Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2025

Paylaşın

TARİXİMİZ

Zemfira Məhərrəmli: “Jurnalistika mənim fikirlərimin tərcümanı ola bilərdi”

Zemfira Məhərrəmli

Ədəbiyyat və jurnalistika özü-özlüyündə sanki bir-birinə hörülmüş sahələrdir. Və bu iki sahənin bir adamda ali səviyyədə birləşməsi möcüzə kimidir. Bugünkü müsahibim Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru, “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “Qarabağ müharibəsi: zərif talelər”, “Arabadakı adam” və s. kitabların müəllifi Zemfira Məhərrəmlidir.

Vətənə xidmət arzusu və peşə axtarışı

Mən ədəbiyyatı çox sevirdim və düşünürdüm ki, bəlkə də yaxşı jurnalist ola bilərəm. Axı jurnalistika yazı-pozu sənətidir, dilə, ədəbiyyata bağlıdır. Jurnalist həm ədəbiyyatı, həm tarixi, həm də öz doğma dilinin incəliklərini yaxşı bilməlidir; bunlar olmadan yaxşı jurnalist olmaq çətindir. Bütün bunları götür-qoy edəndə özümə bir sual verdim: “Zemfira, jurnalist olmaq istəyirsən? Niyə?”

Orta məktəbi bitirməyimə az qalırdı. Düşünürdüm ki, hər bir insan öz xalqı üçün bir iş görməlidir; sənin içini yandıran, Vətənə lazım olan işləri görməlisən. Bu baxımdan fikirləşirdim ki, jurnalistika düşüncələrimin tərcümanı, gerçəkləşdirmək istədiklərim üçün bir vasitə ola bilər.

Zemfira Məhərrəmli

Uşaqlıq və gənclik xatirələri: Bir “dörd”ün ağır yükü

O illərdə anam xəstə idi, xəstəxanada yatırdı. Evdə özümdən kiçik uşaqlara baxırdım, yemək bişirirdim. Bir gün coğrafiya dərsindən “dörd” aldım. Müəllim məni danladı, amma mən deyə bilmədim ki, anam xəstədir, ev işləri mənim boynumdadır.

Həmin gün dolma bişirib anamın yanına getmişdim. Hamı bükdüyüm dolmaya heyran qalmışdı, amma müəllim-     anamın ilk sözü bu oldu: “O “dörd” nə idi?..”

Bu məni həm utandırdı, həm də düşündürdü.

“Bakı” və “Baku” qəzetlərinə yol: Nəsir müəllimin dəstəyi

Universitetə “5/5”-lə qəbul oldum. Birinci kursda bizə ustad jurnalist Nəsir İmanquliyev dərs deyirdi. O, daim deyirdi:

– “Hər gün mütləq nəsə yazın. Dostunuza məktub yazın, bir xəbər yazın, bir məqalə yazın. Əliniz yazıya öyrəşməlidir.”

İkinci kursda oxuyanda mənə dedi:

– Sinifkom, Əliağa Kürçaylının yeni kitabı çıxıb, get ondan müsahibə al.

Mən qorxa-qorxa dedim:

– Olar bir neçə gün sonra gedim? Gərək əvvəl yaradıcılığı ilə tanış olum…

Nəsir müəllim gülümsədi və dedi:

– Afərin. Əlbəttə, əvvəl oxu, öyrən, sonra get.

Müsahibəyə belə başlıq qoymuşdum: “Gərək yarımçıq qalan ömürləri yaşayım.”

Sonra məni Bayram Bayramovdan müsahibə almağa göndərdi. Beləcə jurnalistikaya ilk addımlarım başladı.

Zemfira Məhərrəmli

Təyinat dramı: Nəsir müəllimin qəzəbi və gülüşü

Dövlət imtahanlarına hazırlaşırdıq. Bir gün dekanlığa jurnal götürməyə girdim. Nəsir müəllim qoltuğunda qovluq içəri daxil oldu. O, çox əzəmətli, hündür bir kişi idi. Mən onu görəndə həmişə bu misra yadıma düşürdü:
“Bənzərəm bir qocaman dağa ki dəryada durar!”

Məndən soruşdu:

– Təyinatın hara verilib?

– AZTV-yə, – dedim.

Əsəbiləşdi, Şirməmməd müəllimin yanına getdi:

– Şirməmməd, mənim qadromu (özü belə deyirdi) hara aparırsız? Neçə ildir burada qəzet üçün jurnalist yetişdiririk!

Sən demə, məni “Bakı” qəzetinə aparmaq istəyirmiş. Mənim ixtisasım radio-televiziya jurnalistikası olsa da, qəzet məni həmişə daha çox çəkirdi. Nəsir müəllim məsələni həll etdi, təyinatımı dəyişdirdi.

Sonra zarafatla dedi:

– Qulunun da təyinatı AZTV-yədir, sənin də? Evdə də bir yerdə, işdə də bir yerdə olacaqsız? Sən o gözəl-göyçək oğlana imkan verməyəcəksən orda qəşəng qızlara baxsın?

O gülümsəyirdi, amma mən həyəcandan ölürdüm. Beləcə, mənim təyinatım “Bakı” qəzetinə verildi və mən orada düz 25 il çalışdım.

