Bəzən bir insanın səssiz şəkildə atdığı addım bütöv bir şəhərə güzgü tutur. Küçədə qalan bir plastik qab, ağacdan asılan torba, səkiyə atılan siqaret kötüyü – hamısı adi görünür, amma arxasında böyük məsuliyyətsizlik dayanır. Bu məsuliyyətsizliyə qarşı mübarizə aparanlardan biri də könüllü şəkildə təmizlik işlərinə qoşulan Aynur Vəliyevadır. O, gördüklərini gizlətmir, susmur və cəmiyyətə birbaşa sual verir: “Bu şəhər doğrudanmı bizimdir?”
Baki-baku.az olaraq Aynur Vəliyeva ilə ətraf mühitin çirkləndirilməsi, insanların davranışı və çıxış yolları barədə söhbət etdik.
– Aynur xanım, sizi bu təşəbbüsə başlamağa nə vadar etdi?
– Əsas səbəb insanların haqsız davranışlarıdır. Təmizlənən ərazilərin yenidən çirkləndirilməsi, insanın özünə rəva bilmədiyini başqasına görməsi məni çox narahat edirdi. Bunu sakit qarşılayıb susa bilmədim. Əvvəlcə bəzi ərazilərdə köhnə vəziyyətdə qalan zibil qabılarının dəyişdirilməsi ilə bağlı çəkilişlər etdim. O vaxt bəziləri düşünürdü ki, bu işi Mənzil Kommunal İstismar Sahələri mənə gördürür. Amma məsələ tam başqa idi. İlk vaxtlar çox gözəl reaksiyalar oldu, insanlar dəstək verdilər. Təəssüf ki, bu dəstək əsasən söz səviyyəsində qaldı. Zaman keçdi və insanlar yenə də ətrafı çirkləndirməyə davam etdilər. Düşünürəm ki, təşəbbüsüm mövcud vəziyyəti təxminən 20 faiz yaxşılaşdırıb, amma bu yetərli deyil.

– Ağaclardan asılan zibillər, səkilərdə yaranan xoşagəlməz mənzərələr… Bu davranışlara yol verən insanlara nə demək istərdiniz?
– Mən hər zaman deyirəm ki, dinimizdə də təmizlik imanın bir hissəsi sayılır. Keçirdiyimiz təmizlik aksiyalarında bunu tez-tez xatırladıram. Amma məni ən çox məyus edən odur ki, təmizlədiyimiz ərazilər cəmi bir həftə sonra yenidən çirkləndirilir. Mən istərdim ki, insanlar yalnız yaşadıqları binanı yox, olduqları hər bir məkanı öz evi kimi qorusunlar. Əgər dini tərəfdən yanaşmırlarsa, heç olmasa küçələri təmizləyən insanları düşünsünlər. Onların zəhmətini yerə vurmasınlar. Bəziləri belə düşünür ki, süpürgəçilər buna görə maaş alır və gündə bir neçə dəfə eyni yeri təmizləmək onların borcudur. Bu, çox yanlış yanaşmadır. Heç bir peşəyə yuxarıdan aşağı baxmaq olmaz. Bir anlıq düşünək ki, ölkədə bir nəfər də olsun təmizlikçi yoxdur. O zaman şəhər necə olar? Hər yer çirkab içində qalar, xəstəliklər yayılardı və yaşamaq mümkün olmazdı. Ona görə də hər kəs öz vətəndaş məsuliyyətini dərk etməlidir.

– Sizcə bu cür davranışların qarşısını almaq üçün ictimai qınaq daha effektlidir, yoxsa maarifləndirmə?
– Məncə, hər ikisi lazımdır. Həm ictimai qınaq olmalıdır, həm də maarifləndirmə. Amma bu proses düzgün və ağıllı aparılmalıdır. Mən təkəm və etiraf edim ki, bu yolda aidiyyəti qurumlardan başqa demək olar dəstəyim yoxdur. Düşünürəm ki, insanlarla fərdi şəkildə işləmək lazımdır. Maarifləndirici bukletlər hazırlanmalı, ətraf mühitin qorunması ilə bağlı təşviqedici, hörmətə əsaslanan mesajlar verilməlidir. Bunun psixoloji təsiri böyükdür. Digər tərəfdən isə cərimələrin artırılması da vacibdir. Bəziləri bunu sərt yanaşma sayır, amma məncə ən effektiv yollardan biridir. Natəmizlik siçovulların artmasına, ətraf mühitin çirklənməsinə, xüsusilə yay aylarında kəskin qoxuların yaranmasına səbəb olur. Uşaqlarımız çöldə oynayır, biz bu havanı uduruq. Bunları ciddi düşünməliyik.

– Atacağınız bu addıma cəmiyyətin reaksiyası necə oldu? Dəstək verənlər varmı?
– Reaksiya gözlədiyimdən də yüksək oldu. İnsanlar təşəbbüsümü çox müsbət qarşıladılar, hətta bəzən sərt reaksiyalarıma baxmayaraq minnətdarlıq etdilər. Amma yenə də bu yetərli deyil. Bu, tək bir çəkilişlə, tək bir insanla olacaq iş deyil. Bu təşəbbüs Bakının bütün rayonlarını əhatə etməlidir. Müxtəlif rayonlardan dəvətlər alıram, birgə fəaliyyət təklif edənlər var. Amma tək olduğum üçün hamısına çata bilmirəm. Cəmiyyətdə nüfuzu olan, dünyagörüşü geniş insanların bu təşəbbüsə qoşulması çox önəmlidir. Hətta düşünürdüm ki, bir avtomobilimiz olsa, küçələri gəzib insanlara ətraf mühiti qorumaq, eyvanlardan zibil atmamaq, bloklara tullantı qoymamaq barədə çağırışlar edə bilərik. Binaların girişlərinə də məlumatlandırıcı elanlar vurulmalıdır. Axı bu əraziləri təmizləyənlər bizim kimi insanlardır, doğmalarımızdır, yad deyillər.

– Bəzən xadimələrin işi ilə bağlı yanlış təsəvvürlər yaranır…
– Bəli, çox yanlış təsəvvür var. Xadimələrin işi insanların pəncərədən atdığı zibilləri yığmaq deyil. Onlar yerə tökülən yarpaqları, küləyin gətirdiyi tozu, təbiətdən yaranan tullantıları təmizləməlidirlər. Zibil qutusu ola-ola zibilləri pəncərədən atmaq və bunu onların işi saymaq qətiyyən doğru deyil. Üstəlik, aldıqları maaşı buna bəhanə etmək də yanlışdır. Onların maaşları olduqca aşağıdır. Hətta işləri yalnız təbiətin tullantılarını təmizləmək olsa belə aşağıdır. Ancaq onlar nəinki öz işlərini görürlər, insanların məsuliyyətsizliyinin də yaratdığı fəsadları aradan qaldırmağa çalışırlar.

– Sizcə küçələrin təmiz saxlanması üçün lazımi şərait yaradılıbmı?
– Şərait var. Problem şəraitdə yox, insanlardadır. Məsuliyyət hissi xeyli azalıb. Maraqlıdır ki, əvvəllər kamera olmayan dövrlərdə insanlar şəhəri daha təmiz saxlayırdılar. Məncə, maarifləndirməyə təhsildən başlamaq lazımdır. Məktəblərdə, hətta gülünc səslənsə də, universitetlərdə bu mövzu gündəmə gətirilməlidir. Universitetdə oxuyan bir gəncin bu cür maarifləndirməyə ehtiyac duyması acınacaqlıdır, amma reallıq budur.
