Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/27/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Atillanın varisləri – Qarapapaqlar

Qarapapaq, Atilla

I yazı

Borçalı və Qazaxlı boyları qarapapaqların ulu əcdadlarıdır

Dövlətlər, millətlər də insan kimidir. Doğulur, yaşayır, ömür sürür, çökür,tarixə köçür, amma adı, yaddaşlarda yeri qalır. Metenin, Atillanın, Alparslanın, Osman Qazinin, Qara Yusifin, Həsən bəyin, Əmir Teymurun, Şah İsmayıl Səfəvinin, Nadir şah Əfşarın, Fətəli şah Qacarın milli dövlətçilik tariximizdə ucalığı hansı məqamdadırsa, onların qurduğu imperiyaların, dövlətlərin də siyasi taleyimizdə yeri və rolu o dərəcədədir. Dünyanın düzənini, mizanını dəyişən o, liderlərin, lider dövlətlərin sırasında Böyük Hun İmperiyasının və Atillanın haqqı danılmazdır, inkar edilməzdir.

Hun İmperatorluğu ikiyə bölündükdən, Avropa Hun dövlətinin Çin hüdudlarında müdafiəsi zəiflədikdən sonra hunların bir qismi Əfqanıstana, oradan Güney Asiyaya, Türküstana, bir qismi isə Xəzər dənizinin quzeyindən Şərqi Avropaya gəldilər. İgidliyi, sərkərdəlik məharəti, döyüşkənliyi ilə ad çıxaran və onlara məxsus dövlətçilik ənənələrini qoruyan hunlar Hun imperiyasının imperatoru Atillanın dönəmində tərəqqi dövrünü yaşamışdı.

Bizans və xaçlı yürüşləri zamanı zəifləyən, daxili çəkişmələr nəticəsində parçalanan bu imperiya Avropa dövlətləri arasında nüfuzlu türk dövləti kimi önə çıxmışdı. Avropa Hun imperatorluğunun çökməsindən, dağılmasından sonra türk boyları, xüsusən də Ural dağlarından, bulqarlar və onlara bağlı türklərin yaşadığı Bolqarıstan və Macarıstana qədər uzanan geniş ərazilərdə yüz illər boyu dövlətlər quran türklər köç etməyə məcbur olur.

Bu zaman kəsiyində iki türk boyu Qüzey Qafqaz dağlarını aşaraq tarixi türk-oğuz, qıpçaq torpaqlarında, hun türklərinin diyarında, Borçalıda, Odlar yurdu Azərbaycanın ayrı-ayrı yörlərində, Anadoluda, Dərbənddə, İrəvanda, Zəngəzurda və Təbriz, Sulduz, Urmiya kimi qədim şəhərlərdə, Anadoluda isə Qarsda, Sivasda, Ərdahanda, Ağrıda, Amasyada məskunlaşdılar. Onlar tarixi mənbələrdə Borçalı–Qazaxlı boyları olaraq qeyd olunmaqdadırlar.

Öncədən qeyd edək ki, Borçalı və Qazaxlı boyları bu gün qarapapaqlar və tərəkəmələr adı ilə tanınan türklərin ulu əcdadlarıdır. Qarapapaqların əcdadları olan Borçalı və Qazaxlı boyları Avropa Hun imperiyasının sərhədlərini qoruyan boylar olmaqla yanaşı, onu daha çox hərbi heyət və sərkərdələrlə təmin edən boylar olaraq tanınmışlar. Bu türk boylarının “qarapapaq” adlandırılması isə onların qoyun və quzu dərisindən hazırlanan, börk və papaq adlanan baş geyimi ilə bağlı olmuşdur. Qaragül quzusunun qıvırcıq və parlaq dərisindən tikilən papaqlar hunların həm də köçəri ruhu, heyvandarlıq təsərrüfatı ilə bilavasitə bağlı idi. Bu səbəbdən də qarapapaq türkləri həm qarapapaq, həm də tərəkəmə adı ilə çağırılmışlar. Türkmən ifadəsinin Tərəkəmə kimi deyilişi ilə bağlı elmi qənaətlər qarapapaqların şəcərə dəftərlərində, hunların genetik kodlarında yer alan tarixi faktlara əsaslanır.

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, üstündən illər, əsrlər keçdikdən sonra qarapapaqların, həm də tərəkəmə adını alması prosesi miladi təqviminin III əsrindən başlamışdır.

Qarapapaqlar və qaraqalpaqların paleontologiyasında genetik komponentlər üst-üstə düşür

Güney Qafqazın qədim-qayım soylarından biri olan qarapapaq türkləri bu torpaqların tərəqqisində mühüm rol oynamışlar. Böyük Hun imperiyasının bir parçası, hun türklərinin varisi olan bu toplum bu gün də varlığını sürdürən zəngin mədəniyyəti, qüdrətli tarixi və tarixi şəxsiyyətləri ilə mənəvi dəyərlər sisteminə, ümumbəşəri dəyərlər xəzinəsinə töhfələr verməkdədir. Qarapapaqlar, qaraqalpaqlar, tərəkəmələr deyə tanıdığımız türklər əski gələnəklərini qorumaqdadırlar.

Qaraqalpaqların, qarapapaqların, tərəkəmələrin etnik tərkibi, milli kimliyi ilə bağlı sanballı araşdırmaların müəllifi olan tədqiqatçı alim professor Nizami Tağısoylunun araşdırmaları da sübut edir ki, qarapapaqlar və qaraqalpaqların paleontologiyasında bir-birini tamamlayan genetik komponentlərin əksəriyyəti üst-üstə düşür. Türkoloq alimlər Qumilyovun və Kalmışevanın etnoqrafik tədqiqatları da deyilənləri təsdiq edir.

Orta Asiyada özbəklərin, çağatayların ayrılmaz tərkib hissəsi kimi yaşayan türk soylu xalqların, bulqarların, xəzərlərin, akasilərin, sabirlərin, subarların VI yüzilin əvvəlində Şimali Qafqaza, oradan Ön Qafqaza köç etdiklərini qeyd edən bu məşhur alimlər onu da bildirirlər ki, subarlar və sabirlər sonradan slavyanlaşaraq Sibir toponimini yaratmışlar.

Professor Mixail Atamanov Lev Qumilyova istinad edərək subarların və sabirlərin də bağlı olduğu hun etnoniminin sonradan bun, bun türklər, borçula, borçala, borçalu kimi etnonim və toponimlərin formalaşmasında mühüm rolu olduğunu qeyd etmişdir. Digər bir nüfuzlu tarixçi Əmir Eyvaz da qarapapaqların soy ağacında mühüm rol oynayan sabirlər, sabilər və subarların Qafqaz xalqlarının, Xəzər dənizi ətrafının, Volqa və Sibir ərazilərində yaşayan türklərin formalaşmasında yaxından iştirak etdikləri qənaətini irəli sürərək özündən əvvəlki alimlərin fikirlərini dəstəkləmişdir. Əmir Eyvaz 1835-ci ildə işıq üzü görən xəritəyə əsaslanaraq qeyd edir ki, Subarlar, sabilər Araz çayının hər iki sahilində yaşamış, regionun müasir əhalisinin əcdadlarına deyilirdi. Eramızın əvvəllərində Klavdi Ptolemeyin subarların Qafqazda yaşamaları ilə bağlı məlumatlar verdiyi və onların çuvaşların əcdadları olduğunu söylədiyi də qeyd olunur.

Araşdırmalar qarapapaqların qarabörüklü adı ilə çağırılmasının məntiqi əsasının olduğunu sübut edir

Hər bir xalqın genetik kodu onun yaddaş saxlayıcıları olan oronim, oykonim və toponimlərlə yanaşı etnonimlərlə bağlıdır. Tarixçi alimlər və türkoloqlar da məhz bu fakta istinad edərək qarapapaqların etnogenezini “qarapapaq” etnonimi ilə bağlamış, onları peçenek-oğuz qəbilələrinə yaxın hesab etmişlər. Sonralar onların həm də Kiyev Rus dövlətinin qurucuları sırasında yer aldıqları qəbul edilmişdir.

Hələ XIX əsrin 30-cu illərində Rəşidəddinin moğolların Rusiya üzərinə yürüşünü əks etdirən hekayətində “Qarapapaq xalqı”nı “Kogu-Mekul” adı ilə xatırlanmışdır. Onun “Salnamələr məcmuəsi”ndəki qaraqapaq xalqını rus salnamələrindəki “qarapapaqlılar”la eyniləşdirmişdir. Bu nəzəriyyəni digər bir rus alimi Mixail Berezin də özünün “Batının hücumu” əsərində müdafiə etmişdir.

Mənəvi zənginliyi, qüdrəti, əzəməti ilə çöl ruhuna hakim olan at ilxıları, qoyun sürüləri ilə göz oxşayan, ucu-bucağı bilinməyən geniş çöllərə əbədi həyat gətirən, çadır mədəniyyəti, etnoqrafik abidələri ilə bəşəri dəyərlər xəzinəsini zənginləşdirən qarapapaq türkləri haqqında elmi əsaslarla, tarixi faktlarla özündən əvvəlki alimlərin qənaətlərini təsdiqləyən Ən-Nüveyri “Qızıl Orda qıpçaqları arasında” adlı əsərində onların əski gələnəklərindən söz açmaqla kifayətlənmir, qarapapaqların qıpçaq mənşəli olub, qarabörüklü adı ilə çağırılmasının məntiqi əsasının olduğunu sübut edir. Məşhur macar türkoloqu Armini Vamberi isə qarapapaqları peçeneqlərlə müqayisə edərək yazırdı: “Əgər qarapapaqları peçeneqlərin yaxın qohumları hesab etsək, yanılmarıq”. İngilis tədqiqatçısı Hovers (Haworth) da qarapapaqları peçeneqlərlə eyniləşdirir və eyni zamanda burada noqayları da peçeneqlərin, qarapapaqların bir qolu hesab edirdi.

Türk dünyası, türk tarixi və etnoqrafiyası ilə bağlı sanballı araşdırmaların müəllifi olan Kırzıoğlunun “Qarapapaqlar Borçalı-Qazax uruğunun Kür-Araz boylarındakı 1800 ilinə bir baxış” adlı əsərində qarapapaqların milli kimliyi ilə bağlı oxşar və fərqli fikirlər səsləndirilsə də, əsasən adları çəkilən alimlərin elmi qənaətləri təsdiqlənmişdir. Qaraqalpaq, qarapapaq, qarabörük etnonimlərinə bağlı olan türklərin Qafqaza köçü Hun imperiyasının parçalanması ilə əlaqələndirilmişdir. Kırzıoğlunun bu qənaətlərini dəstəkləyən Vladimir Minorski və akademik Ziya Bünyadov kimi alimlər də qarapapaqların qıpçaq kökənli olduğunu etiraf etmişlər. Onların Dəryan və Dərbənd dərəsindən keçərək Qərbi Azərbaycana, Borçalı, Qazax, Tovuz, Şəmkir, Gəncə ərazisinə, Güney Azərbaycana və Türküstana vardıqlarını qeyd etmişlər.

I Şah Abbasın dövründə sünni qarapapaqlara “saqqal vergisi” tətbiq edilmişdir

Alimlərin qənaətinə istinad edərək onu da qeyd edə bilərik ki, XI əsrdə İslamı qəbul edən qarapapaqlar sünni məzhəbinə mənsub olmuşlar. Eyni zamanda onlar qıpçaq kökənli olduqlarına görə, Atabəylər, Eldənizlər dövlətinin əsasını qoyanlar sırasında yer almışlar, onlar əvvəlcə sünni məzhəbində qalmış, sonralar isə bir qismi qızılbaşlığı və şiəliyi qəbul etmişlər. Öz qara papaqlarına sədaqətlərini nümayiş etdirən qara papaqlar təsadüfi deyil ki, Güney Azərbaycanda, Türkiyədə və tarixi torpaqları olan Borçalıda yaşayan türklərin böyük bir qismi bu gün də özlərini qarapapaq adlandırırlar.

Qarapapaqlar min illər boyu məskunlaşdıqları ərazilərdə Osmanlı və Azərbaycan türkləri, daha doğrusu Oğuz türkləri ilə qaynayıb-qarışmış və özlərini onlarla bir boydan, bir soydan hesab etmişlər. Azərbaycan, Türkiyə, Gürcüstan, Şimali Qafqazın böyük bir hissəsində, Ukrayna, Qazaxıstan, Qaraqalpaqıstan, Tatarıstan, Başqırdıstan, Özbəkistan və digər regionlarda bu gün də Qıpçaq, Oğuz, Qazax, Tatar, Xəzər adları altında tanınan yaşayış məskənlərinin mövcudluğu da dediklərimizə əyani sübutdur.

Tanınmış tarixçi alim, araşdırmaçı yazar Səmra Ayyılmazın Borçalı (Gürcüstan) “Karapapakların terakemelerin tarihine dair” əsərində isə şiəliyi qəbul etmiş qarapapaqların bir qisminin dini-dünyagörüşü ilə bağlı məlumat verməklə yanaşı, onların Səfəvilər və Osmanlı imperiyalarına, sünni-şiə məsələlərinə münasibəti öz əksini tapmışdır. I Təhmasibin hakimiyyətinin erkən illərində Gürcüstanda hakimiyyətin zəifləməsi nəticəsində 1549-cu ildə qarapapaqlar Osmanlı hökmdarı I Qanuni Sultan Süleymana, 1555-ci ildə imzalanan Amasya sülh müqaviləsi ilə qarapapaqlar yenidən Səfəvi hakimiyyətinə tabe olmuşlar. Bu dövrdə şiə qarapapaqlar məzhəblərini bildirmək üçün başlarına Qızılbaş papağı qoymuş, sünnilər isə Qarapapaqdan – börkdən istifadə etməkdə davam etmişlər. Bu dövrdə bir çox sünni qarapapaqlar köçə, daha doğrusu sürgünə məcbur edilmişlər. I Şah Abbasın dövründə sünni qarapapaqlara “saqqal vergisi” belə tətbiq edilmişdir.

1848-ci ildə nəşr edilən alman xəritəsində Azərbaycandakı türk tayfaları içərisində qarapapaqların da adı vardır

Quruluşun zamanın diktəsinə, qısma-boğmasına baxmayaraq, qarapapaqlar əski gələnəklərini, inanclarını, tapınaqlarını qorumuş, şaman dualarını, sufi, hürufi ocaqlarını yaşatmış, davulu qavala, qopuzu saza dəyişsə də, İlahi eşqindən, Tanrı sevgisindən dönməmişdir.

Yayda yaylaqda, qışda qışlaqda olan qarapapaqlar zəngin xəzinələri ilə şahların, padşahların, hökmdarların diqqətini cəlb etdiyi kimi, mərdliyi və qorxmazlığı ilə də sərkərdə-xaqanların maraq dairəsində olmuşlar.

XV əsrdə qələmə alınmış “Zibdətül-Təvarix” əsərində Hafiz Əbru “Tərəkəmələrin yaşadığı yerlərdən və Türkmən ordusunun əsasını təşkil edən Səd oğullarının, Şadılların qədim yurdu Zəngəzura, Naxçıvana və Sürməliyə doğru hərəkət etmişlər”, – deyə qeyd edir. Hafiz Əbrunun qeydlərini təsdiq edən məqamlardan biri də 1848-ci ildə nəşr edilən alman xəritəsidir. Xəritədə Qarabağ və Muğan ərazisində, Azərbaycanda yaşayan türk tayfaları içərisində türkmən-türk tayfası ilə yanaşı qarapapaqların da adı göstərilmişdir.

Mir Həmzə Seyid Nigari: “İnsanın insanı sevməsi Allahı sevməsidir”

“Ağsuda tərəkəmə obaları, axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular” əsərində təqdim edilən bu fakt isə tərəkəmə türklərinin və qarapapaqların ilahi eşqinə, Tanrı sevgisinə, fəlsəfi düşüncəsinə aynadır. Əsərin müəllifi Fariz Xəlilli apardığı araşdırmaları yekunlaşdıraraq bu qənaətə gəlir ki, tərəkəmə obaları sufiliyi, xüsusilə nəqşibəndiliyi tez mənimsəyən və onun yayılmasına yardım edən toplumlar kimi ortaya çıxmışdır.

Nəqşibəndiliyin yeni təlim üsulları ilə Qafqazda ikinci dəfə yayılmasına səbəb olan mürşid Mövlana İsmayıl Siracəddin Şirvani olmuşdur. Şirvan Şahlığının Bölükət mahalının Kürdəmir kəndində dünyaya gələn, mədrəsə təhsilini başa vurduqdan sonra Osmanlıya gedən, Məkkə və Mədinəni ziyarət edərək Bağdadda Mövlana Xalid Bağdadinin müridi kimi təhsil alan İsmayıl Siracəddin Şirvani vətənə dönərək Şirvanda nəqşibəndi ocağını qurmuşdur.

Traktatları, sufi, nəqşibəndi nəzəriyyələri ilə Yaxın və Orta Şərqdə məşhur olan Mövlana İsmayıl Siracəddin Şirvaninin müridi, nəqşibəndi təriqətinin ən qüdrətli nümayəndələrindən biri Mir Həmzə Seyid Nigaridir. Mirhəmzə Seyid Nigarinin müridləri Hacı Omar Əfəndi və Hacı Mahmud Əfəndidir. Onların hər üçünün adına ziyarətgahlar mövcuddur. Mir Həmzə Seyid Nigarini Amasyada ziyarət edənlər Türküstandan, Osmanlıdan, Borçalıdan, Dəmirqapı Dərbənddən, Anadoludan bu gün də Qazaxa Hacı Omar Əfəndinin və Hacı Mahmud Əfəndinin türbələrini ziyarətə gəlirlər, qarapapaqların, tərəkəmələrin ruhunun atası, qibləsi sayılan Mir Həmzə Seyid Nigarinin “İnsanın insanı sevməsi Allahı sevməsidir” nidası ilə səcdəyə gedirlər.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a "Azərişıq" ASC-dən məlumat verilib

Ən son

GÜNDƏM

Baki-baku.az paytaxtın yaşıllıq balansının qorunması üçün atılan addımlara nəzər yetirir.

GÜNDƏM

Baki-baku.az paytaxtın yaşıllıq balansının qorunması üçün atılan addımlara nəzər yetirir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin