Bakı səmasının altında, dənizin duzlu nəfəsinin şəhərə dolandığı yerdə bir bina var ki, onun hər daşında həm zəhmətin, həm də zövqün izləri görünür. Bu bina – Hacı Zeynalabdin Tağıyevin sarayı, bugünkü Azərbaycan Tarix Muzeyidir. Memarlıq abidəsi olan bu bina bir xalqın dirçəliş ideyasının, bir insanın iradə və uzaqgörənliyinin daşlaşmış rəmzidir.
Səxavətin və sevgisinin simvolu
1893–1902-ci illərdə inşa olunan bu möhtəşəm saray, milyonçu, xeyriyyəçi və maarifpərvər Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanıma hədiyyəsi idi. Bəli, bu bina bir sevgi, hörmət, diqqət nişanəsi idi. Amma eyni zamanda da, onun dünyaya, sənətə və vətənə baxışının bədii ifadəsi idi. Mülki mühəndis İosif Qoslavskinin rəhbərliyi ilə tikilən saray Bakının mərkəzində bütün bir kvartalı əhatə edir və hər dörd tərəfi ilə əzəmət saçır.
Dörd mədəniyyətin görüş yeri
Tağıyevin sarayı sanki Qərb ilə Şərqin qovuşduğu bir memarlıq ansamblıdır. Əsas fasadı italyan renessansının nizamlı simmetriyasını daşıyır, yemək otağında flamand barokkosunun cazibəsi hiss olunur, təmizlik otağında fransız rokokosunun zərifliyi, yataq otağında isə modern üslubunun incəliyi görünür. Amma bütün bu üslubların içində Azərbaycan memarlıq ruhu gizlənib – tağlarda, ornamentlərdə, işıq oyunlarında.
Sarayın içi bir nağıl kimi idi: mərmər pilləkənlər, rəngli güzgülərlə bəzədilmiş sütunlar, Rusiyadan gətirilmiş ağcaqayın ağacından hazırlanan parketlər, Fransadan gələn çilçıraqlar və Alman ipəyindən tikilmiş pərdələr. Divarların naxışlarına təkcə qızıl yox, zövq və ideya işlənmişdi – deyirlər, tavan bəzəklərinə 40 min rubl dəyərində qızıl sərf olunmuşdu.
270 ustanın əlləri
Sarayın inşasında 270 mühəndis, memar, dülgər və nəqqaş çalışmışdı. Onların əməyinin nəticəsində yaranan bu əsər sanki sənətin, zəhmətin və zənginliyin sintezi idi. Hər detalda dəqiqlik, hər otaqda bir konsepsiya vardı.
Tağıyev özü Qoslavskini sadəcə memar kimi deyil, sənətkar kimi sevirdi. Onun himayəsi ilə Qoslavski Bakıda bir sıra memarlıq incilərinə imza atdı: Müsəlman qızlar məktəbi, Tağıyevin teatrı, Mərdəkan villası və əlbəttə ki, bu saray.
İşıqdan muzeyə
1914-cü ildə sarayın bir hissəsində Tağıyevin rəhbərlik etdiyi Bakı Tacir Bankı fəaliyyət göstərirdi. Amma 1920-ci ildə bolşeviklər Bakını ələ keçirəndə, Hacının bütün var-dövləti kimi saray da müsadirə olundu. Onun otaqlarında artıq musiqi yox, dövlət idarələrinin səsi eşidilirdi. 1920-ci ildən binada Azərbaycan Dövlət Tarix Muzeyi fəaliyyət göstərməyə başladı.
XX əsrin ortalarında saray bəzən “burjua qalığı” adlandırılaraq zərər gördü: güzgülü otaqlardakı divar rəsmləri suvaq altında gizlədildi. Lakin tarix ədalətlidir – 2000-ci ildə aparılan bərpa işləri zamanı həmin təsvirlər yenidən aşkarlandı və dirçəldildi.
Beləcə, saray öz simasını, öz ruhunu geri aldı.
Tağıyevin ruhu bu binadadır
Bu gün muzeyin zallarında gəzərkən, sanki Hacının addımlarını eşidirsən. Onun baxışları bu daşlarda, onun əlləri bu pillələrdə, onun səxavəti bu binanın havasında hiss olunur. Hər guşə sanki pıçıldayır:
“Mən zəngin oldum ki, millətim maariflənə bilsin.”
Tağıyevin sarayı – bu gün Azərbaycan xalqının tarixi yaddaşının mərkəzinə çevrilib. O, həm bir memarlıq incisi, həm də mənəvi abidədir. Bəlkə də, bu bina tikiləndə alnına yazılan tarixi taleyi onun Tarix Muzeyi olması üçün ən yaxşı məkan etmişdi.
Xanım Aydın