Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/04/2026

Paylaşın

TARİXİMİZ

Bakının yeraltındakı şah əsər – Ulu Öndərin dəstəyi ilə yaradılan milli sərvət

Metropoliten

Azərbaycanın paytaxtında nəqliyyat sisteminin əsas dayaqlarından sayılan metropolitenin formalaşması və genişlənməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun Bakı metrosu haqqında söylədiyi fikirlər bu nəqliyyat növünün ölkə üçün hansı mənanı daşıdığını aydın şəkildə ifadə edir: “Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir. Keçmiş zamanlarda heç kəs təsəvvür edə bilməzdi ki, ümumiyyətlə, yeraltı dəmir yolu olacaqdır, Bakıda belə bir dəmir yolunu yaratmaq mümkün olacaq və Azərbaycan xalqı belə bir böyük sərvətin sahibi olacaq”. Bu sözlər təkcə bir infrastruktur layihəsinə deyil, bütövlükdə milli sərvətə verilən dəyərin ifadəsidir.

Baki-baku.az Ulu Öndərin metronun inkişafındakı tarixi xidmətlərinə nəzər salır.

1969-cu ildə respublikaya rəhbər seçilən Heydər Əliyevin fəaliyyətinin ilk illərindən etibarən metro tikintisinə xüsusi diqqət yetirildi. 1970-ci ildə “Ulduz” stansiyasının açılması ilə Bakı metrosunun inkişafında yeni mərhələ başlandı. Lakin Ulu Öndərin bu sahəyə marağı və nəzarəti daha erkən dövrlərə, ötən əsrin 50-ci illərinə gedib çıxır. Hələ tikintisi 1932-ci ilin baş planında nəzərdə tutulan, müharibə səbəbindən ləngiyən və 1948-ci ildə inşasına start verilən metro 1953-cü ildə maliyyə bəhanəsi ilə dayandırılmışdı. Həmin illərdə dövlət təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev Bakının strateji şəhər kimi əhəmiyyətini nəzərə alaraq tikintinin davam etdirilməsi üçün zəruri sənədlərin hazırlanmasında mühüm rol oynadı. 1960-cı ildə işlərin yenidən bərpasında məhz bu sənədlər əsas baza oldu.

1967-ci il noyabrın 6-da uzunluğu 9,2 kilometr olan xətt və beş stansiya ilə fəaliyyətə başlayan Bakı metropoliteni qısa müddətdə şəhərin ayrılmaz hissəsinə çevrildi. O dövrün inşaatçıları Heydər Əliyevin tikinti meydançalarına tez-tez baş çəkdiyini, proseslə yaxından maraqlandığını və metronun gələcəkdə Bakının əsas nəqliyyat vasitəsinə çevriləcəyini xüsusi vurğuladığını xatırlayırlar.

Onun Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu illərdə metro tikintisi daha geniş vüsət aldı. 1967-ci ildən sonra inşa edilən bütün stansiyaların layihələrinə baxılması, memarlıq həllərinə dair tövsiyələrin verilməsi nəticəsində metro stansiyaları yalnız nəqliyyat məntəqəsi deyil, həm də estetik və memarlıq baxımından diqqətçəkən obyektlərə çevrildi. Paytaxtın böyüyən yaşayış massivlərinin nəqliyyatla təmin olunması üçün strateji qərarlar qəbul edildi.

Birinci növbənin ikinci buraxılış sahəsində — “28 May–Nizami” istiqamətində yaranan çətinliklər zamanı əsas qüvvələrin “Nərimanov” istiqamətinə yönəldilməsi qərarı “Ulduz” stansiyasının qısa müddətdə istifadəyə verilməsi ilə nəticələndi. 1970-ci il aprelin 17-də açılış mərasimində Heydər Əliyev metro tikintisinə bundan sonra da böyük diqqət ayrılacağını bəyan etdi.

1972-ci il noyabrın 6-da “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyalarının istifadəyə verilməsi Bakının sənaye və yaşayış zonalarının mərkəzlə inteqrasiyasını sürətləndirdi. Bu addımlar şəhərin sosial-iqtisadi inkişafına mühüm təkan verdi.

“Nizami” stansiyası istiqamətində aparılan işlər zamanı geoloji çətinliklər ciddi maneələr yaratsa da, layihə qısa müddətdə başa çatdırıldı. 2002-ci ildə metropolitenin 35 illik yubileyində Heydər Əliyev həmin dövrü xatırlayaraq tunellərin su ilə dolması, yeraltı quyularla qarşılaşma kimi mürəkkəb problemlərə baxmayaraq inşaatçıların geri çəkilmədiyini qeyd etmişdi.

1982–1987-ci illərdə SSRİ rəhbərliyində yüksək vəzifədə çalışdığı dövrdə də o, Bakı metrosunun tikintisinə dəstəyini davam etdirdi. Avadanlıq və material çatışmazlığı şəraitində mərkəzi hökumətdəki nüfuzu sayəsində tikinti prosesinin fasiləsiz davam etməsinə nail olundu.

1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə metro sahəsində də dirçəliş mərhələsi başlandı. Vaqon çatışmazlığının aradan qaldırılması üçün “Metrovaqonmaş” zavodu ilə əlaqələrin qurulması məhz onun təşəbbüsü və təsiri ilə mümkün oldu. Texniki təchizatın yaxşılaşdırılması metropolitenin xidmət keyfiyyətini yüksəltdi.

Heydər Əliyevin rəhbərliyə başladığı dövrdə metro 6 stansiya və 8,8 kilometrlik xətdən ibarət idi.

Onun “Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir” fikri bu gün də aktualdır. Metroya göstərilən diqqət sonrakı dövrdə də davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildən etibarən yarımçıq qalmış tunellər tamamlandı, 2008–2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları və “28 May”ın ikinci çıxışı istifadəyə verildi, “İçərişəhər” və “Koroğlu” yenidən quruldu.

2011-ci ildə Bakı metropoliteninin konseptual inkişaf sxemi təsdiqləndi və dövlət proqramı qəbul olundu. Plana əsasən, xətlərin uzunluğunun 119,1 kilometrə, stansiyaların sayının isə 76-ya çatdırılması nəzərdə tutulub. Hazırda metropolitenin ümumi uzunluğu 40.7 km olan 3 xətdən, 27 stansiyadan ibarətdir. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir.

Bu gün dünyada 200-dən çox metropoliten fəaliyyət göstərir və Bakı metrosu da onların sırasında layiqli yer tutur. Onun yaranması və inkişafı tarixə hörmətin, gələcəyə isə inamın ifadəsidir. İllər keçsə də, Heydər Əliyevin adı ilə bağlı olan və paytaxtın simvollarından birinə çevrilən Bakı metropoliteni ölkənin ən dəyərli irs nümunələrindən biri kimi öz mövqeyini qoruyub saxlayacaq.

Elvin Camalov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin