“Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən
güclü ölkəyə çevriləcək
və digər ölkələrə nümunə olacaqdır.
Mən Azərbaycanı belə görmək istəyirəm”
Prezident İlham Əliyev
Qısa müddətdə keçid iqtisadiyyatını arxada qoyan Azərbaycanda həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaradıb və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaradıb. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatını daha da zirvələrə daşıyır. Sosial-iqtisadi inkişafda əldə edilən böyük nailiyyətlər, islahatların düşünülmüş şəkildə aparılması, iqtisadiyyatın müasirləşməsi sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş verib. Ölkənin iqtisadi inkişafının davamlı olmasını özünün iqtisadi siyasətinin təməl prinsipi kimi dəyərləndirən Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmini belə vurğulayıb: “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”.
Baki-baku.az əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və dayanıqlı inkişaf yolunun bəzi məqamlarına nəzər salır.


Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunur. Təkcə 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % artıb. Cari ilin 10 ayında xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9 % çoxalıb.
“Ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik – bütün bunlar çox önəmli amillərdir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, bəzi yerlərdə investisiyalar üçün ümumiyyətlə şərait yoxdur. Çünki investor riskli ölkəyə getməz”.
Son bir ildə iqtisadiyyatın artımında sərmayə qoyuluşu da əhəmiyyətli rol oynayıb. Yanvar-noyabr aylarında əsas kapitala yönəldilən vəsaitlərin həcmi 3 % artıb, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 9 % çoxalıb. Qeyd edilən dövrdə xarici investisiyalar 26,9 % artıb. Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 8,3 % artıb. Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar isə 7,2 dəfə artıb

“Dürüstləşmədən sonra builki dövlət büdcəmiz məncə, Azərbaycan tarixində ən böyük büdcədir və biz istəyirik ki, artan imkanları maksimum səmərə ilə ölkəmizin inkişafına və insanların sosial rifahına yönəldək”.
İqtisadi imkanlar artdıqca dövlət büdcəsinin gəlirləri və xərcləri də artıb. Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 35 milyard 625,6 milyon manat vəsait daxil olub, büdcədən 31 milyard 414,7 milyon manat vəsait xərclənib, büdcənin icrasında 4 milyard 210,9 milyon manatlıq profisit yaranıb.
Qeyd olunan dövrdə əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 8,9 % çoxalıb. 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % artaraq 1086,3 manat təşkil edib. Bu ilin yanvar-noyabr aylarında isə əhalinin gəlirləri nominal ifadədə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1 % artaraq 80,7 milyard manat olub.
Mərkəzi Bankın məlumatına görə noyabrın 1-i vəziyyətinə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 % artaraq milli valyuta ekvivalentində 15 milyard 907,1 milyon manat təşkil edib.
“Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib”
Azərbaycanın bütün uğurlarının, inkişafının təməlində iqtisadiyyatın inkişafı dayanır, ölkə iqtisadiyyatının da təməlində neft strategiyası durur. Bu sektorda həyata keçirilən böyük layihələr, imzalanan kontraktlar, atılmış düzgün addımlar ölkəmizi bu günədək bir çox iqtisadi böhranlardan minimum itkilərlə çıxarıb. İstər “Yeni Əsrin müqaviləsi”, istərsə də Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələr Azərbaycanın gəlirlərini artırmaqla yanaşı, ona əlavə üstünlüklər qazandırır, “Əsrin müqaviləsi” ilə qazandığı etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir.



“Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb”.
“Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində müəyyən edilmiş beş milli prioritetdən biri təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsidir. “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nda da bu prioritetlə bağlı konkret vəzifələr öz əksini tapıb. Ölkədə quraşdırılmış gücün bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən azı 30 %-ə çatdırılması planlaşdırılır və azad edilmiş ərazilərdə sıfır emissiyalı “Yaşıl Enerji Zonası”nın yaradılmasına nail olmağı hədəf seçmişik.
Azərbaycanın “yaşıl artım” ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın, həmçinin “yaşıl enerji” istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Hazırda beynəlxalq enerji şirkətləri – “Masdar”, “ACWA Power” və BP ilə külək və günəş enerjisi layihələri həyata keçirilir.
Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması baş verir ki, bu layihə “yaşıl enerji” dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Beləliklə, ölkəmizin Avropanın enerji təminatını bu dəfə “yaşıl enerji” vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür. Prezident İlham Əliyevin iştirakı ilə imzalanan Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində dördtərəfli əməkdaşlığın əsasını qoyur. Saziş bərpaolunan enerji mənbələrindən istifadəni təşviq etmək üçün əməkdaşlığın gücləndirilməsi, “yaşıl enerji”nin tranzit ötürülməsi və təchizatı kimi məsələləri ehtiva edir. Sazişin mühüm nəticəsi olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng külək enerjisi də daxil olmaqla bərpaolunan enerji hesabına istehsal olunacaq elektrik enerjisinin Gürcüstan vasitəsilə Qara dəniz sualtı kabeli ilə Rumıniya və Macarıstana, həmçinin digər Avropa ölkələrinə ötürülməsi üçün infrastruktur imkanlarının yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz töhfə olmaqla, həmçinin “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır.


“Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın”.
Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
Ölkədə iqtisadi artımın bərpası, qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2025-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 % əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat və ya 2,1 % artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 102,7 % icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,7 % artıb.
Ödənilən vergilərin 73,1 %-i qeyri-neft-qaz sektorunun, 26,9 %-i isə neft-qaz sektorunun payına düşüb.
2025-ci ilin yanvar – noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 % və ya 601,3 milyon manat artıb.
Bu göstəricilər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasının nəticəsidir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu var. Ümumiyyətlə, təhlillər göstərir ki, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrdə, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir.
Dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə, vergiödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının bundan sonra da fəaliyyətinin başlıca prioritetləri olacaq.
“Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”
Uğurlu iqtisadi-maliyyə siyasəti nəticəsində ölkəmizin xarici dövlət borcu əhəmiyyətli dərəcədə azalıb. Bu həm bu gün, həm gələcək nəsillər üçün üstünlükdür. Azərbaycanın kredit reytinqi də yaxşılaşır.
Azərbaycanın 2025-ci il oktyabrın 1-i vəziyyətinə xarici dövlət borcu 4 milyard 893,1 milyon ABŞ dolları olub.
Bu da 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 %-ni təşkil edib. 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalıb.
Qeyd edilən dövr üçün ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfə üstələyir.

“Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük”
Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır. Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib.
İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur.
Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Artıq 8 ilə yaxındır istifadəyə verilən BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.
BTQ-nin əsas missiyası yalnız Asiya ilə Avropa arasında yükdaşımalarını həyata keçirmək deyil. Eyni zamanda, Şimaldan və Cənubdan gələn yüklərin Asiya və Avropaya daşınmasını təmin etmək də bu dəmir yolu xəttinin əhəmiyyətini bir daha göstərir. “Şimal-Cənub” və “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi cəhətdən ən optimal marşrutdur. Marşrutun yük bazasını Hindistan və Körfəz ölkələrinin Rusiya, Skandinaviya bölgəsi və Şimali Avropa ölkələri ilə ticarəti təşkil edir.



Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi ölkənin müasir inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib.
İllərlə işğal altında qalmış torpaqların yenidən dirçəldilməsi həm mühəndislik və tikinti layihələrinin icrası, həm də tarixi ədalətin bərpası, məcburi köçkünlərin doğma yurdlarına layiqli şəkildə qayıdışı və regionun təhlükəsiz gələcəyinin qurulması deməkdir.
Bu genişmiqyaslı işlərin effektiv koordinasiyası üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə bütün məsələlərin vahid mərkəzdən idarə olunmasını təmin edən Əlaqələndirmə Qərargahı yaradıldı.
Dövlətimizin başçısının bölgələrə mütəmadi səfərləri, infrastruktur layihələrinin gedişinə birbaşa nəzarəti və hər bir obyektin strateji əhəmiyyətinin dəqiq dəyərləndirilməsi sayəsində Qarabağ və Şərqi Zəngəzur qısa müddətdə müasir nəqliyyat şəbəkəsinə çevrildi. Bərpa prosesinin ilk hədəflərindən biri kimi hava, dəmir yolu və avtomobil yollarının formalaşdırılması bu ərazilərin gələcək inkişafının əsasını qoyur.


Yeni hava limanları – azad edilmiş torpaqların dünyaya açılan qapısı
Prezident İlham Əliyevin siyasi iradəsi və müvafiq sərəncamları nəticəsində cəmi bir neçə il ərzində Füzuli, Zəngilan və Laçında beynəlxalq standartlara cavab verən üç hava limanı inşa olunub.
Hər üç hava limanının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə iştirak ediblər.
Beləliklə, cəmi bir neçə il ərzində azad edilmiş Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası I Dövlət Proqramında qarşıya qoyulan əsas hədəflərdən birinin tam həyata keçirildiyini göstərir. Laçın Hava Limanının istifadəyə verilməsi ilə ölkədə beynəlxalq hava limanlarının sayı doqquza çatıb.



Regionun dayanıqlı inkişafına xidmət edən yeni dəmir yolu şəbəkəsi
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma siyasətinin əsas hədəflərindən biri regionu müasir nəqliyyat sisteminə inteqrasiya etməkdir. Bu baxımdan dəmir yollarının tikintisi iqtisadi canlanmanın, insanların təhlükəsiz və komfortlu hərəkətinin təmin edilməsində mühüm rol oynayır.
Hazırda azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin tikintisi geniş miqyasda davam edir. Layihələrin ox üzrə ümumi uzunluğu 185,5 kilometr, yan yollarla birlikdə isə 229,257 kilometr təşkil edir. Bu çətin relyefdə mühəndislik baxımından kompleks həllər tələb edən işlər də nəzərdə tutulub: ümumi uzunluğu 5204,4 metr olan 49 körpünün və uzunluğu 2345 metr olan 4 tunelin inşası planlaşdırılıb. Artıq 4441 metr uzunluğunda olan 42 körpünün tikintisi tamamlanıb, 3 körpü istismara verilib. Tunellərdə və digər körpülərdə işlər ardıcıl şəkildə davam etdirilir.
Dövlətimizin başçısının birbaşa nəzarəti ilə həyata keçirilən işlər razılaşdırılmış qrafikə uyğun davam etdirilir və bölgənin dayanıqlı inkişaf modelinin formalaşmasına mühüm töhfə verir.
Azad edilmiş ərazilərdəki yeni avtomobil yolları
Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı inkişafın və həyat səviyyəsinin təmin olunması ilə bağlı avtomobil yolları infrastrukturunun təmir və bərpası, yenidən qurulması, həmçinin yeni avtomobil yollarının tikintisi əsas prioritetlərdəndir. 2025-ci il oktyabrın 1-dək 60 layihə üzrə ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yollarının tikintisi nəzərdə tutulub. Avtomobil yolları üzərində ümumi uzunluğu 69,1 kilometr olan 45 tunelin tikintisi aparılır. Bunlardan uzunluğu 56,6 kilometr olan 28 tuneldə qazma işləri başa çatıb. Ümumi uzunluğu 9 581,6 pm olan 447 körpünün tikintisi aparılır. Bunlardan uzunluğu 8 839,1 pm olan 392 körpünün tikintisi başa çatıb. Ümumi uzunluğu 3 871 pm olan 16 viadukun tikintisi aparılır. Tikintisi aparılan viaduklardan uzunluğu 1 965 pm olan 9 viadukun tikintisi başa çatıb.
Bundan başqa, azad edilmiş ərazilərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq ümumilikdə 19 marşrut xətti təşkil edilib. Bunlardan 4-ü ərazilərə ziyarət xarakterli səfərlərin təşkil edilməsi üçün, 15-i isə şəhərlərarası və rayonlararası daşımaların həyata keçirilməsi üçün təşkil edilmiş marşrut xətləridir. Təşkil olunmuş marşrutlar üzrə fəaliyyətə başladığı dövrdən 2025-ci il iyulun oktyabrın 30-dək təxminən 127,8 min sərnişin daşınması təmin edilib.
Son beş ildə görülən işlərin miqyası həm regionun gələcəyinə verilən siyasi qiymətin göstəricisi, həm də Prezident İlham Əliyevin qətiyyətli, ardıcıl və uzaqgörən liderliyinin konkret nəticəsidir.

Ölkəmizin uğurlu inkişafı, iqtisadi sahədə qarşıya qoyulan bütün vəzifələrin uğurla icrası nəyinki əhalinin yaşam səviyyəsinə müsbət təsir edir, eyni zamanda, beynəlxalq miqyasda nüfuzunu artırır. Dövlətimizin başçısı tərəfindən aparılan mükəmməl iqtisadi strategiya, həmçinin Azərbaycana dünyada siyasi zəmanət qazandırır. Prezident İlham Əliyevin “Güclü iqtisadiyyat ən önəmli şərtdir. Azərbaycanda bütün məsələləri həll etmək üçün ilk növbədə iqtisadiyyat güclü olmalıdır” sözləri iqtisadiyyatın müstəsna rolunun qiymətləndirilməsi baxımından xüsusi məna kəsb etməklə Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamının məntiqi davamı kimi də dəyərləndirilə bilər.
“Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik – bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın”.
Elvin Camalov