Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2026

Paylaşın

TARİX

Yunan alovu — Orta əsrlərin ən sirli silahlarından biri

WhatsApp Image 2026-03-13 at 10.02.27

Hərb sənətinin tarixində bir çox əfsanəvi texnologiyalar mövcuddur. Lakin onlardan ən sirli və məşhurlarından biri “yunan odu” adlanan silahdır — hətta suyun üzərində belə yanma xüsusiyyətinə malik olan və düşmənlərə böyük qorxu yaşadan Bizans silahı.

Döyüşdə yandırıcı qarışıqlardan istifadə etmək cəhdləri hələ antik dövrdə mövcud idi. Təxminən e.ə. 350-ci ildə yazılmış “Sərkərdəlik sənəti haqqında” traktatında hərbi nəzəriyyəçi Eney Taktik düşmən gəmilərini məhv etmək üçün istifadə edilən bir qarışıqdan bəhs edirdi. Bu qarışıq yandırılmış qatran, kükürd, kətan lifləri, buxur və qatranlı ağac yonqarından hazırlanırdı.

Alov qurğularının quru döyüşlərində tətbiqi haqqında da məlumatlar mövcuddur. Məsələn, e.ə. 424-cü ildə Deliya döyüşü zamanı yunanlar içi boş olan bir kötük vasitəsilə düşmənə doğru alov axını yönəldirdilər. Lakin zaman keçdikcə bu cür qarışıqların hazırlanması ilə bağlı biliklər unuduldu və “sönməz alov”un reseptini yenidən kəşf etmək lazım gəldi.

Bu silahın tarixində yeni mərhələ 673-cü ildə başladı. Onun yaradıcısı hesab olunan mexanik Kallinikos (Kallinik) Heliopolis şəhərinin sakini idi. Bu şəhər ərəb qoşunları tərəfindən ələ keçirildikdən sonra o, Bizans imperiyasına qaçdı və öz ixtirasını imperator IV Konstantinə təqdim etdi. Bizans tarixçisi Feofan Etirafçının yazdığına görə, Konstantinopolun ərəb mühasirəsi (674–678) zamanı yeni yandırıcı qarışıqla doldurulmuş qablar katapultlarla düşmən tərəfə atılırdı. Hava ilə təmasda olan kimi maye dərhal alışır və bu alovu söndürmək demək olar ki, mümkün olmurdu. Bu silahın dağıdıcı gücünü görən ərəb qoşunları təşviş içində geri çəkilirdilər. Məhz bundan sonra bu silah “yunan alovu” adı ilə məşhurlaşdı.

Ehtimal olunur ki, Kallinikos təkcə yandırıcı qarışığı deyil, həm də onun tətbiqi üçün xüsusi qurğunu — sifon və ya sifonoforu da ixtira etmişdi. Bizansın döyüş gəmilərində çox vaxt əjdaha başları ilə bəzədilmiş mis borular quraşdırılırdı. Dəmirçi körükləri ilə yaradılan hava təzyiqi vasitəsilə bu borulardan alov axını atılırdı. Bu cür ilkin alovatan qurğular təxminən 30 metr məsafəyə qədər hədəfi vurmaq gücünə malik idi. Məsafə böyük olmasa da, onların təsiri son dərəcə güclü idi: bir neçə əsr boyunca düşmənlər Bizans gəmilərinə yaxınlaşmaqdan çəkinirdilər.

Yunan alovunun tətbiqi son dərəcə ehtiyat tələb edirdi. Salnamələrdə elə hallar qeyd olunur ki, qarışıq olan qablar təsadüfən sınanda və alışma baş verəndə bundan Bizanslıların özləri də həlak olurdu. Buna baxmayaraq, məhz bu silah sayəsində Bizans imperiyası uzun müddət dənizlərdə üstünlüyünü qoruyub saxlaya bilmişdi.

722-ci ildə bu silahın köməyi ilə ərəb qoşunları üzərində böyük qələbə qazanılmışdı. 941-ci ildə isə yunan alovu İqor Rürikoviçin rəhbərlik etdiyi rus donanmasını geri çəkilməyə məcbur etmişdi; o, Konstantinopola hücum etməyə çalışırdı. Hətta iki əsr sonra da bu silah mühüm rol oynamaqda davam edirdi: o, Dördüncü Səlib yürüşü zamanı Venesiya gəmilərinə qarşı istifadə olunmuşdu.

Yunan alovunun hazırlanma sirri Bizans hökmdarları tərəfindən ciddi şəkildə qorunurdu. İmperator VI Lev Filosof bu qarışığın yalnız xüsusi gizli emalatxanalarda və güclü mühafizə altında hazırlanmasını əmr etmişdi. VII Konstantin Porfirogenet isə öz varisinə verdiyi nəsihətdə yazırdı ki, bu silahın sirri nəyin bahasına olursa-olsun qorunmalıdır. Əgər kimsə resepti öyrənməyə çalışsa, ona belə cavab verilməlidir ki, bu od imperator I Konstantin Böyükə mələk tərəfindən açıqlanmışdır və buna görə də onu yadellilərə ötürmək qadağandır.

Rəvayətə görə, hətta məbəddə belə bu sirri açmağa cəsarət edən şəxs üçün lənət yazısı həkk olunmuşdu. Buna baxmayaraq, digər xalqlar yunan alovunun tərkibini öyrənməyə daim cəhd göstərirdilər. 1193-cü ildə ərəb müəllifi Saladan yazırdı ki, qarışıq neft (“kerosin”), kükürd, qatran və qırdan ibarətdir. XIII əsr alkimyaçısı Vincetius isə daha mürəkkəb bir resept təklif etmişdi. O, əridilmiş kükürd və qıranı qarışdırmağı, üzərinə bitki şirəsi olan opopanaks və hətta göyərçin peyini əlavə etməyi məsləhət görürdü. Alınan kütləni skipidar və ya kükürd turşusunda həll etmək, təxminən iki həftə sobada qızdırmaq, sonra isə spirt kimi distillə etmək lazım idi.

Lakin bu sirrin əsl sızması siyasi hadisələr nəticəsində baş verdi. 1210-cu ildə Bizans imperatoru III Aleksey Angel taxtdan salındı və Rum sultanlığının hökmdarının tərəfinə keçdi. Sultan onu ordunun baş komandanı təyin etdi. Artıq bir neçə il sonra salnaməçi Oliver L’Skolastik yazırdı ki, ərəblər Damyettanın mühasirəsi zamanı səlibçilərə qarşı buna bənzər alovlu silahdan istifadə etmişdilər. Həmin vaxtdan etibarən yunan alovu yalnız Bizansa məxsus ixtira hesab olunmadı.

Fransız tarixçisi Jan de Jüanvil, Yeddinci Səlib yürüşünün iştirakçısı olaraq yazırdı ki, sarasinlər (bədəvi mənşəli köçəri tayfalar) səlibçilərin istehkamlarını alovlu mərmilərlə atəşə tuturdular. Onun sözlərinə görə, uçan mərmi uzun “quyruğu” olan böyük bir qabı xatırladırdı və uçuşu gurultulu səslə müşayiət olunurdu. Səmada o, alovlu əjdaha kimi görünür və düşərgəni doğan günəş kimi parlaq işıqla işıqlandırırdı.

Belə yandırıcı qarışıqlardan yalnız Yaxın Şərqdə istifadə olunmurdu. Rus salnamələrində də qeyd olunur ki, Vladimir və Novqorod döyüşçüləri qalaların mühasirəsi zamanı müəyyən bir alovlu maddədən istifadə edirdilər. Onun təsiri güclü alov və qalın tüstü ilə müşayiət olunurdu. Oxşar qarışıqlardan həmçinin qıpçaqlar (polovetslər), türklər və Əmir Teymurun qoşunları istifadə edirdilər. Lakin zaman keçdikcə yunan alovu öz unikal silah statusunu itirdi və hərbi strategiyada həlledici rol oynamadı.

XIV əsrə doğru salnamələrdə yunan alovu haqqında məlumatlar getdikcə azalır. Onun son dəfə tətbiqi isə 1453-cü ildə — Konstantinopolun süqutu zamanı qeyd olunur. Tarixçi Françeskonun sözlərinə görə, alovlu qarışıqlardan həm şəhərin müdafiəçiləri, həm də onu mühasirəyə alan osmanlı qoşunları istifadə edirdilər. Lakin həmin dövrdə döyüş meydanında artıq daha səmərəli vasitə — barıt və artilleriya meydana çıxmışdı. Toplar daha təsirli və təhlükəsiz olduğuna görə, alovlu qarışıqlar tədricən hərbi arsenaldan çıxarıldı.

Buna baxmayaraq, sirli silaha maraq heç vaxt tam sönmədi. Alimlər Bizans mənbələrini araşdırmağa davam etdilər. Onların arasında Bizans şahzadəsi Anna Komninanın qeydi də tapılmışdı. O yazırdı ki, yunan alovu cəmi üç maddədən — kükürd, qatran və ağac şirəsindən ibarətdir. Lakin ehtimal olunur ki, o, dəqiq resepti bilmirdi və buna görə də bu məlumat tədqiqatçılara çox kömək etmədi.

1759-cu ildə fransız kimyaçısı və artilleriya komissarı Andre Düpre qədim silahın sirrini bərpa etdiyini iddia etdi. Havr şəhərində nümayiş sınaqları keçirildi: katapult yandırıcı maye ilə dolu qabı lövbərdə dayanan qayığa atdı və qayıq dərhal alovlandı. Fransa kralı XV Lüdovik nəticədən heyrətlənərək Düprenın bütün sənədlərinin satın alınmasını və məhv edilməsini əmr etdi. O, bununla təhlükəli texnologiyanın yayılmasının qarşısını almağa çalışırdı. Lakin az sonra alim müəmmalı şəraitdə həlak oldu və resept yenidən itdi.

XX əsrdə də yunan alovunun tərkibi ilə bağlı mübahisələr davam etdi. Alman kimyaçısı Ştetbaxer 1937-ci ildə nəşr olunan “Barıt və partlayıcı maddələr” kitabında qarışığın kükürd, duz, qatran, asfalt və sönməmiş əhəngdən ibarət ola biləcəyini irəli sürdü. İngilis tədqiqatçısı Ceyms P. Partinqton isə 1960-cı ildə yazdığı “Yunan alovu və barıtın tarixi” əsərində qarışığın neftin yüngül fraksiyaları, qatran və kükürddən ibarət olduğunu güman edirdi. Tarixçilər arasında mübahisə doğuran məsələlərdən biri də onun tərkibində şoranın olub-olmaması idi. Bəzi tədqiqatçılar qeyd edirlər ki, ərəb salnamələrində yunan alovu sirkə ilə söndürülməsi tövsiyə olunurdu ki, bu da tərkibdə şora və ya əhəngin olmasına işarə edə bilər.

Bu gün ən inandırıcı hesab olunan versiyaya görə, yunan alovu neftin yüngül fraksiyaları, müxtəlif qatranlar, bitki yağları və ehtimal ki, şora və ya sönməmiş əhəngdən ibarət qarışıq idi. Əslində belə bir tərkib müasir napalmanın (qatılaşdırılmış benzin əsaslı yanacaq) ilkin prototipini xatırladır.

Beləliklə, yunan alovu Orta əsrlərin ən təsirli hərbi ixtiralarından biri hesab olunur. Onu müasir alovatan qurğuların və yandırıcı qarışıqların — Molotov kokteylindən tutmuş müasir hərbi texnologiyalarda istifadə olunan silahlara qədər — sələfi saymaq olar. Əfsanəvi mexanik Kallinikos isə çox güman ki, dünya tarixində alovatan silahların ilk yaradıcılarından biri kimi qiymətləndirilə bilər.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Xəzər rayonunda yerləşən Buzovna Abşeron yarımadasının ən qədim yaşayış məntəqələrindən biridir.

Ən son

Mədəniyyət

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə

Mədəniyyət

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin