Bu gün dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 101 ili tamam olur. Onun adı dünya futbolu tarixinə əbədi həkk olunub.
Baki-baku.az xatırladır ki, Tofiq Bəhramov 29 yanvar 1925-ci ildə Bakıda anadan olub. Onun futboldakı yolu 1940-cı ildə, 15 yaşında “Spartak” klubunun gənclər komandasında çıxış etməklə başlayıb. Daha sonra “Neftyanik” klubuna (indiki “Neftçi”) keçib. Lakin ayağından aldığı ağır zədə onun futbolçu karyerasına son qoyub. Ümidini itirməyən Bəhramov futbolda yolunu hakim kimi davam etdirmək qərarına gəlib.
26 yaşında SSRİ çempionatının oyunlarını idarə etməyə başlayan Bəhramov, 14 il sonra beynəlxalq dərəcəli hakim adını alıb. Dünya futbolu tarixində azərbaycanlı Tofiq Bəhramov qədər tanınan az sayda hakim tapmaq olar. Onun ulduz saatı 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında yaşanıb.
Bəhramov İngiltərə və AFR milli komandaları arasında “Uembli” stadionunda keçirilən final matçına yan hakim təyin olunub. Son dərəcə gərgin keçən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda ingilis futbolçusu Ceffri Hörstin zərbəsindən sonra top tirə dəyib qapı xəttinə düşərək meydançaya qayıdıb. Həmin an ingilis futbolçuları sevinclə əllərini qaldırıblar. Baş hakim Dinst oyunu saxlayaraq Bəhramovun yanına qaçıb və onun rəyini soruşub. Bəhramov başı ilə təsdiqləyib — qol qeydə alınıb.
Alman futbolçular etiraz etsələr də, Bəhramov qərarından dönməyib. Oyun davam edib və final fitinə az qalmış Hörst üçüncü qolunu vurub. Matç 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatıb və ingilislər dünya çempionu olublar.
Tofiq Bəhramovun bu qərarı ona futbol tarixində “Qızıl fit” mükafatını alan yeganə yan hakim olmaq şərəfini qazandırıb. Bu mükafat əvvəllər yalnız baş hakimlərə verilirdi. 1966-cı il dünya çempionatının finalından sonra isə final oyununu idarə edən bütün hakimlər, o cümlədən yan hakimlər bu mükafata layiq görülüblər. Bundan əlavə, Böyük Britaniya kraliçası II Yelizaveta Bəhramova Dünya Kubokunun surətini təqdim edib.
1966-cı il finalında topun qapı xəttini keçib-keçməməsi ilə bağlı mübahisələr bu günə qədər davam edir. Ceffri Hörst öz xatirələrində belə qolu olub-olmadığını dəqiq deyə bilmədiyini etiraf edib. Hörmət əlaməti olaraq, Bəhramovun oğluna üzərində azərbaycanca “Böyük təşəkkür” yazısı olan futbolka hədiyyə edib.
1966-cı il dünya çempionatında Tofiq Bəhramov bir oyunda baş hakim, üç oyunda isə yan hakim kimi çalışıb. O, həmçinin 1970-ci ildə Meksikada keçirilən dünya çempionatında, 1968 və 1972-ci illərdə Avropa çempionatlarında da hakimlik edib.
Bəhramov 1972-ci ildə “Vulverhempton” və “Tottenhem” arasında UEFA Kubokunun finalını idarə edərək avrokuboklar finalına təyin olunan ilk azərbaycanlı və sovet hakimi olub. Həmin il o, “Ayaks” və “İndependyente” arasında Qitələrarası Kubok matçını da idarə edib, həmçinin “Estudiantes” — “Mançester Yunayted” oyununda yan hakim olub.
1975-ci ildə hakimlik karyerasını başa vurduqdan sonra Tofiq Bəhramov Azərbaycan futbolunun inkişafına böyük töhfə verməyə davam edib, gənc hakimlərin hazırlanması ilə məşğul olub. O, AFFA Hakimlər Komitəsinin ilk sədri, daha sonra isə təşkilatın baş katibi olub. 1992-ci ildə Bakıya səfəri zamanı Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer şəxsən ona qüsursuz hakimliyinə görə təşəkkür edib.
Tofiq Bəhramov 26 mart 1993-cü ildə, 68 yaşında vəfat edib. Əfsanəvi hakimin xatirəsi bu gün də ehtiramla yad olunur. Bakının əsas stadionu onun adını daşıyır, stadionun ərazisində abidəsi ucaldılıb. Onun həyatına həsr olunmuş sənədli film çəkilib. 1966-cı il dünya çempionatının finalındakı tarixi qərarı futbol tarixinin ən çox müzakirə olunan məqamlarından biri olaraq qalır və Tofiq Bəhramovun adı dünya idmanının qızıl salnaməsində əbədi yaşayır.
Hacı Cavadov