Yaz mövsümü ilə əlaqədar şəhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib.
Baki-baku.az xəbər verir ki, səhər saatlarında keçirilən iməclik həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələri, ara yolları əhatə edib. Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələri təmizlənib.
Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri də təmizlənərək ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən də gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpaq yuyulub, onlara aqrotexniki qulluq göstərilib, zədələnən budaqlar budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yaz mövsümündə Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldilməsinə öz tövhəsini verib.
























