Hər gün milyonlarla insan görüşlər, danışıqlar, tanışlıq zamanı və ya razılaşmalar əldə edildikdən sonra qeyri-ixtiyari olaraq sağ əllərini uzadaraq görüşürlər. Bizə elə gəlir ki, əl sıxmaq sadəcə nəzakət qaydasıdır. Halbuki əslində ənənə halını almış bu hərəkət, bəşər tarixindəki ən qədim jestlərdən biridir. Min illər əvvəl əl sıxmaq sadəcə bir jest deyildi, həyatda sağ qalma məsələsi idi. Qarşı tərəfin sağ əlinin uzatması ən vacib mesaj idi: əlimdə silah yoxdur. Əksər hallarda qılınc, xəncər və ya nizə məhz sağ əldə tutulurdu. Əlin içini açıq formada göstərmək sülh niyyətini nümayiş etdirmək idi.
Bəzən paltarın qollarında gizlədilmiş silahın olmadığından əmin olmaq üçün əllər bir qədər sıxılır və yüngülcə silkələnirdi. Bu sadə hərəkət potensial düşmənlər arasında etimad aktına çevrilirdi. Zaman keçdikcə əl sıxma ənənəsi döyüş meydanlarının hüdudlarından kənara çıxdı. Qədim Yunanıstanda və Romada bu jest bərabərlik rəmzinə çevrildi. Əl yuxarıdan aşağı deyil, eyni səviyyədə uzadılırdı. Bu isə o demək idi ki, hər iki tərəf bərabərdir.
Sonralar bu jestin istifadəsi diplomatiyada daha geniş vüsət aldı. İmzalar və möhürlər ortaya çıxmazdan xeyli əvvəlki zamanlarda müqavilələr, ticarət razılaşmaları, çox vaxt məhz əl sıxmaqla təsdiqlənirdi.
Müasir dövrdə dünya dəyişib, silahlar artıq çoxdandır ki, beldə daşınmır, lakin əl sıxma ənənəsi hələ də qalıb. Bu jest qarşı tərəfdən təhlükə gəlmədiyini ifadə etməkdən daha çox məna kəsb edir.