Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/22/2025

Paylaşın

TARİXİMİZ

Qarabağa səfərim və Əbdülkərim bəy Mehmandarovun ev-muzeyi

Əbdülkərim bəy Mehmandarovun ev-muzeyi, Əbdülkərim bəy Mehmandarov, Qarabağ

Əslən Qarabağlıyam – atamın atası Cəbrayıldandır. Uşaqlıqdan bəri elə bir ailə yığıncağımız olmayıb ki, orada Qarabağın təkrarsız təbiətindən, təmiz havasından, şəffaf suyundan və sehrli ab-havasından danışılmasın. Mənim üçün Qarabağ həmişə nağıl kimi, sirli, əlçatmaz bir məkan olub.

Hər bir azərbaycanlı kimi, mən də tarixi torpaqlarımızın geri qaytarılmasını arzulayırdım, amma illər keçdikcə bu inancım tədricən sönürdü. Xüsusilə də, xarici ölkələrdə Qarabağın yad torpaq kimi tanınması və erməni diasporu tərəfindən yayılan yalan məlumatların həqiqəti təhrif etməsi acınacaqlı idi.

Lakin beş il əvvəl ədalət zəfər çaldı. 44 günlük Vətən müharibəsi və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində torpaqlarımız geri qaytarıldı.

Amma bunu reallıq kimi qəbul etmək mənim bir xeyli vaxtımı aldı. Qarabağa səfər etməyə qərar verməyimə tam beş il zaman lazım oldu. Milli Şəhərsalma Forumuna dəvət aldığım zaman ürəyimdə sözlə ifadə olunması çətin olan emosiyalar baş qaldırdı. Bu, sadəcə bir ezamiyyət deyildi, bu mənim üçün ata-baba yurduma ilk dəfə ayaq basmaq imkanı idi.

Səfərimiz Füzuliyə təyyarə uçuşu ilə başladı. Oradan Xankəndiyə – Xankəndi Konqres Mərkəzinə getdik. Bu tədbirdə dünyanın müxtəlif ölkələrindən qonaqlar vardı – hər biri tarixi torpaqlarımızın dirçəlişi ilə bağlı ideyalarını təqdim edirdi.

Bundan sonra bizi Şuşaya apardılar. Buraya çatanda məni ilk təsirləndirən hava oldu. Elə həmin anda yaxınlarımı və doğmalarımı – Qarabağı hər zaman xüsusi sevgi ilə xatırlayan insanları tam olaraq anladım. Bu havada sözlə ifadə olunmayan nə isə vardı – o qəribə dərəcədə yüngül və yumşaq idi… Elə bil nəfəs almırdım, havanı içirdim, qurtum-qurtum udurdum.

Bu hisslərlə Şuşanın küçələrində gəzməyə başladım. Yol boyu Bülbülün ev-muzeyini, Xan Qızı bulağını, Gövhər ağa məscidini və nəhayət Əbdülkərim bəy Mehmandarovun ev-muzeyini gördüm. Bu muzey mənim üçün sadəcə bir bina deyil, Qarabağda mədəniyyətin, tarixin və zərifliyin necə dərin kök saldığının canlı sübutu idi.

XIX əsrə aid olan bu evdə məni ilk təəccübləndirən həyətin içində yerləşən məscid oldu. O dövrlərdə imkanlı ailələr evlərinin həyətində məscid tikdirirdilər ki, həm ailə üzvləri, həm də yaxınlıqda yaşayanlar burada ibadət edə bilsinlər.

Həyətdə iki ev yerləşirdi: biri Mehmandarov ailəsinin yaşadığı əsas ev, digəri isə qonaq evi idi. Əfsus ki, əsas ev tamamilə dağıdılıb, ondan ancaq sütunları qalıb. Lakin həyətin mərkəzində yerləşən qonaq evi bərpa edilib. Bələdçinin dediyinə görə, Kərim bəyin ailəsi təzə tikildikdə bu evdə qalırdı. Daha sonra daha böyük evə köçmüş və bu evi qonaq evi etmişdilər.

Qonaq evi nədir? Keçmişdə insanlar daha ünsiyyətli idilər və evlər daim qonaq-qaralı olurdu. Təbii ki, Mehmandarovlar kimi hörmətli və tanınmış bir ailənin də çoxsaylı qohumları, dostları və tanışları vardı. Ona görə də ev sahibləri əsas evin yanında ayrıca qonaq evi tikdirmişdilər ki, gələn qonaqları rahat yerləşdirə bilsinlər. Hazırda muzey məhz həmin qonaq evində yerləşir.

Muzeyin interyeri

Muzeyə daxil olanda qapalı bir dəhliz bizi qarşılayır. Burada üst geyim və ayaqqabılar çıxarılır, oradan birinci otağa keçilir. İlk diqqəti çəkən tavan oldu. Tavanın bir hissəsi dağıntılar altından tapılaraq bərpa olunub, digər hissəsi isə orijinal dizayna uyğun olaraq yenidən yaradılıb.

Otağın sağ tərəfində Fransadan sifariş olunmuş massiv palıd ağacından oyma bir servant yerləşir. Onun içərisində “Kuznetsov” markalı qab-qacaq var. O zaman bəy ailələri bu cür bahalı qablardan istifadə edirdi, sadə insanlar isə gildən hazırlanmış qablarda yeyirdilər. Otağın ortasında gözəl bir xalça var, divarda isə Əbdülkərim bəyin tibb diplomu və ailə fotoları asılıb.

Kişi və qadın otaqları

Əsas otaqdan əlavə, iki ayrı qonaq otağı da var. Kişilər üçün nəzərdə tutulmuş otaqda Əbdülkərim bəyə məxsus yazı masası yerləşir. Bu qədim və ustalıqla hazırlanmış masa onun şəxsi əşyaları ilə bəzədilib. Xüsusilə diqqətimi səkkizrəqəmli formaya malik yastı bir əşya cəlb edir. Nə olduğunu soruşduqda bunun “bığaltılıq” olduğunu dedilər. Məlum oldu ki, o dövrlərin kişiləri bığlarına xüsusi qulluq edirdilər: yatmazdan əvvəl yağ çəkib darayır, sonra isə bu altlıqla örtürdülər ki, forması pozulmasın. Buna bənzər digər maraqlı əşyalara baxdıqdan sonra keçirik qadın otağına. Bu otaq qonaq qadınlar və uşaqlar üçün nəzərdə tutulmuşdu. Gələn ailələr burada dincələrmişlər. Otaqda qəşəng bir soba var, qarşısında isə kiçik bir masa yerləşir. Bu masanın özəlliyi 90 dərəcə önə qatlanmasıdır. Beləcə uşaqlar odun yaxınlığına getmir, qadınlar da masadan qoruyucu sədd kimi istifadə edirdilər.

Diqqəti cəlb edən həm də xırda detallardır. Masanın üzərinə qoyulmuş pul kisələri, qayçılar, sürmə və sabun qablarının hər biri əl işidir və olduqca incə naxışlarla bəzədilib. Bunun səbəbin soruşanda dedilər ki, o vaxtlar var-dövlətdən asılı olmayaraq, hər bir qız elçiliyə gələndə bu cür əl işlərini bəyin ailəsinə göstərirdi. Bunlar da o zamandan qalan bəzi nadir əşyalardır.

Divarda Kərim bəyin qızlarının və gəlinlərinin fotoları asılıb. Xanımlara baxdıqda şəkildən belə necə ziyalı və mədəni olduqlarını görmək olur.

Bu gözəl qonaq evindən çıxarkən anlayırsan ki, bu mühitdə vaxtı ilə əsl bəylər yaşayıb və bu məkan onun canlı sübutudur. Avropa saraylarından heç də geri qalmayan məkanı Şuşaya yolu düşən hər kəsə görməyi tövsiyə edirəm.

Bu gün tam əminliklə deyə bilərəm: Qarabağ təkcə torpaq, məkan, yaşayış məskəni deyil, bura yaddaş, mədəniyyət, tarix və gələcəyə aparan yoldur.

Prezidentimizin ölkənin tarixi irsinin qorunmasına, xüsusilə də abidələrin bərpasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə bir sıra tarixi abidələrdə genişmiqyaslı təmir-bərpa işləri həyata keçirilib. Bu layihələr çərçivəsində Əbdülkərim bəy Mehmandarovun ev-muzeyi də yenidən bərpa olunub və bu gün ziyarətçilər üçün tam fəaliyyət göstərir.

Deniz Məmmədli

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tiflisdə bir bağ var - Nəbatat bağı. Orda gül gülü, bülbül bülbülü çağırır. Süsən sümbülə, gül bülbülə qarışıb.

Ən son

GÜNDƏM

Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın

GÜNDƏM

Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin