Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/16/2026

Paylaşın

TARİX

İpəyin örpəyə, sənətin mədəniyyətə çevrildiyi yer

WhatsApp Image 2026-03-16 at 10.22.10

Şərq və Qərb dəyərlərinin kəsişdiyi ünvan – Şəki

Qədim yaşayış məskənləri, tarixi abidələri qüdrətli şəxsiyyətləri ilə, zəngin mədəniyyəti ilə ruhumuzun qida yeri olan Şəki təkcə gözəl təbiəti ilə  deyil, həm də İpək yolu boyunda minillərlə formalaşan dəyərləri, memarı inciləri, sənətkarlıq nümunələri ilə bu gün də dünyanın diqqətini  özünə çəkir.  Burada hər küçə, hər daş, hər qarış tarixin səsini, nəfəsini, yaddaşını yaşadır. 

2750 illik mədəniyyətə malik olan Şəki haqqında ilk məlumatlar eramızdan əvvəl VII əsrə gedib çıxır. Şəhər əsrlərlə Qafqazın ən mühüm ticarət mərkəzlərindən biri olub. Buradan keçən tacirlər karvansaralarda gecələyib, Şəki ipəyi, Şəki kəlağayısı, Şəkili ustaların oyma və misgərlik nümunələri,  ədviyyatlarla yüklü karvanlarla yola çıxıb.  Bu, qədim-qayım şəhər bir neçə dəfə dağ uçqunları və sel nəticəsində tarixi yerindən oynayıb, indiki mövqeyində bərqərar olsa da, arxeoloq və etnoqraf alimlər Şəkinin əski tarixinə ayna tutan köhnə hissələrdəki mədəniyyət nümunələrini tədqiq etiblər. 

Qafqaz Albaniyasının ilk inanc yerlərindən biri

Minillər boyu  sivilizasiyaların, mədəniyyətlərin dioloq, dinlərin tolerantlıq ünvanı olan Odlar Yurdu Azərbaycanın əski inanclarından birinə-Xristianlığa  ev sahibliyi edən Kiş Məbədi Şəkinin simgəsi, bəlgəsi olan əsas müqəddəsliklərdən biridir.  Albanların-Alpanların Tanrıya əl açıb dua etdikləri bu məbəd təxminən eramızdan əvvəl I əsrə aiddir.  Burada aparılan arxeoloji qazıntılar zamanı qədim qəbiristanlıq və 2000 illik insan izləri tapılıb, aşkar edilib. Qafqaz Albaniyasının əsas ruhani mərkəzi hesab olunan Kiş Məbədi İslamaqədərki yaddaş yerimiz, inanc ünvanımız kimi bu gün də hər bir türk, azərbaycanlı üçün dəyərlidir.

Şəbəkə ilə bəzənən, “Şahnamə” ilə süslənən Saray

Qafqaz Albaniyasının incilərindən sayılan Kiş Məbədi,  dünya fatehi Nadir Şah Əfşarı heyrətləndirən “Gələrsən, görərsən” qalası, Şəki Xan Sarayı  Şərqin, Turanın, Türk dünyasının, Odlar Yurdu Azərbaycanın şah əsərlərindəndir. Təkcə Azərbaycanın deyil, Yaxın və Orta Şərqin ən möhtəşəm memarlıq abidələrindən olan Şəki Xan Sarayı 1797-ci ildə heç bir mismardan istifadə olunmadan şəbəkə texnikası ilə inşa edilib. Sarayın pəncərələri minlərlə müxtəlif rəngli şüşə parçasının taxta çərçivələrə birləşdirilməsi ilə hazırlanıb. Bu texnika dünyada yalnız Şəkidə qorunur. Bu nadir memari incinin divar rəsmlərində isə Şərqin mütəfəkkir şairlərindən biri Əbülqasım Firdovsinin “Şahnamə”sinin motivlərindən,  eyni zamanda Şərq miniatür sənətinin elementlərindən istifadə olunub.  Sarayın hər zalı bir nağılı, əfsanəni və dastanı özündə ehtiva edir. 

Ümumbəşəri dəyərlər xəzinəsini nadir incilərlə zənginləşdirən Şəkinin tarixi mərkəzi və Xan Sarayı Azərbaycan Respublikasının Birinci vitse-prenizdenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iradəsi ilə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Şəkinin yalnız yerli deyil, beynəlxalq səviyyədə də mədəni dəyərə sahib olduğunu sübut edən amillərdəndir. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki,  Şəki memarlığında Şərq və Qərb üslubları o qədər təbii şəkildə birləşib, bir-birinə inteqrasiya edib ki, onu ancaq sivilizasiya və mədəniyyətlərin harmoniyası, dialoq ünvanı kimi qəbul etmək olar.  

Yaddaşın ipək yeri

Milli-mənəvi dəyərlər tariximizdə mühüm əhəmiyyətə malik olan Şəki həm də, yaddaşın ipək yeri, ilmə-naxış dünyasıdır, hər bir azərbaycanlı üçün. İpəkyolu boyunda yerləşən bu qədim diyar, min illər boyu “İpək Yolu şəhəri” kimi tanınıb. Təbiəti ipəyə, həm də örpəyə köçürən barama qurdunu, tut yarpağını ipəyə çevirən, İpək kəlağayısı ilə Odlar Yurdu Azərbaycanın ünvanlarından biri kimi tarix yaradan bu gözəl və özəl diyarda ipək istehsalı sənəti min illərdir davam edir. Şura hökumətinin qılıncının dalının qabağının kəsdiyi illərdə belə, SSRİ tərkibində olan qolubağlı Azərbaycanın imzalarından birinə dönən Şəki ipəyi, Şəki kəlağayısı dünyada tanınıb. İstehsalının həcminə və keyfiyyətinə görə Şəki İpək Kombinatı dünyanın ən iri ipək kombinatlarından biri kimi şöhrət tacını başında saxlayıb. Yüz illər boyu  Şəki ipəyi incə və zərif geyimlərin diyarı olan Avropaya, İtaliyaya ixrac edilib,  “Şəki ipəyi” adı ilə məşhur olub. Bu ənənə bu gün də davam edir. Burada istehsal olunan ipək şərflər, kəlağayılar və milli geyimlər dünyanın məşhur dəfilələrini, sərgi salonlarını bəzəyir.

Şəkinin ağzının dadı

Şəkərburanı aya, paxlavanı günəş şüasına, qoğalı cücərən torpağa, fəsəlini səhra müqəddəsliyinə, qatlamanı sufi, hürufi, mövləvi dünyasına, sümələyi bərəkət yerinə, qovutu gücün qüvvətin rəmzinə, halvanı ağzının dadına, şirin yerinə bənzədən Odlar Yurdu Azərbaycanda hər nemətin adına dastan yazıldığı kimi, Qarapapaqların fəsəlisinin, qatlamasının, sümələyinin, Qərbi Azərbaycanın qovutunun, İrəvanın kətəsinin, Qubanın tıxmasının, Bakının badamburasının, paxlavasının, şəkərburasının, Qarabağ və Lənkəranın külçəsinin, Şirvanın mütəkkəsinin, Şamaxının çudusunun, Naxçıvanın çöçəsinin, Şəkinin halvasının yeri fərqli olub.

Şəkinin imzasına çevrilən Şəki halvası təkcə Şəkinin ağzının dadı, süfrəsinin bəzəyi deyil, Şəki ipəyi, Şəki kəlağayısı, Şəkinin Xan Sarayı, Kiş Məbədi,  “Gələrsən, görərsən” qalası kimi müqəddəsliklərindən biridir. Tədqiqatçı alimlər qeyd edir ki, onun hazırlanması xüsusi ustalıq tələb edir. Nazik xəmir qatlarının arasına qoz, bal və ətirli ədviyyatlar əlavə olunur. Halva bişirildikdən sonra romb formalı dilimlərə kəsilir və üzərinə qırmızı şəbəkə naxışı vurulur. Şəki halvası uzaq məsafələrə daşınsa da keyfiyyətini itirmir.  Bu səbəbdən də  minillər boyu Şəki ilə ticari münasibətlərdə olan tacirlər Şəki halvasından yük tutar, onu  həm də alqı-satqı nümunəsinə çevirər, tutumu ilə seçilən bu şirniyyat növünü həm də uzaq yollarda qida rasionlarına daxil edərdilər. 

Ustaların,  ustadların diyarı 

Zəngin mədəniyyəti, tarixi tikililəri, memari inciləri ilə qədim yaşayış məskənlərindən sayılan “Şəki təkcə halvası və ipəyi ilə deyil, həm də sənətkarları ilə məşhurdur. Burada misgərlik, ağacoyma, naxıştökmə, təkəlduz, zərgərlik kimi sənətlər ustad-şəyird müqəddəsliyi ilə hələ də davam etməkdədir. Şəhərin mərkəzindəki kiçik emalatxanalarda ustalar əsrlərdir dəyişməyən üsullarla əl işləri, sənət nümunələri yaradırlar. Hər bir  sənət əsərində Şəkinin incə ruhunu, səbrini, zövqü-səfasını  əks etdirirlər.  Bu səbəbdən də bir dəfə ziyarət edənlər,  onu bir daha görmək, əfsanə, nağıl və qəhramanlıqla dolu dünyasına baş vurub tarixinin lal sükutuna dalmaq, tarixlə müasirlik arasında körpüyə çevrilmək istəyirlər.

Sənəti mədəniyyətə çevirənlərin diyarı 

İçərişəhərin, Təbrizin dar dalanlarını, Tiflisin “Şeytan bazarı”nı, Şuşanın dolanbac küçələrini, Gəncənin Xan bağını,  Bağmanlar məhləsini, Dərbəndin qala divarlarını keçib  yuxularının, duyğularının diyarı, özəl və gözəl Vətənin-paralanmış, yaralanmış, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana bölünən  Odlar Yurdu Azərbaycanın əzəmətini anlamayanlar  Şəki nağıl kimi şəhərdir. Onun  daş döşənən küçələrində tarix yeriyir, hər pəncərəsindən rənglər dünyasının rəngli gözyaşı boylanır, tel halvasından, qozlu plovundan, pitisindən minillərin iyi, təri gəlir. O, təkcə keçmişin deyil, həm də bu günün, gələcəyin rəmzi, simvoludur hikmətini çətin anlayar.

Onu sevmək azdır, ziyarətində bulunmaq gərəkdir

Pirilərin, övliyaların, millətin zinəti olanların diyarıdır Şəki. “Gələrsən görərsən” deyib, dünya fatehi Nadir şah Əfşarı heyrətləndirən Çələbi Xanın diyarıdır Şəki. Şəki xanlarının hökumət adamın – Fətəli xan Xoyskinin, Mirzə Fətəli Axundzadənin, Rəşid bəy Əfəndiyevin, Cövdət Hacıyevin, Şərqin ilk opera bəstəkarı Şəfiqə xanım Axundovanın, “Daş ürəklərdə yanan, daşları sındırdı muğam!”  nidası ilə ötən əsrin 50-ci illərində Azərbaycan Muğamlarına qarşı Səlib yürüşünə çıxanların üstünə yeriyən Bəxtiyar Vahabzadənin, Birinci Qarabağ Savaşında səngər nəğmələri , əsgər balladaları ilə tarix yaradan Cavanşir Quliyevin, “Qarabağ” oratoriyası ilə 30 illik işğal dövründə dünya səhnələrində Azərbaycanın tərcümanına çevrilən akademik Firəngiz Əlizadənin, sözü səsə, sənəti mədəniyyətə çevirənlərin diyarıdır Şəki.  Onu sevmək azdır. Kəbə, Mədinə, Məkkə bilib ziyarətində bulunmaq gərəkdir!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ötən ayın sonlarında Bakının Sabunçu rayonun Bilgəh qəsəbəsində çöl quşları kütləvi şəkildə tələf olub.

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

GÜNDƏM

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin