Tur Heyerdal: Qobustanda məskunlaşan insanların genetik kodları ən qədim dünya sivilizasiyasına malik olan şumerlərə bağlıdır
I yazı
Dünyanın yeddi möcüzəsi var. Əski çağlarda inşa edilən Xeors ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın- Babilin asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas movzeleyi və Olimpdə Zevsin heykəli. Xores ehramı,İsgəndəriyyə mayakı Misirin, Babilin asma bağları İraqın, Artemis məbədi, Rodos heykəli, Halikarnas movzeleyi Yunanıstanın, həm də ortaq dəyər olaraq Türkiyənin simgəsi, bəlgəsi kimi dünya mirasıdır. Cizəni, Əl-Hilləhi, Olimpi, İzmiri, Rodosu, Bodrumu dünya şəhərləri sırasına daxil edən bu möcüzələrin var olduğu siyahıda dünyanın ilk yaşayış məskənlərindən, tədris mərkəzlərindən, rəsm qalereyalarından olan Azıx mağarası, Qobustanın qayaüstü abidələri, Səbail qəsri, Atəşgah məbədi olmasa da, Bakı, Odlar Yurdu Azərbaycan Tanrıya tarixin şah damarı qədər yaxın diyardır.

Qobustanın qayaüstü təsvirləri Mesopotamiya, yeddi möcüzə kimi dünyanın yaddaş yerlərindəndir
Ən qədim insan məskənlərindən sayılan Qobustan , Qobustan abidələri, Qobustanın qayaüstü təsvirləri, Mesopotamiya, adlarını sadaladığımız yeddi möcüzə kimi dünyanın qədim-qayım yaddaş yerlərindəndir. Bu nadir təbiət möcüzəsi Bakıdan 54 kilometr cənubda, Abşeron yarımadasında – Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşduğu yerdə məskən salıb. Qədim sivilizasiyanın beşiklərindən biri kimi tarixə şahidlik edir. Bu müqəddəs məkanda üzərində günəş təsvirləri olan qayıq rəsmləri, dünyanın ən qədim təqvimi sayılan “Günəş saatı”, səsi milyon illərin o başından gələn “Qavaldaşı” insan oğlunu 15 min il əvvələ – Yuxarı Paleolit dövrünə aparır. Məhz burada, bu məkanda insan sivilizasiyalı cəmiyyətin ilkin dövründə yaşayan ulularımızın həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanır, lal sükuta dalıb tarixə səyahət edir, bu mədəniyyəti yaradan insanların həyatı, dünyagörüşü, baxışlar sistemi, rəssamlıq məharəti, qədim dövr incəsənəti, musiqi aləmi, ovçuluq, flora və faunanın zəngin dünyası ,təbiətlə insanın harmoniyası ilə baş-başa qalır, məhəbbətlə mərhəmətin, əzəmətlə qüdrətin nuruna bürünürsən. Onu yaradan Tanrını, ona ruhunu köçürən əcdadlarını şükran duyğuları ilə anırsan. Kəşfinə, tədqiqinə ömrünü həsr edən arxeoloq, türkoloq, sənətşünas, musiqişünas, folklorşünas alimlərin qarşısında səcdəyə gəlirsən.

İshaq Cəfərzadənin həqiqəti – Qobustanın hikməti
Qobustan qayaüstü rəsmləri “1939-cu ildə tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövr tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən aşkar olunub. Elə həmin vaxtdan Qobustanın tədqiq olunması işi başlanıb və hazırda da davam edir. Burada aparılan həmin tədqiqat işlərinin nəticələri əsasında Qobustanın unikal, özunəməxsus landşaftı da nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Sovetinin 503 saylı qərarı ilə, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə ərazilərini əhatə edən 4535 hektar ərazi Qobustan Dövlət Tarixi – Bədii Qoruğu elan edilib. Qobustan abidələri 29 iyun 2007-ci il tarixində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci Sessiyasında “Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı” adı ilə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir”.
Qobustan Milli Tarix-Bədii qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqar və Şıxqaya dağları ərazilərində 110 mindən çox qaya üzərində çəkilmiş 7 mindən artıq təsvir dünya əhəmiyyətli abidə kimi dövlət qeydiyyata alınmışdır.
Eyni zamanda aparılan arxeoloji qazıntılar nəticəsində Qobustanda 20 qədim yaşayış məskəni, 40-dan artıq kurqan və 105 mindən çox maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qayalardakı insan, heyvan, qayıq təsvirləri və abstrakt işarələr Üst Paleolit dövrünün sonundan başlayaraq, son orta əsrlərədək davam edən 20 min il ərzində yaradılmışdır. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlər müxtəlif tarixi dövrlərdə bu ərazilərdə yaşamış insanların məişəti və dünyagörüşü haqqında təsəvvür yaradır. Bu rəsmlərdə müxtəlif fauna nümunələri, məişət səhnələri, kollektiv rəqslər, ov səhnələri, abstrakt işarələr, o cümlədən günəşi əks etdirən rəmzlər, svastika, digər fəza cisimləri diqqəti cəlb edir. Qədim musiqi aləti hesab olunan “Qavaldaş”, qayalarda təsvir olunan “Yallı” rəqsini xatırladan səhnələr min illər əvvəl qədim cəmiyyətlərin mənəvi aləmi və incəsənət vərdişlərindən xəbər verir.
Böyükdaş dağı ərazisində qeydə alınmış, eramızın 81-96-cı illərinə aid latın kitabəsində Roma imperatoru Domitsianın dövründə XII “Fulminati” legionuna aid mətn də dünya arxeoloqlarının diqqətini özünə çəkmişdir.
Arxeoloji abidə olmaqla yanaşı Qobustan həm də, minillər ərzində yerli əhali tərəfindən müqəddəs ərazi kimi sitayiş məkanı hesab edilmişdir. Qoruq ərazisindəki “Qaraatlı”, “Sofi Həmid”, “Hüri qızlar” pirlər bu gün də ziyarət olunur. “Bu abidələrlə bağlı adət-ənənələr, həmçinin ətraf ərazilərdə qorunub saxlanılan ənənəvi yaylaq-qışlaq maldarlığı təsərrüfat tərzi Azərbaycan xalqının etnoqrafik yaddaşının bir hissəsidir.

Qobustan çoxsaylı qayaüstü rəsmləri ilə birlikdə unikal daş kitabədir
İnsan sivilizasiyasının yaranması dövrü milyon illər çox-çox keçmişə gedib çıxır. Bu mənada, Qobustan çoxsaylı qayaüstü rəsmləri ilə birlikdə “unikal daş kitabədir” və onun səhifələri burada min illər əvvəl məskən salmış insanların həyat tərzi, məşğuliyyəti, dini baxışları, ilkin sənətləri barədə təsəvvür yaratmağa imkan verir. Yaddaşın lal sükutunu pozan, qaya üzərindəki yazılar dünya mədəniyyətinin ilkin məskənlərindən biri kimi diqqəti özünə çəkir.
Millətin özü, sözü, yaddaşı qədər əziz, unudulmaz tarixçi-türkoloq, arxeoloq alim İsaq Cəfərzadənin kəşfləri sayəsində Abşeron yarımadasının 130-170 min il əvvəl mövcud olmuş fauna və florası haqqında paleontoloqların çoxsaylı suallarına cavablar tapıldı. Arxeoloji qazıntılar zamanı burada bitki, heyvan və quş qalıqları, sümükləri aşkar edildi.
Professor İsaq Cəfərzadənin araşdırmalarına istinad edərək deyə bilərik ki, Qobustanın sərt, sıldırım qayaları bu əraziləri küləkdən qoruyurdu və bu səbəbdən heyvanlar bu ərazilərdə özlərinə sığınacaq əldə etmişlər. Təbii ki, qədim ovçular da təbiətin yaratdığı “çox otaqlı evin” üstünlüklərini qiymətləndirərək, burada məskən saldılar. Qobustanda insanlar bir neçə minilliklər boyu yaşamışlar. 3096 hektar ərazidə arxeoloqlar tərəfindən qayaüstü rəsmlər, dayanacaqlar, kurqanlar, mağaralar, yaşayış yerləri və türbələr tapılaraq elmi ictimaiyyətə təqdim edilib.
Arxeoloqlar sübut ediblər ki, Qobustanda insanlar icma quruluşunda yaşayıblar və qohumluq ana xətti ilə formalaşıb. Tayfaların həyatında ailənin qoruyucusu, övladların tərbiyəçisi, yemək hazırlayan kimi əsas vəzifəni ana öz üzərinə alıb.

Burada mədəniyyət və incəsənət məhz mezolit dövründə yaranıb
Qobustan qaya təsvirlərində də öz əksini tapan matriarxat dövrü bir neçə minillik davam edib. Lakin tədricən yeni silahların, yay və oxun yaranması, heyvandarlığın və əkinçiliyin meydana gəlməsi ilə ailədə atanın rolu artmağa başlayıb. Alimlər onu da sübut ediblər ki, Azərbaycan ərazisində sonra mezolit dövrü başlayıb və bu dövr qismən qısa davam edib. Amerika arxeoloqu Robert Breydvud bu dövrü “ilkin əkinçilik dövrü” adlandırmışdır. Bu dövrdə insan yalnız ovçuluq, balıqçılıq, yığıcılıqla qida əldə etməmiş, həmçinin qida ehtiyatı yarada bilmişdir ki, bunu qayalarda yarılmış eyni tipli dəliklər sübut edir.
Alimlərin qənaətləri belədir ki, Qobustanda mədəniyyət və incəsənət məhz mezolit dövründə yaranıb. Həmin dövrdə sənət çox formalı olmasa da, artıq musiqi və rəqs formalaşmışdı və bu, ritual xarakter daşıyırdı. Qobustanda bir çox Böyük daşlar – Qaval daşlar tapılmışdır, onlar bir növ davul, nağara rolunu oynayırdı. Qaval daşlarının səsi bir neçə kilometr məsafədən duyulurdu. Lakin daha nəzərəçarpan dəyişiklik qaya rəsmlərində özünü büruzə verirdi və bunu Qobustanın bütün petroqlif tədqiqatçıları qeyd edirlər. Təsvirlər çoxfiqurlu xarakter alır və mərkəzində insanlar, tayfa yoldaşları əks olunur. Rəssamların diqqəti xüsusi olaraq qrup halında ov, balıqçılıq, döyüş və rəqs səhnələrində yönəlir. Onlar yalnız hadisələri deyil, o dövrün əsas hisslərini də təsvir etməyə çalışırlar: artıq dövr dəyişmişdir, insan yalnız təbiətin bir parçası, vəhşi heyvanların asan ovu deyil, ətraf mühitin sahibi olmağa cəhd edən varlıqlara çevrilmişdir.

Tədqiqatçılar Qobustan təsvirlərinin Şərqi Afrikada tapılan təsvirlərə bənzədiyini qeyd edirlər
Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrləri əhatə edir və eramızdan əvvəl onuncu minillikdən orta əsrlərədək davam edir. Yalnız bu xüsusiyyətinə görə Qobustanın daş kitabəsi dünyada mövcud olan digər qayaüstü abidələrdən unikallığına görə fərqlənir. Qədim rəssamlar əsasən ovçu, balıqçı, avarçəkən kişiləri təsvir edirdilər. Sonrakı təsvirlərdə isə atlılara da rast gəlmək mümkündür. “Bir çox tədqiqatçılar Qobustan təsvirlərinin Şərqi Afrikada tapılmış təsvirlərə bənzədiyini qeyd edirlər. Araşdırmalardan bəlli olur ki, qadın rəsmləri nadir hallarda çəkilir və onlar iş başında təsvir olunmurlar. Rəssam üçün ən vacibi o idi ki, qadın nəsli davam etdirəndir və onu bu formada təsvir edirdilər.
Böyükdaş qayası üzərində tapılan 8 silahlı qadın təsviri olduqca maraqlıdır. Onlardan beşi birinci sırada dayanıb, arxada dayanan qadınların formaları isə kobud təsvir olunub. Hər bir qadının çiynindən kaman asılmışdır və alimlərin fikrincə, bu, skiflərin dövrü, yəni e.ə.V-IV əsrlər üçün səciyyəvidir”.

Belə qədim, inkişaf etmiş sivilizasiya hələ də sirr olaraq qalır
Qobustanda məskunlaşan insanlara gəldikdə isə, onların haqqında çoxsaylı düşüncələr, elmi qənaətlər mövcuddur. Norveç alimi Tur Heyerdal Qobustanın qayaüstü rəsmləri arasında e.ə. VI minilliyə aid edilən qayıqları gördükdə, onun şumerlərin qayıqlarına bənzər qamış gəmi olduğu qənaətinə gəlmişdir. Onu bu düşüncəyə, elmi qənaətə, nəticəyə gətirən səbəb də məhz Qobustanda yaşayan insanların ən qədim dünya sivilizasiyasına malik olan şumerlərə bağlı genetik kodları olmuşdur. Azərbaycan alimlərinin analitik təfəkkürünə heyrətini gizlətməyən Tur Heyerdal bu səbəbdən də tərəddüd etmədən qeyd edirdi: “Belə qədim, və heç şübhəsiz inkişaf etmiş sivilizasiya hələ də sirr olaraq qalır, lakin Azərbaycan alimləri bu sirri aça biləcəklər”.
2011-ci ildə Qobustanda böyük müasir muzey açıldı. 2460 kvadrat metr sahəsi olan muzeydə Ümumdünya İrs abidələrindən, petroqliflərin kəşfi tarixindən, Qobustan ərazisində yaşayan qədim insanlardan, ilkin fauna və floradan söz açan ekspozisiyalar yer almışdır. Burada arxeoloqlar tərəfindən tapılmış 100 mindən çox tarixi eksponat saxlanılır. Onlar əmək alətləri, silahlar, bəzək əşyaları, talismanlar, heyvan sümükləri, bitki qalıqlarıdır.

Qobustanın daş kitabəsi sonadək oxunmamışdır
Bu gün, Qobustanda tapılmış qayaüstü rəsmlər sayəsində biz əcdadlarımızın həyatına nəzər sala bilirik, onların məişəti, həyatı və ətraf mühit haqqında anlayışlarımız formalaşır. Qobustanın daş kitabəsi hələ də sonadək oxunmamışdır. Onun bir çox səhifələri hələ tapılmamışdır. Bəziləri isə oxunmamış və ya təfsir edilməmişdir. Buna baxmayaraq milyon illərin yazı mədəniyyətini, rəssamlıq sənətini, tarixini, əski insanının dünya görüşünü özündə ehtiva edən Qobustanın qayaüstü abidələri dünyanın özü qədər qədimliyə malikdir. Onun möcüzələr, sirr, sehr, cazibə dolu dünyası insanı düşündürür. Onu dünyanın bina olunduğu çağlara, Tanrının niqabını qaldırıb bircə “Ol!” kəlamı ilə Yer üzünü yaratdığı, əşrəfi dediyi insanı xəlq etdiyi, ona əyan, bizə güman əyanlara, zamana aparır.
Şərəf Cəlilli