“Netflix”in böyük maraqla izlənilən “F1 Drive to Survive” serialı Formula 1 dünyasının həm trek üzərindəki dramatik mübarizəsini, həm də komandaların daxili çəkişmələrini tamaşaçıya təqdim etməklə artıq idman sənədli janrında xüsusi yer tutub. Səkkizinci mövsümün yayımlanmasına hazırlaşdığı ərəfədə əvvəlki mövsümlərdə baş verən ən sarsıdıcı və yadda qalan hadisələr yenidən müzakirə mövzusuna çevrilib.
Baki-baku.az xəbər verir ki, bu dramatik məqamlar arasında isə Bakıda yaşanan qəza xüsusi yer tutur.
Azərbaycanın paytaxtı artıq uzun illərdir ki, Formula 1 təqviminin ən maraqlı mərhələlərindən birinə ev sahibliyi edir. 2017-ci ildən etibarən Azərbaycan Qran-Prisi adı ilə təşkil olunan yarış Bakı şəhər trasının özünəməxsus xüsusiyyətləri ilə seçilir və illərdir şəhəri qlobal idman mərkəzinə çevirir. Xəzər sahilində, tarixi küçələrin arasından keçən şəhər trası həm sürücülər, həm də azarkeşlər üçün ən çətin və eyni zamanda ən həyəcanlı mərhələlərdən biri hesab olunur. Dar küçələr, yüksək sürət zonaları və tarixi İçərişəhərin divarları boyunca uzanan mürəkkəb döngələr bu mərhələni sürücülər üçün həm texniki, həm də psixoloji baxımdan çətin sınağa çevirir. Məhz bu risk və sürət harmoniyası Bakıda tez-tez gözlənilməz hadisələrin baş verməsinə səbəb olur.

Serialın ilk mövsümündə geniş yer alan 2018-ci il Bakı yarışı da belə dramatik anlardan biri idi. Həmin yarışda komanda yoldaşları Max Verstappen və Daniel Ricciardo arasında baş verən toqquşma təkcə trek üzərində qəza deyildi. Bu hadisə komanda daxilindəki gərginliyin pik nöqtəsi kimi yadda qaldı və sonradan sürücülərin karyera qərarlarına belə təsir göstərdi. “F1 Drive to Survive” həmin anları dramatik montaj və pərdəarxası açıqlamalarla təqdim edərək Bakıda yaşanan bu toqquşmanı serialın ən yaddaqalan səhnələrindən birinə çevirdi.
Bakı mərhələsinin serialda yer alması təsadüfi deyil. Çünki paytaxtın şəhər trası artıq Formula 1 tarixində gözlənilməz nəticələr, təhlükəsizlik avtomobili mərhələləri və sürpriz qəzalarla seçilən bir məkana çevrilib. Bu da, Bakı yarışını həm azarkeşlər, həm də prodüserlər üçün dramatik baxımdan zəngin materiala çevirir.
Beləliklə “Netflix”in bu layihəsi vasitəsilə Bakı təkcə yarış təqvimində deyil, həm də qlobal ekranlarda görünür. “F1 Drive to Survive” bir daha göstərir ki, Azərbaycan Qran-Prisi sadəcə bir idman yarışı deyil. O, emosiyalar, risk və taleyüklü anlarla zəngin olan beynəlxalq bir səhnədir.
Elvin Camalov