Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/21/2026

Paylaşın

TARİXİMİZ

Milli ornamentlərdən, oyma və kaşı mədəniyyətindən Daş kitabələrə

Milli ornament

Daş Azərbaycanda müqəddəs bilinib, tapınaq səviyyəsinə ucaldılıb

Arxeoloji qazıntılar zamanı əldə olunan nümunələr sübut edir ki, milli ornamentlərdən, oyma və kaşı mədəniyyətindən Daş kitabələrə yol gələn əcdadlarımız ilk orta əsrlərdə daş üzərində oyma, cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkk etməklə yanaşı, daşdan müxtəlif məzmunlu heykəllər də düzəldiblər.

“XV əsrdən başlayaraq memarlıq abidələrimizin bədii tərtibatında canlıları təsvir edən oymalara təsadüf edilmir. Bundan sonra, adətən gül-çiçək ornamentlərindən təşkil edilmiş bəzəklər təsvirli oymaları əvəz etməyə başlayır. Daş üzərindəki təsvirli oymaların sıradan çıxmasına təkcə bədii üslubun dəyişməsi deyil, həm də memarlıq abidələrimizdə bu əsrdən başlayaraq rəngli kaşıların da geniş istifadə edilməsi təsir göstərir. Sonrakı əsrlərdə Azərbaycan ərazisində daş üzərində oyulmuş ən orijinal bəzək nümunələrinə biz daha çox məzarüstü abidələrdə, sənduqə başdaşılarda rast gəlirik”.

Arxeoloq alimlərin tədqiqatlarına istinad edərək deyə bilərik ki, ölkəmizdə “Bir neçə qrup məzar daşlarına təsadüf edilir. Bunlardan yuxarı hissəsi düz, çatma, dairəvi, əmmamə formalı vertikal başdaşılarını, horizontal sənduqələri, at, qoç fiqurlu heykəllər göstərmək olar. Bu məzar daşları dəfn olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilmiş, imkanlı, imkansız şəxslərin imkanları barədə informasiya daşıyıcısına çevrilmişdir.”

Məzar daşları ərazinin landşaftına, əhalinin dünyagörüşünə uyğun şəkildə seçilirdi

Milli-mənəvi dəyərlər, milli mənlik, milli kimlik, tariximizdə mühüm yer tutan süjetli, ünvanlı sənduqələr, məzar daşları və küp qəbirlər də dediklərimizə əyani sübutdur. Aparılan araşdırmalar da sübut edir ki, ərazinin iqlimindən, landşaftından, istifadə edilən materialından və ənənəsindən asılı olaraq Azərbaycanın ayrı-ayrı yörələrində məzar daşları müxtəlif formalarda və bəzəklərdə olmuşdur. “Hazırda Azərbaycanda XVI-XVII əsrlərə aid ən zərif və orijinal oyulmuş məzar daşlarına Abşeronda, Şamaxıda, Bərdədə, Laçında, Lerikdə, Naxçıvanda, Gəncədə və Qəbələ rayonunun Həzrə kəndində rast gəlmək olur. Bu məzar daşları üzərində biz böyük məharətlə oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta süjet xarakteri daşıyan kompozisiyalara rast gəlirik. Bunlardan yalnız bəzək kimi deyil, dəfn olunmuş şəxsin cinsini, həyatını, peşəsini əks etdirən təsvir kimi də istifadə edilirdi. Əksər məzar daşları üzərində gəncliyi, şücaəti göstərən qılınc, qalxan, at, qoç, qartala, hörmətli qoca bir şəxsin və ya ruhanin qəbir daşında təsbeh, rəhil, qadının məzar daşı üzərində isə iynə, sap, güzgü və qeyri rəsmlərə rast gəlirik.”

Qobustanda aparılan arxeoloji tədqiqatlar zamanı 7 mindən çox qayaüstü rəsmlər qeydə alınaraq tədqiq olunub

Azərbaycandan UNESCO-nun Ümumdünya irsi siyahısına daş dövrünə aid iki qeyri-maddi mədəni irsi – Şirvanşahlar sarayı və Qız qalasının yerləşdiyi İçərişəhər və Qobustanın qayaüstü təsvirləri daxil edilib. Aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan 7 mindən çox qayaüstü rəsmlər qeydə alınaraq təqdim olunub.

