Salvador Dali reallığın özünü sənət əsərinə çevirməyi bacaran nadir sənətkarlardan idi. Əriyən saatlar və fantastik mənzərələrlə dolu tabloları kimi, onun həyatı da az qala bir o qədər sürreal idi: eksentrik davranışlar, teatral jestlər və qəribə maraqlar düşünülmüş şəkildə yaradılmış bədii obrazın tərkib hissəsinə çevrilirdi.
Baki-baku.az bildirir ki, rəssamın ən qeyri-adi “aksessuar”larından biri əsl ev heyvanı — qarışqayeyən olmuşdur.
Söhbət nəhəng Braziliya qarışqayeyənindən (giant anteater) gedir — nadir və ekzotik bir heyvandan. Dali onu Paris küçələrində gəzdirdir, elit otellərə aparır, hətta ictimai ziyafətlərdə nümayiş etdirirdi. Bu, tamaşaçılar üçün növbəti eksentrik hərəkət kimi görünsə də, rəssam özü heyvanına olduqca ciddi yanaşırdı. Qarışqayeyən sadəcə maraq obyekti deyil, sənətin kətandan kənara çıxdığı canlı performansın bir hissəsinə çevrilirdi.
Dalinin qarışqayeyənlərə marağı təsadüfi deyildi. Bu heyvanlar onun yaradıcılığında tez-tez dağıntı, ehtiras və gizli instinktlərin simvolu kimi çıxış edirdi. Onun əsərlərində qarışqalar çürüməni və narahatedici şüuraltı impulsları təcəssüm etdirirdi, onları yeyən qarışqayeyən isə sanki xaos üzərində nəzarətin metaforasına çevrilirdi. Beləliklə, bu ekzotik ev heyvanı sadəcə qəribə bir kapriz deyil, fəlsəfi məna daşıyan bir jest idi.
Müasirləri xatırlayırdılar ki, Dali qarışqayeyəni adi it kimi qayışla gəzdirir, bu isə yoldan keçənlərdə şok, jurnalistlərdə isə heyranlıq doğururdu. Paris boheması bunu Dalinin özünəməxsus, paradokslarla dolu bir dünyada yaşadığının növbəti sübutu kimi qəbul edirdi. Onun ekzotik heyvanla ictimai məkanda görünməsi hər yeri sürrealist bir tamaşanın səhnəsinə çevirirdi.
Bu gün bu hekayə avanqardın qızıl dövründən qalma bir lətifə kimi görünə bilər, amma əslində Dalinin daha dərin fəlsəfəsini əks etdirir. O, sənətlə həyat arasındakı sərhədi silməyə, hər çıxışını diqqətəlayiq bir hadisəyə çevirməyə çalışırdı. Qarışqayeyən bu mənada ev heyvanı yox, bədii bir bəyanat idi — şəhər küçələrində addımlayan canlı sürrealizm simvolu.
Beləliklə, Salvador Dali sübut etdi ki, əsl sənət təkcə muzey divarlarından asılmır — o, bəzən sakitcə yanında addımlayır: qayışda, uzun burunlu və bir gündə minlərlə qarışqanı yeyə bilən dili ilə.
Hacı Cavadov