Bakının dünya neft emalı inqilabı
Neft sivilizasiyasının tarixi çox vaxt onun doğulduğu yerdən başlanmır. Dərsliklər hələ də oxucunu “qara qızıl” ifadəsinin ilk dəfə səsləndiyi Amerika Pensilvaniyasına aparır. Amma səhifələri bir az da geri çevirmək, tanış miflərin arxasına keçmək və autentik tarixi materiallara nəzər salmaq kifayətdir ki, aydın olsun: əsl energetika inqilabı okeanın o tayında baş qaldırmayıb. O, özü-özünə yanan bir torpaqda — Abşeron yarımadasında doğulub.
Bu torpaq nefti insanlıq onun sənaye əhəmiyyətini dərk etməzdən çox əvvəl tanıyırdı. Burada od yerin altından sanki planetin nəfəsi kimi çıxırdı.
Və təsadüfi deyil ki, məhz əbədi od məbədi “Atəşgah”ın yanında – Suraxanıda 1857–1859-cu illərdə inşa edilən dünyanın ilk kerosin neftayırma zavodu gələcək dünya neft-kimyasının ilk qığılcımı oldu.

İnanmaq çətindir ki, bu gün dəyəri trilyonlarla dollarla ölçülən dünya sənayesi bir vaxtlar yerli neft hopmuş torpaqlardan – kirədən başlayırdı. O kirədən qaralmış kütləni qazıyıb çıxarır, ibtidai retortlarda təbii qazla qızdıraraq (elə o qaz da yerin altından süzülüb çıxırdı) qaynadıb emal edirdilər. Amma məhz buradan xam yeraltı sərvətin dövlətlərin iqtisadiyyatını dəyişən, küçələri işıqlandıran, ixtiraçıları ruhlandıran və neft biznesinin nəhənglərini yaradan beynəlxalq məhsula çevrilməsi başladı.
Bu yol təkcə texnoloji təkamül deyil. Bu, insan cəsarətinin, sahibkarlıq intuisiiyasının və elmi uzaqgörənliyin tarixidir. Heç bir presedenti olmadan sonradan qlobal standarta çevrilən bir sahəni yaradan insanların salnaməsidir.
Və onların arasında birinci olan Vasili Aleksandroviç Kokorev idi – maqnat, xeyriyyəçi, sənaye dövrünün bir növ macəraçısı, zavodu heç kimin potensial görmədiyi bir yerdə qurmağa cəsarət edən adam.

Ancaq bu zavodun tarixçəsini xüsusilə heyrətamiz edən təkcə onun sənaye baxımından unikal olması deyil. XIX əsrin ən böyük zəkalarının adları ilə necə qovuşmasıdır. Suraxanıda ilk dəfə neftə elmi yanaşmanı əbədi dəyişdirən ideyaların səslənməsidir. Buraya gənc Dmitri Mendeleyev gəlmişdi – hələ cədvəlin yaradıcısı deyildi, amma artıq üç həftəyə bütün sahəni dəyişməyi bacaran bir dahiydi.
Abşeron təkcə xəritədə bir nöqtə olmadı – o, müasir neft emalının başlandığı ilkin mənbəyə çevrildi. Kerosin burada yarandı, ilk şaquli inteqrasiya olunmuş neft şirkəti burada formalaşdı, Avropa ilk dəfə Amerika kerosinindən alternativi məhz burada gördü. İnsanlığın sonradan “tərəqqi” adlandıracağı o işıq da burada yandı.
Bu çevrilişin miqyasını anlamaq üçün XIX əsrin Suraxanısına – hər şeyin yeni başlandığı, amma dünyanın bir daha əvvəlki kimi olmayacağının artıq hiss edildiyi dövrə qayıtmaq lazımdır.
Əsrlər boyu Atəşgahın alovuna şahidlik etmiş Suraxanı torpağı birdən-birə heç kimin mümkün saymadığı bir təcrübənin meydanına çevrildi. Hər şey adi kirdən – neft hopmuş torpaq qatından başlayırdı. Həmin kiri yerin altından süzülüb çıxan təbii qazla qızdırır, sanki torpağın əbədi alovundan pulsuz yanacaq kimi istifadə edirdilər. Lakin bu ibtidai texnologiyadan Rusiya imperiyasının iqtisadiyyatını silkələyən, Amerika neft nəhənglərinə meydan oxuyan böyük bir sənaye doğuldu.
Dünyanın ilk kerosin zavodunun tarixi isə Vasili Aleksandroviç Kokorevin siması olmadan mümkün deyil. O, XIX əsrin nadir sahibkarlarından biri idi.
Məhz o, Baron Tornounun ideyasından ilhamlanaraq “V.A. Kokorev və Kompaniya Zakaspi Ticarət Cəmiyyəti”ni yaratdı və Suraxanıya o zaman heç kəsin anlamadığı alman texnologiyalarını gətirdi. Lakin tezliklə məlum oldu ki, mövcud üsul çox az məhsul verir – cəmi 15%.


İrəliyə doğru sıçrayış lazım idi. Öz yaxın tanışı – uzun müddət Moskva Universitetində dərs demiş akademik Mixail Poqodinin vasitəsilə Kokorev universitetin “farmasiya” magistri Vasili (Vilhelm) Eyxlerin neftlə bağlı tədqiqatlarından xəbər tutur və 1860-cı ildə onu Suraxanı zavoduna “məsləhət xidmətləri” göstərməsi üçün dəvət edir. Moskvalı kimyaçı radikal addım təklif edir – kirdən imtina etmək və xam Balaxanı neftini emal etmək. Bütün avadanlığı dəyişmək lazım idi, risklər çox böyük idi, lakin Kokorev buna cəsarət göstərdi. Nəticədə yeni bir məhsul yarandı – fotonaftil, “neftin işığı”, gələcək kerosin.
Hazır məhsulun çıxımı demək olar, iki dəfə artır – 15%-dən 25–30%-ə. Amma bu hələ başlanğıc idi.
Sonra baş verənləri kiçik bir əyalət zavodunda Eynşteynin peyda olması ilə müqayisə etmək olar. 1863-cü ildə Kokorev Bakıya hələ heç kimə tanış olmayan, Peterburq Universitetinin gənc privat-dosenti Dmitri İvanoviç Mendeleyevi dəvət edir. Altı il sonra periodik cədvəli yaradacaq Mendeleyevi. Dünyanın kimyasını dəyişəcək Mendeleyevi. O vaxt isə o, sadəcə istedadlı bir eksperimentçi idi. Ondan soruşulan sual isə çox sadə idi: zavodu bağlamaq, yoxsa xilas etmək? Və o, zavodu xilas etdi.
Cəmi üç həftədə Mendeleyev zavodun bütün iş dövrünü dəyişdi, onu fasiləsiz etdi, kerosin əldə etməyin yeni metodlarını işləyib hazırladı, quyular qazmaq əvəzinə neftin buruqla çıxarılmasını təklif etdi, qiymətlərin düşməsinə baxmayaraq Suraxanı zavodunu gəlirli edən bir sistem yaratdı.
Bu, miqyasına görə ABŞ-da ilk neft quyusunun açılması ilə müqayisə oluna biləcək texnoloji sıçrayış idi.
Kokorevin fotonaftili bazara çıxır. Əvvəlcə tələbat azalır, lakin bir müddət sonra dünya Bakı kerosininin keyfiyyətini görür.
Beynəlxalq uğurlar:
1862 – London Ümumdünya sərgisində gümüş medal
1865 – Moskva manufaktura sərgisində Böyük gümüş medal
1870 – Peterburq manufaktura sərgisinin ali mükafatı
Amerikalılar gec başlayır, amma onların pensilvaniya nefti rəqabət apara bilmir. Bakı kerosini daha parlaq, daha təmiz və qoxusuz yanır. Şirkət öz lövhələrində dövlət gerbini təsvir etmək hüququ alır – bu, ən yüksək tanınma idi.
Neft icarəsi sisteminin ləğvi (burada Kokorevin böyük rolu olub) yeni bir dövr açdı. O, tərəfdaşı P. Quboninlə birlikdə dünyanın ilk şaquli inteqrasiya olunmuş səhmdar neft şirkəti – Bakı Neft Cəmiyyətini (BNÇ) yaradır. Üç il sonra BNÇ Rusiya neft sənayesinin liderinə çevrilir.
1879-cu ildən etibarən Suraxanı–Zığ kerosin kəmərinin çəkilməsi, İsveçdə 5000 tonluq ilk “Suraxanı” tankerinin sifarişi, ABŞ idxalının Rusiya bazarından sıxışdırılmağa başlanması gəlir. Bakı nefti qlobal oyunçuya çevrilir.
Bu gün neft nəhəngləri dünya bazarlarına hökm edərkən, enerji texnologiyaları sürətlə dəyişərkən, çox asandır unutmaq ki, bütün bunlar nə göydələnlərdən, nə ofşor platformalarından, nə də milyardlıq holdinqlərdən başlamayıb. Hər şey burada – Suraxanı küləkləri arasında, alovlu Atəşgəhın yanında, təbii qazla qızdırılan adi taxta retortların arasında başladı. Kirdən başladı, öz dövrü üçün dəli görünən kiçik bir təcrübədən.
Amma məhz həmin təcrübə dönüş nöqtəsi oldu. O, Mendeleyevi Bakıya gətirdi. Dünyaya kerosini tanıtdı. Sübut etdi ki, Abşeron təkcə xammal vermir, həm də dünya energetikasının qaydalarını diktə edə bilir. Suraxanı zavodu təkcə müəssisə deyildi – o, gələcəyin laboratoriyası idi, öz dövrünü on illərlə qabaqlayan ideyaların doğulduğu yer idi.
Və əgər bu gün soruşsaq: müasir neft sivilizasiyasının tarixi haradan başlayır? Doğru cavab sadə və qürurverici səslənəcək – o, Azərbaycandan başlayır. Suraxanından. Torpağın özü kimi alovlanan bu diyardan. İnsan ilk dəfə işığı idarə edə bildiyini burada anladı.
Abşeron təsadüf deyil, başlanğıc nöqtəsidir. Taleyin yazısıdır.
Və sivilizasiyanın işıqları yanmağa davam etdiyi müddətcə, ilk şölənin məhz burada – Bakı səmasının altında yandığı yaddaş da yaşayacaq.
Hacı Cavadov