2001-2005-ci illərdə Azərbaycanda daş dövrü üzrə aparılan tədqiqatlar beynəlxalq xarakter daşıyıb: “Fransa, İspaniya, İtaliya, Azərbaycan, Rusiya və Gürcüstan alimləri birləşərək “Beynəlxalq İNTAS – 2000” proqramını hazırlayıblar. Proqrama uyğun olaraq Azərbaycanda və Avropada daş dövründə yaşayan insanların ovçuluq təsərrüfatları, əmək alətləri texniki-tipoloji cəhətləri tədqiq olunub. Eyni zamanda anatomik baxımdan Azərbaycanda və Avropanın digər yerlərində məskunlaşmış insanların oxşar və fərqli cəhətləri tədqiq olunub”. İnsan şüuru və təfəkkürü inkişaf etdikcə bu inkişaf özünü əmək alətlərinin inkişafında göstərib. Daha sonradan isə bu inkişaf daş alətlərində də əks olunmağa başlayıb: “Ayrı-ayrı tarixi mərhələlərdə hazırlanmış daşlar texniki tipologiyasına görə müəyyən edilib və onların yaranma dövrü dəqiqləşdirilib. Daş dövrü insanlarının ovçuluq, yığıcılıq və digər məşğuliyyət növlərini öyrənmək üçün bu dövrə aid daş alətlər ən önəmli vasitə kimi tədqiqatlara cəlb edilib. Yazılı mənbələr isə III minillikdə meydana gəlib. Amma bəşər tarixinin, ibtidai icma quruluşunun inkişafı daş alətlər vasitəsi ilə tədqiq edilib və edilməkdədir”.

İnsanlar öz onqonlarını heyvan timsalında qəbul edərək əbədiləşdirib

Min illər boyu daşa, oda, atəşə sitayiş edən, Tanrı deyib, Babadağa, Haçadağa, Xıdırzindəyə-Beşbarmağa, Əshabi-Kəhfə, Nuhun çıxdığı torpağa, Nuh Peyğəmbərin, Gəmiqayanın, Oğlanqalanın, Qızqalanın, Suraxanı  Atəşgahının müqəddəsliyinə tapınan qədim insanların həyatında daş ülvi varlıq olub. Tarixi faktlar da sübut edir ki, həqiqətən də Daş Azərbaycanda müqəddəs bilinib, tapınaq səviyyəsinə ucalan ən qədim nümunə məhz daş olub. Bu, dağa, qayaya, mağaralara sitayiş formasında özünü göstərib. Elmi araşdırmalar onu da sübut edir ki, uzaq keçmişlərdə ölkəmizin ərazisində daşdan insan, heyvan fiqurları düzəltmək və onlara tapınmaq geniş yayılıb. İnsanlar öz onqonlarını hər hansı bir heyvanın timsalında görərək, onu daşa, yaddaşa çevirib əbədiləşdirib.

İllər keçdikcə isə indiki ornamentlərin, oyma sənətinin ən qədim variantları ortaya çıxmağa başlayıb. Belə təsvirlərin ən qədim nümunələrinə arxeoloqlar Ordubaddakı Gəmiqayada, Abşeron, Mərdəkan, Şüvəlan abidələrində və Qobustan qayaları üzərində rast gəliblər. Orta əsrlərdə daş sənətkarlığı daha çox inkişaf edərək müxtəlif abidələrin yaranmasına, heykəltəraşlıq məktəbinin intişar tapmasına təkan vermiş, Memar Əcəmi kimi dünya şöhrətli ustad sənətkarların yetişməsinə münbit şərait yaratmışdır.

Çalağantəpə, Dənəzən daşı, Kirkirə və çörəyi daşdan çıxanlar

Tarixi mənbələrə, mifoloji mətnlərə istinad edərək onu da qeyd edə bilərik ki, milyon illər öncə əcdadlarımız daşdan həm də şəfaverici vasitə kimi istifadə ediblər. Bu lap qədimlərdən insanlarımızın daşa olan inancını və inamını göstərir. İnsanların dini şüurunda daşın məqamının yüksək tutulması təsadüfi deyil. Tanrı tərəfindən insanlara Qara Daşın göndərilməsi, Kəbənin ziyarətgaha çevrilməsi, İslam dinin gəlişi ilə milyonlarla insanı ətrafına cəm etməsi də Ulu Tanrının daş müqəddəsliyi ilə bağlıdır.

“Dini-mifoloji şüurda köklənmiş daha bir məqam isə Nuh tufanı əfsanəsidir ki, bununla bağlı Gəmiqaya abidəsi qeyd edilməlidir. Nuhun gəmisinin Nuhçıxanda – Naxçıvanda qayaya toxunaraq çıxması, Ağrı dağını əfsanəyə çevirməsi də əski türklərin, Odlar Yurdu Azərbaycanın daş sevgisinin təzahürüdür.

Daş həm də xalq arasında zəhmət, ruzi simvolu kimi başa düşülür. Belə bir məsəl var: “Çörəyi daşdan çıxır”. Bu ifadə bəlkə də ilk baxışdan mücərrəd kimi görünə bilər. Amma bu ifadə həqiqətən də çörəyini zəhmət və alın təri ilə daşdan çıxaranlar haqqındadır. Çünki insanlar hələ qədim zamanlarda buğdanı una, sonra da çörəyə çevirmək üçün əvvəlcə “Dənəzən daş”ından, daha sonralar həvəngdəstə və əl dəyirmanı, yaxud kirkirədən istifadə ediblər. Nəticədə də daşdan çörək çıxarıblar. Bunun ən qədim tarixi sübutlarından biri yenə də Azərbaycan ərazisində tapılıb. Ağdamdakı Çalağantəpədə “Dənəzən daş” və ən qədim taxıl növü tapılıb. Bu tapıntı 8 min il bundan öncəyə aid edilir. Sovet dönəmində tapılan arxeoloji material Ağdamda yerləşən və SSRİ məkanında yeganə olan Çörək muzeyində saxlanılıb”. Bu arxeoloji material İdeal Nərimanov tərəfindən üzə çıxarılıb və həmin muzeyə təqdim edilib. Təəssüf ki, muzey erməni daşnaqlarının otuzillik işğalı zamanı dağıdılıb, talan edilib. Bu tarixi fakt bir daha göstərir ki,  Azərbaycanda hələ çox qədim zamanlarda, yüksək əkinçilik, çörəkbişirmə mədəniyyəti mövcud olub.   

Orxon-Yenisey abidələrinin daş kitabəsindəki yazılar əski türklərin yaddaş yeridir

Türk xalqlarının ortaq mədəniyyətinin yaranmasında da daşın mühüm yeri və rolu var. Yada daşı – Yağış daşı əfsanəsi ilə yanaşı, Ərkənəqon əfsanəsinin Azərbaycan, qırğız, qazax, özbək, türkmən, tatar, uyğur türklərində də mövcud olması dediklərimizə əyani sübutdur. “Orxon-Yenisey abidələrinin kitabəsi oxunana qədər, dünyada söz sahibi olan ölkələrin məşhur alimlərinin heç biri bu abidələrin türklərə məxsus olduğunu etiraf etmək istəmirdilər. Bu abidələri alman qəbilələrinin, finlərin, slavyanların adına çıxmağa çalışırdılar. Halbuki bu abidələrin mövcud olduğu indiki Monqolustan ərazisi türklərin tarixi torpaqları, ilkin məskunlaşdığı ərazilərdəndir. Nəhayət, avropalıların içərisindən əsl həqiqəti etiraf edənlər tapıldı. Əvvəlcə danimarkalı alim Tomson, daha sonra rus alimi Radlov təsdiqlədi ki, Orxon-Yenisey abidələrinin daş kitabəsindəki yazılar əski türklərin yaddaş yeridir. Daşların qoruyub minilliklərdən bəri saxladığı bu yazılar isə türk xalqlarının tarixi, dili, mədəniyyəti, folkloru, məişəti, qəhrəmanlıqları baxımından  əvəzolunmaz  daş salnamədir”.

Yaddaşımızın “daş ünvanları olan Qobustanın Qayaüstü abidələri, Qazaxda, Gədəbəydə, Abşeronda, Kəlbəcərdə, Naxçıvanda, Qarabağda qeydə alınan qayaüstü təsvirlər, daha çox əski çağlardan, qədim yaşayış məskənlərindən soraq verən piktoqrafik yazılar bir daha türksoylu xalqların dəyərlərinin əyarına çevrilməklə yanaşı, daşın qüdrətini anlayan, onun dili ilə danışan sivilizasiyaların silinməz izlərini qoyan əcdadlarımızın qüdrətini, əzəmətini dünyaya nümayiş etdirir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda yanvarın 21-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin