Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Euronews” telekanalına ətraf mühitin mühafizəsi sahəsində IDEA-nın fəaliyyəti barədə danışıb.
Baki-baku.az xəbər verir ki, Leyla Əliyevanın sözlərinə görə, ekologiyanın ayrı-ayrı növlərin xilas edilməsindən və ya iqlim dəyişiklikləri ilə mübarizədən daha böyük məsələləri ehtiva etdiyi anlaşılır:
“Bu, bizim həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə göstərdiyi təsirlə bağlıdır. Bir çox ölkələr, təəssüf ki, öz qoruqlarını itirdiyi halda, Azərbaycan onları genişləndirməyə davam edir. Son illərdə iki yeni milli park yaradılıb, digərlərinin ərazisi isə genişləndirilib. Gələn il Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra ölkədə mühafizə olunan ərazilərin sahəsi ümumi ərazinin təxminən 30 faizini təşkil edəcək. Hazırda biz yeni və kəskin çağırışlara, xüsusilə Xəzər dənizindəki vəziyyətə – su səviyyəsinin azalmasına, çirklənməyə və dəniz faunasına, o cümlədən Xəzər suitilərinə qarşı artan təhlükəyə cəmlənmişik. Bu elə bir böhrandır ki, heç bir ölkə onu təkbaşına həll edə bilməz”.
Leyla Əliyevə həmçinin vurğulayıb ki, birlikdə hərəkət etməli və Xəzər dənizini ümumi milli sərvətimiz kimi dəyərləndirməliyik:
“Məncə, artıq elə bir mərhələyə gəlib çatmışıq ki, ekologiya söhbətlərdən yox, real fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacib idi, amma təbiətə artıq sözlər yox, bizim əməllərimiz lazımdır. Əsas olan nikbinliyimizi qorumaq, hər kəsin təkbaşına belə çox şeyi dəyişə biləcəyini anlamaqdır. Birlikdə isə möcüzələr yarada bilərik”.
Süjetdə daha sonra qeyd olunur ki, Azərbaycanda ekoloji fəaliyyət təkcə biomüxtəlifliyin qorunması ilə məhdudlaşmır. Milli təsisatlar və şirkətlər, o cümlədən IDEA İctimai Birliyi həm quruda, həm də dənizdə ətraf mühitin mühafizəsi istiqamətində çalışır. Bu fəaliyyətin ən aydın nəticələrindən biri ölkə üzrə milli parkların genişləndirilməsi və qorunmasıdır.
“Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişiklikləri, ekoloji təzyiq kimi çoxsaylı problemlər mövcuddur. İndi hərəkətə keçməyin vaxtıdır. Bizim gördüyümüz iş özümüz üçün deyil – dünya, təbiət və gələcək nəsillər üçündür”, – deyə “Euronews”a Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Biomüxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva bildirib.
O qeyd edib ki, Azərbaycanda ilk mühafizə olunan ərazi 1910-cu ildə yaradılıb və sonrakı dövrlərdə belə ərazilərin şəbəkəsi genişlənib.
“Hazırda ölkədə 12 milli park, doqquz dövlət milli təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Bu ərazilər imperator qartalı, dağ ceyranları, qonur ayı, dəniz qartalları – ağquyruq qartallar və digər nadir və nəsli kəsilməkdə olan növlərin məskənidir”, – deyə A. Babayeva bildirib.
Materialda vurğulanır ki, hökumətin milli parkların yaradılması istiqamətində apardığı işlər fonunda IDEA kimi yerli təşkilatların fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Bu təşkilatlar bizonların Azərbaycanın şimal bölgələrinə qaytarılmasına, həmçinin ölkənin “ən vacib sərvəti” olan Xəzər dənizinin qorunmasına töhfə veriblər.
“Qafqaz regionumuzun simvolu sayılan bizonlar çox qədim dövrlərdə ölkəmizdə yaşayırdılar. Biz bu layihəyə 2018-ci ildə başladıq və həmin ərazi bu növün bərpa oluna biləcəyi məkanlardan biri kimi seçildi. Daha sonra Avropa zooparklarında hələ də Qafqaz bizonunun genlərini daşıyan heyvanları tapdıq. Buna görə də buraya yalnız Qafqaz dağ bizonunun genlərinə malik fərdlər gətirildi. Hazırda onlar vəhşi təbiətdə yaşayırlar. Yay aylarında alp qurşağında otlayır, soyuq mövsümdə isə meşələrə enərək qışı meşəlik ərazilərdə keçirirlər”, – deyə Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan üzrə ölkə direktoru Elşad Əskərov bildirib.
Müəllif qeyd edir ki, IDEA Xəzər dənizi ilə bağlı layihələrdə də eyni yanaşmanı tətbiq edir.
“Xəzər dənizinin əsas problemlərindən biri də mikroplastiklə çirklənmədir. Böyük həcmdə plastik tullantılar digər ölkələrdən axınlarla Xəzər sahillərinə gəlib çıxır. IDEA-nın rəhbərliyi altında Xəzər sahillərinin bu plastik tullantılardan təmizlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir”, – deyə Coğrafiya İnstitutunun “Caspian Integrated Scientific Network” (CASPISNET) proqramının koordinatoru Elnur Səfərov bildirib.
Materialda həmçinin qeyd olunur ki, bu ekoloji təhdidlər fonunda tərəfdaşlıq, məsuliyyət və planetin gələcəyi kimi daha geniş mövzular da gündəmə gəlir. Bu səylər birlikdə ekosistemlərin qorunmasını gücləndirir, növlərin bərpasına töhfə verir və gələcək nəsillər üçün biomüxtəlifliyin qorunması məqsədilə quruda və dənizdə əməkdaşlığı inkişaf etdirir.