Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/26/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Səhralarda sultan, Cahanda can-Azərbaycan olan Səlahəddin Eyyubi

Məscid-i Aksa hər zaman müsəlmanların olacaq!

İkinci yazı

Sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoquna töhfələr verən, peyğəmbərlərin şəhəri kimi tanınan, yüz illərdir uğrunda qanlı savaşlar gedən, Qüdsün qüdsiyyəti, xilaskarı sayılan, İslamın himayədarı kimi tarixdə qalan, Eyyubilər İmperiyasını Qaraxanlı və Qəznəli türk dövlətlərinin təməl prinsipləri ilə başlayan, Səlcuqlu türklərinin ənənələri ilə inkişaf etdirib türk-islam dövlət sistemi modelinə uyğunlaşdıran, Bahəddin Qaraquş, Şərafəddin Qaraquş, İzzəddin Cəvəli, Şəmsəddin Qutlu Arslan və Hüsaməddin Sungur kimi Türk sərkərdələrinin əzəməti ilə 75 il davam edən imperiyaya çevirən Sultan Səlahəddinin milli kimliyi ilə bağlı yüz illərdir suallar gündəmə gəlir. “Onun farsmı, kürdmü, türkmü olması barədə düşüncələr çarpazlaşır. Bəlli bir həqiqətdir ki, tarixi şəxsiyyətlər, qüdrətli simalar barədə həmişə mübahisələr gedir. Onların ideya və fikirlərindən tutmuş milli mənsubiyyətləri, soy-kökləri ilə bağlı müzakirələr açılır.

Həqiqət isə budur ki, Səlahəddin Eyyubi milli kimliyindən asılı olmayaraq Türk və İslam dünyası üçün dəyərli, adının unudulması mümkün olmayan qüdrətli bir tarixi şəxsiyyət, Sərkərdə-xaqan, Eyyubilər İmperiyasının qurucusu, İslamın, “Məkkə və Mədinənin hizmətkarı” kimi tarix yaradan Liderdir. Onu türkün sevdiyi qədər ərəb də, fars da, kürd də, beluç da, əfqan da sevir. Sevir və ona olan sevgisinə sahiblənmək üçün, onunla öz arasında bir qan bağı axtarır.”

Bu böyük şəxsiyyətin, qüdrətli sərkərdənin, imperatorun soy-kökü, şəcərə dəftəri ilə Eyyubilər sülaləsinə bağlı olan Necdət Sevinç ulu əcdadının, həm də ulu türklərdən birinin ünvanına bu kəlamları yazıb. Əslində yazmayıb, yaddaşlara həkk edib: “İslamın bu əfsanəvi qılıncı, Tanrının vuran qolu, həm də soyca türkdür.”

Eyyubilər İmperiyasının dövlət nişanı-gerbi  Səlcuqlularda olduğu kimi Qartal olub

Necdət Sevincin bu qeydlərinə,  tarixi mənbələrə istinad edərək deyə bilərik ki, Sultan Səlahəddinin atası Şadlı Türk tayfasındandır. Anası türk hökmdarları sülaləsindəndir, Şihabəddin Tokuşun bacısıdır. Zəngi hökmdarı Nurəddin Zənginin dul xatunu olan həyat yoldaşı İsmət Aminə bint Müin Əl-Uddin köklü Türk soyuna bağlıdır. Sultanın bacısı İsmət xatunun qardaşı Sədəddin Məsudla nikaha gedib. Sultan Məsudun vəfatından sonra isə başqa bir türk bəyi, Harran hökmdarı Gökbörü ilə ailə qurub. Səlahəddin Eyyubinin digər bacısı Zümrüd xatunun da əri türk bəyi olub. Bir qədər də önə gedərək, onu da qeyd edək ki, Eyyubilər İmperiyasının dövlət nişanı-gerbi  Səlcuqlularda olduğu kimi Qartal olub. Dövlət idarəçilik sistemi də eyni türk dövlətlərində olduğu kimi divan və məşvərət sisteminə əsaslanıb. Sultanın qardaşlarının adları da milli kimliklə, soy-köklə, etnik zəminlə bağlı suallara aydın cavab verir: “Səlahəddin Eyyubinin qardaşlarının adları Turanşah, Tuğtəkin və Börüdür. Bir bacısının adı Zümrüddür.”

Zümrüdü-Anka quşunun, Simurq quşunun, Börünün, Boz qurdun, Tuğ və Turan anlayışlarının türkçülük tarixindəki yerini və rolunu anlamayanların, mifik yaddaşımızla, mifoloji dünyagörüşümüzlə bağlı məsələlərin mahiyyətinə varmayanların üzündən bu kimi dolaşıq suallar meydana çıxmışdır. Nizami Gəncəvinin anasının “qord – od, atəş, qığılcım, qurd müqəddəslikləri, türk totemləri ilə deyil, “kürd” ifadəsi ilə bağlayanlar Eyyubi Sultanının soy ağacında da tarixi səhvə yol veriblər…

Ərəb xalqı türklərin dövləti ilə ucaldı

Qüdrəti, əzəməti ilə dillərdə dastan olan, Hələbin fəthindən sonra zamanın məşhur şairi Salam ül-Mülkün mədhiyyəsinə ünvan olan Sultan Səlahəddin haqqında deyilir: “Ərəb xalqı türklərin dövləti ilə ucaldı. Əhli-səlib Eyyubun oğlu tərəfindən pərişan edildi”. Digər bir məlumatda isə deyilir ki, “Doğu Qartalı” olaraq da bilinən Səlahəddin Eyyubi 1193-cü ildə Şamda öldü və bu şəhərdə dəfn edildi. Öləndə geriyə qoyduğu bütün var-dövləti bir qızıl dinar və 36 mis dirhəmdən (1 gümüşdən) ibarət idi.

İslamın nurunun məzarı Əməviyyə məscidinin yanında yerləşir. Bu gün İraqdakı Səlahəddin şəhəri və “Səlahəddin-Qartalı” abidəsi Qartal Türkün – məşhur sərkərdənin xatirəsinə ehtiramın, sevginin ifadəsidir.

Bu qənaəti özündə ehtiva edən onlarla dəlil və sübut vardır ki, onları nəzərdən keçirdikcə Sultan Səlahəddin Eyyubinin milli kimliyi ilə bağlı dəqiq nəticəni hasil etmək olur. Türkiyədə işıq üzü görən, dövlət nəşri-“İslam Ensiklopedisi” bu barədə yazır: “İslam tarixinin böyük sərkərdəsi Səlahəddin Eyyubi türkdür, qıpçaq türkü. Onlar Azərbaycan ərazisindən, indiki Qərbi Azərbaycandan köçmüş, Suriyaya gəlmiş və Səlahəddin də Suriyada dünyaya gəlmişdir”.

Macar alimi, professor Laszlo Rasonyi isə qeyd edir ki, “Səlahəddin Eyyubi öz dövlətini Qaraxanlı və Qəznəli türk dövlətləri ilə başlayan, Səlcuqlu türkləri ilə daha da inkişaf etdirilən türk-islam dövlət sistemi modelinə uyğun qurmuşdur. Bahəddin Qaraquş, Şərafəddin Qaraquş, İzzəddin Cəvəli, Şəmsəddin Qutlu Arslan və Hüsaməddin Sungur kimi ordu sərkərdələrinin hamısı və ordunun əsası türklərdən ibarət olmuşdur. Dövlətin bayraq rəmzləri də türk dövlətçilik ənənəsinə uyğun olaraq Səlcuqlu və Artuklu türklərindəki kimi Qartal olmuşdur”.

Macar alimi, tarix elmləri doktoru professor Laszlo Rasonyinin Ankarada 1971-ci ildə işıq üzü görən “Tarixdə türklük” məqaləsində əksini tapan bu elmi mülahizəyə dünyaşöhrətli tarixçi-türkoloq fon L. Yoqun da qoşularaq bildirir ki, “Misirin qədim mədəniyyəti zəminində intizamlı, zəngin sənət həyatı daima idarəçiliyin ərəb valilərinin əlindən türklərə keçdiyi zaman baş vermişdir.”

1160–1233-cü illərdə ömür sürən, dünya, xüsusən də İslam tarixi ilə bağlı ciddi tədqiqatlar aparan İbn ül-Əsir və 1155–1212-ci illərdə yaşamış nüfuzlu alim İbn-Sənəül Mülk də Eyyubilər səltənətini “Dövlətüt-Türk”, yəni türk dövləti kimi qiymətləndirmişdir.

Eyyubilər İmperiyasının lideri kimi, aparıcı simaları da türklər idi

Bağdadda, Misir Kitabxanasında və Nuri Osmaniyyə Kitabxanasında uzun müddət tədqiqatlar aparan, bir çox rəsmi bəlgələri vərəqləyən tədqiqatçı olaraq onu da qeyd edim ki, Albaniyadan və İngiltərədən bu mötəbər kitabxanalara gətirilən sənədlərin faksmelisi də sübut edir ki, həqiqətən də, Sultan Səlahəddin Eyyubinin böyük qardaşının adı Turanşah, digər qardaşlarının adı Toktəkin və Börüdür. Dayısının adı isə Şihabəddin Mahmud ibn Təkuşdur. “Dövlətin quruluşu, coğrafi bölgə Misir və ətrafdakı əhalinin ərəbləşmiş ərəb olmasına baxmayaraq, ordu və idarəçilik əsasən türklərin əlində olmuşdur. Atası Nəcməddin Eyyubi Urmiya, Xoy, Zəngəzur, İrəvan, Kərkük, Naxçıvan, Borçalı və Qazax boylarında Qara börü, Qarapapaq, Göy börü, Boz börü tayfalarından, bir sözlə, Ərkənəqona bağlı Qurdlar tayfasından çıxmışdır.”

Hazırda bu adlarla bağlı sadaladığımız yörələrdə, Azərbaycanın ayrı-ayrı guşələrində çoxsaylı toponimlər, oronimlər və oykonimlər mövcuddur. 1977-ci ildə Albaniyada işıq üzü görən (R.Stephen Humphreys, “From Saladdin to the mongols: The Ayyubth of Demaskus, 1193–1260” State Universiteti of Nyu-York. Press Albany, 1977), bir nüsxəsi Misir Kitabxanasında qorunan bu tarixi mənbə onu da sübut edir ki, yuxarıda qeyd etdiyimiz kimi, “Səlahəddin Eyyubinin anası Səlcuq Harim əmiri-valisi Şihabəddin Mahmud Təkuş əl-Hariminin bacısıdır. Onun həyat yoldaşı Aminə xatun oğuz-türkmən boyundan olan Ünver bəyin qızıdır.” Səlahəddin Eyyubinin həyatını qələmə alan Əl-Vahrani onun türk soylu bir sərkərdə olduğunu təsdiq edərək deyir: “Eyyubilərin bayrağı sarı rəngdə idi. Emblemi isə Qartal idi. Eyyubi xanədanı türk ənənələrinə uyğun olaraq açıq sarı rəngi öz hakimiyyət rəngi kimi qəbul etmişdi. Bayrağına bir türk emblemi olaraq qartal qoymuşdu. Səlahəddin həyatda olduğu müddətdə böyük türk-islam dövləti xüsusiyyətlərini daşıyan Eyyubi sülaləsi, onun ölümündən sonra oğulları və qardaşları arasında parçalanmışdır.”

Bu tarixi faktlara istinad edərək bir daha, son olaraq tərəddüd etmədən qeyd edə bilərik ki, Eyyubilər sülaləsi tərtəmiz türk, xüsusən də, Azərbaycan türkü olmaqla yanaşı, Eyyubilər  İmperiyası da qədim-qaim türk dövlətidir.

İslam tarixinin böyük sərkərdəsi Səlahəddin Eyyubi türkdür, qıpçaq türkü

Səlahəddin Eyyubinin qüdrətini, əzəmətini özündə ehtiva edən çoxsaylı tarixi mənbələr, miflər, əfsanələr, bu gün də ruhumuzun qida yeridir. Onunla bağlı üç tarixi kəlamı, xatirəni Misir kitabxanasında qorunan əlyazmalardan oxuyub, yaddaşına yazan bir insan kimi deyim ki, ağlım kəsəndən düşünmüşdüm ki, Mancanaqlı arabanı icad etməklə dünya hərb tarixində bir ilkə imza atan, “At da, xatun da mənə məxsusdur. Ölkə qana boyanmasın deyə bağışladım. Bir qarış yararsız torpaqdan keçə bilmərəm, o, əcdadlardan tutiyadır!” nidası ilə tarix yaradan Mete xaqandan, varlığı məmləkətlərdə məscid, kilsə, sineqoq demədən Tanrı evi bilib səcdəyə gedən Əmir Teymurdan, “Ayasofyanı Məscid deyə bəyan etdim. Fərmanımı pozanlar Tanrıya əmanət olsun!” deyib, fərmanını haqqa ismarıc edən Fateh Mehmetdən, Hindistanın fəthindən, Sanqan və Karnal döyüşlərindən sonra Nadir Şahın üzünü Çar Rusiyasına tutacağından narahat olan, “Gəl, birləşək, birlikdə Osmanlı ordusunu məhv edək!” deyə məktub ünvanlayan II Yekaterinaya “Bizə heç bir kafirin dəstəyi lazım deyil. Mən tək başına bir addım ataraq Hindistanı tutdum. Lazım gəlsə bir addım da atıb, sizin dünyanızı tutaram!” qüdrəti, əzəməti ilə cavab verib Çar cəlladlarına meydan oxuyan Nadir şah Əfşardan sonra məni məndən alacaq nə bir Sərkərdə-xaqana, nə də bir kəlama ehya edə bilərəm: “Ömür keçib, gün keçib…”

Gerçək liderlik sadəcə savaşda qazanılan qüdrət deyil, düşməninə belə onurlu davranmaqdır

Elə deyilmiş, dünyanın Sultan Səlahəddin Eyyubi adlı qüdrəti, əzəməti önündə köç əyləmək, Tanrının bu özəl və gözəl Xilqətinin xilqəsinə bürünmək də varmış: Misir Kitabxanasının hücrələrindən boylanan saralmış sənədlərdə yazılır: “Səlahəddin Eyyubi  xaçlıları Qüdsdən təmizləməyə çalışan böyük bir sərkərdədir. Kral IV Baldvin isə cüzam xəstəliyinə rəğmən Qüdsü qorumaq, əldə saxlamaq istəyən bir kraldır. Onlar savaş meydanında qarşı-qarşıya gəldilər. Bir-birlərinə duyduqları sayğı düşmənliklərinin belə önünə keçdi. Səlahəddin Qüdsün üzərinə yürüş edərkən Kral IV Baldvin ağır xəstə olmasına rəğmən, ordusunun başına keçdi, savaş qaçılmazdı. Sultan Səlahəddin rəqibinin xəstəliyini duyunca ona şəxsi həkimlərini göndərdi. Bir düşmənə belə mərhəmət göstərəcək ürəyə sahib olan Sultan Səlahəddin Kral IV Baldvin öldükdən sonra sayğı duruşunda bulundu. Gerçək liderlik sadəcə savaşda qazanılan qüdrət deyil, düşməninə belə onurlu davranmaqdır.”

Sənədlər özündə bu gün hər bir müsəlmanın qürur duyacağı bir həqiqəti də mühafizə edir: Səlahəddin Eyyubi heç zaman gülməzmiş, səbəbini sorduqları zaman, “Həzrəti Məhəmmədin Mehraca yüksəldiyi Məscid-i Aksa dustaqikən, Həzrəti Ömərin fəth etdiyi Qüds əsir isə mən necə gülə bilərəm?” Qüdsün xaçlılar tərəfindən işğalından 88 il sonra onun xilaskarı kimi tarix yazan Eyyubi Sultanın “Məscid-i Aksa qiyamətə qədər ayaqda qalacaq və hər zaman Müsəlmanın olacaq!” nidası ötən əsrin əvvəlinə qədər Tanrı kəlamına, Peyğəmbər buyruğuna çevrildi!

800 il sonra Eyyubilər sülaləsinin qopub getdiyi Odlar Yurdu Azərbaycanda tarixi bir kəlam yaddaşlara həkk edildi. “Qarabağ Azərbaycandır!” nidası ilə  minillər boyu Səlib yürüşünə çıxanlara, son dayanacaqlarından biri Qarabağ, Şərqi Zəngəzur olanlara dərs verildi. Üçrəngli, hilallı, ulduzlu Bayraq bir daha enməmək niyyəti ilə Şuşa qalasından, Xudafərin körpüsündən asıldı.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

Ən son

TARİX

Bu gün Baki-baku.az ilk ekranların, ilk salonların, ilk tamaşaçıların xronikasını bərpa etməyə çalışacaq

TARİX

Bu gün Baki-baku.az ilk ekranların, ilk salonların, ilk tamaşaçıların xronikasını bərpa etməyə çalışacaq
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin