilərin ardıcıl zəfərləri Osmanlı xanədanını narahat edirdi. Buna görə də 1604-cü ilin iyununda Sinan Paşanın sərkərdəliyi altında böyük bir ordu Səfəviləri dayandırmaq üçün yola çıxdı.
Azərbaycana yetişənə qədər Osmanlı ordusu yol boyu çox böyük itkilər verdi. Tərəflər 1605-ci ilin noyabrında Təbriz yaxınlığındakı Sufiyan adlı yerdə üz-üzə gəldilər. Bu zaman Osmanlı ordusunun sayı 100 min, Səfəvi qüvvələrinin sayı isə 60 min nəfər idi. Buna baxmayaraq Osmanlı ordusu 1605-ci il noyabrın 6-da Sufiyan düzündə məğlubiyyətə uğradı. Sufiyan döyüşündə ağır məğlubiyyətin sərt üzünü yaşıyan Osmanlı İmperiyası dərhal Səfəvi İmperiyası ilə sülhə nail olmaq istədi.

Şah Abbas: “Şah İsmayılın atının ayağının dəydiyi bütün torpaqlar Səfəvilərə qaytarılmalıdır”
Şah Abbasın sülhlə bağlı düşüncələri qəti idi və o bildirirdi ki, sülhün bərqərar olması üçün Şah İsmayılın atının ayağının dəydiyi bütün torpaqlar ona qaytarılmalıdır. Şah Abbasın bu tələbi sülh danışıqlarını bir qədər uzatdı. Sufyan zəfərindən sonra Şah Abbas ordusu ilə şimala üz tutdu. Altı aylıq mühasirədən sonra Səfəvi ordusu Gəncə şəhərini Osmanlılardan geri aldı. Bundan sonra Şah Abbasın ordusu Tiflis şəhəri başda olmaqla Şərqi Gürcüstanı fəth etdi. 1606-cı ilin qışında Şirvana daxil olan Şah Abbas Şamaxı şəhərini çətinlik çəkmədən Osmanlılardan geri aldı. Xəbəri alan Bakı və Dərbənd əhalisi Osmanlı ordusuna qarşı üsyana qalxdılar. Bu şəhərlərin yerli əhalisi Səfəvilər gələnə kimi Osmanlı ordusunu şəhərdən çıxarmışdı. Bu səbəbdən də Şah Abbas Bakı və Dərbənd əhalisini bir sıra vergilərdən azad etmişdi.
Şah Abbasın Azərbaycan torpaqlarında apardığı uğurlu hərbi əməliyyatlardan sonra 1590-cı il müqaviləsi ilə itirilmiş bütün Səfəvi torpaqları geri qaytarılmış və 1555-ci ildə imzalanmış Amasya Sülh müqaviləsinin müəyyən etdiyi sərhədlər yenidən bərpa edilmişdi. Amma Osmanlılar itirdikləri torpaqları geri qaytarmaq üçün ara-sıra hücumlar edirdilər. Lakin bu yürüşlərdə Osmanlı ordusu elə də böyük uğur əldə edə bilmirdi.
Nəticədə İstanbul, Mərənd və Sərab Sülh müqavilələrinin şərtlərinə görə iki dövlət arasındakı müharibə bitmiş hesab olundu. Son müqavilələrin şərtlərinə görə Osmanlılar Şah Abbasın geri qaytardığı bütün ərazilər üzrə torpaq iddialarından bir dəfəlik əl götürməli idilər.

Səltənət davasına son qoymaq üçün övladlarını belə edam etdirməkdən çəkinməyən dövlət xadimi
Şah Abbas Azərbaycan Səfəvilər İmperiyasının bütün ərazilərini geri qaytardıqdan sonra bütün gücünü dövlətin iqtisadiyyatının inkişaf etdirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına sərf etdi. O, Azərbaycan Səfəvilər İmperiyasının əvvəlki qüdrətini bərpa etməklə yanaşı, onu Şərqin ən qüdrətli dövlətlərindən birinə çevirdi.
Onun hakimiyyəti illərində dövlətin paytaxtı Qəzvindən İsfahana köçürüldü. Özündən sonra taxt davasının olacağını bildiyindən Sultan Süleyman kimi övladlarını belə edam etdirməkdən çəkinmədir. Bu səbəbdən də, Səfəvilər İmperiyasının taxtına yeganə varies – nəvəsi Sam Mirzə qaldı. 1629-cu il yanvarın 19-da 57 yaşında İsfahan yaxınlığındakı Kəşan adlı yerdə dünyaya vida nəğməsi oxuyan Şah Abbas tarixdə həm də, Osmanlı İmperiyasının İsfahanda ilk Böyük Elçiliyini açan- Səfəvi hökümdarı, Şah İsmayıl Səfəvinin atının ayağı dəyən torpaqları bir bayraq altında birləşdirən Lider kimi qaldı.
Şərəf Cəlilli
Murad Muxtarov