İlk yazıların sevinci və ilk qonorar

İlk yazılarım çıxanda sevincdən uçurdum. Sonradan eşitdim ki, “letuçka”larda yazılarımdan danışırlarmış. Nəsir müəllim çox tələbkar, həm də zarafatcıl idi.

İlk qonorarım poçtla evə gəlmişdi. Anam mənə uzadanda gözlərim doldu. Məbləğ böyük deyildi, amma mənim üçün dünyalara bədəl idi. İlk tələbə təqaüdümün isə maraqlı tarixçəsi var. Uşaqlıqda həyətdə oynayarkən hovuzda boğulmuşdum. Məni bir loğman qadın xilas etmişdi. İlk təqaüdümlə onun üçün pay-pürüş alıb, anamla onu ziyarətə getdim. Bu mənim borclu olduğum təşəkkür idi.

Zemfira Məhərrəmli

Müharibə: cəbhə xatirələri, qorxu, şücaət

Birinci Qarabağ müharibəsində mən ən aktiv jurnalistlərdən biri idim. Daim cəbhə xəttində idim, odun-alovun içindən “Bakı” qəzeti üçün reportajlar hazırlayırdım.

Bir dəfə komandirdən müsahibə alırdım. Adını soruşdum. Dedi:

– Cəfər.

Yanındakı əsgər təəccübləndi. Sən demə, komandirin adı Yavər imiş. Qardaşı Cəfər isə üç gün əvvəl şəhid olubmuş və o, qardaşını yaşatmaq üçün özünə Cəfər adını götürmüşdü.

Ağdərədə ağır döyüşlər gedirdi. Tərtərdə qonaq evində qalırdıq. Səhər Ağdama getməli idik. Evə zəng vurdum. Kiçik qızım Şəhla danışanda ağlamsındı:

– Mama, sən gəlmirsən? Formamın ağ qolçaqları çirklənib, müəllimə danlayacaq…

Çox kövrəldim. Uşağın məktəb intizamını düşünməsi, məsuliyyəti məni sarsıtdı.

Aqibət Səmədovun batalyonunda döyüşən bir qız vardı. Həm tibb bacısı, həm döyüşçü idi. Ondan müsahibə almaq üçün gecə mən, fotoqraf Hicran Babayev, iki əsgər və sürücü yola düşdük. Bizə köhnə avtobus verdilər. Yolda avtobusu ermənilər atəşə tutdular. Güllələr içəridən keçirdi. Təkərə vurmaq istəyirdilər ki, bizi ələ keçirsinlər. Ölüm bir addımlığımızda idi. O anda sürücü özünü iturmədi, elə peşəkarcasına sürdü ki, bizə heç nə olmadı.

– Qorxmurdunuz?

– Qorxu vardı, əlbəttə. Salatın Əsgərova da, Çingiz Mustafayev də şəhid olmuşdu. Amma Vətən sevgisi yolumuza işıq salırdı.

Ədəbiyyat və yazı arzusu

“Atəşkəs” dövründə “Döyüşə qızlar gedir” kitabım çıxmışdı. Xalq şairi Qabil redaksiyaya şeirlər gətirəndə kitabımı görüb, birini “General” romanının müəllifi   Hüseyn Abbaszadə üçün istədi. Mənim üçün böyük həyəcan idi.

Bir müddət sonra Hüseyn müəllim zəng edib dedi:

– Qızım, kitabı oxudum. Böyük Vətən müharibəsi illərini görmüş biri kimi səngər həyatımı burada yenidən yaşadım.

Bu sözlər mənə böyük güc verdi.

Qulu Məhərrəmli ilə bir ömür

Biz bakılı, Qulu müəllimgil zəngilanlı. Onlar bizə elçi gələndə atam narahat idi: “Zəngilandan Bakıya gəlirlərsə, deməli, uşaqlar bir-birinə inanır.”

Sonra araşdırdı, razılaşdı və biz evləndik.

Jurnalistika məsələsinə gəldikdə isə… Mən bütün uğurlarımda Qulu müəllimə borcluyam. O, həm həyat yoldaşım, həm sənət dostum, həm yol yoldaşımdır.

Biz bir-birimizi anlayırdıq. O çəkilişə gedəndə mən uşaqlarla qalırdım, mən reportaja gedəndə o. Xocalıda blokadaya düşəndə Allah yol açdı, o da son anda vertolyotla qayıtdı, sağ-salamat evinə gəldi. O, “Bir zülmət ada idi Xocalı” silsiləsini yazırdı, mən Tərtərdən, Ağdərədən, Ağdamdan reportajlar edirdim.

Hər ikimiz cəbhədə olanda isə uşaqlara isə anam baxırdı. Bir gün anam ağlayıb dedi:

 “Sizdən bir xahişim var. Biriniz gedəndə, biriniz evdə olun. Uşaqlar yazıqdı…”

Salatın və Çingizin şəhidliyi onu çox sarsıtmışdı.

Beləcə bir ömür əl-ələ, çiyin-çiyinə həm yaşadıq, həm işlədik, həm də uşaqlarımızı böyütdük…

Söhbətləşdi: Xanım Aydın

Fotolar: Murad Muxtarov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Lahıc qəsəbəsində Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi üçün inşa olunan yeni inzibati binanın bu ilin sonuna qədər
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin