Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan memarı, Bakı şəhərinin baş memarı (1965-1973), SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları laureatı Hənifə Əliskəndər oğlu Ələsgərovdur.
Baki-baku.az həmin şəxsiyyətin həyatına nəzər yetirir.
Hənifə Ələsgərov 1912-ci il yanvarın 1-də Bakıda müəllim ailəsində dünyaya göz açıb. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək peşəkar memarlıq fəaliyyətinə başlamışdır.
O, müxtəlif vəzifələrdə çalışmaqla yanaşı, Lənkəran və Zaqatala şəhərlərinin baş planlarının hazırlanmasında mühüm rol oynayıb. Onun yaradıcılıq irsinə, həmçinin 1956-cı ildə Gəncədə tikilmiş toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə Şuşada inşa olunmuş mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə-məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusu, 1968-ci ildə “26 Bakı komissarları” xatirə kompleksi, 1975-ci ildə Naxçıvanda Leninin xatirə abidəsi, eləcə də 28 May küçəsindəki yaşayış binası daxildir. Bundan əlavə, 1969-cu ildə “İçərişəhər”in regenerasiya baş planının hazırlanmasında iştirak edib.
H. Ələsgərovun yaradıcılığında xüsusi yer tutan işlərdən biri də Bakıdakı Nizami meydanının yenidən qurulması idi. 1961-ci ildə keçmiş Lenin (indiki Azadlıq) meydanının yenidən qurulması üçün elan edilən qapalı müsabiqədə onun rəhbərlik etdiyi kollektivin layihəsi 3-cü mükafata layiq görüldü.
1960-cı ildə Hənifə Ələsgərov “Azərbaycan SSR əməkdar inşaatçısı” fəxri adı ilə təltif olundu. 1965-ci ildən Bakı şəhərinin Baş Planlaşdırma idarəsinin rəhbəri kimi fəaliyyətə başlayan memar, şəhərin yeni baş planının texniki-iqtisadi əsaslarının hazırlanmasına da rəhbərlik etdi. O, 1973-cü ilə qədər şəhərin baş memarı vəzifəsində çalışaraq həmin dövrdə Bakı metrosunun “Qara Qarayev” stansiyasının layihəsini təqdim etdi.
Onun zəhməti 1972-ci ildə SSRİ, 1976-cı ildə isə Azərbaycan SSR Dövlət mükafatları ilə qiymətləndirildi, o cümlədən 1-ci dərəcəli Vətən müharibəsi ordeni, “Qırmızı Ulduz”, “Şərəf nişanı” ordenləri və müxtəlif medallarla təltif olundu.
Hənifə Ələsgərov 50-dən artıq məqalə, kitab və kitabçanın müəllifidir. XX əsr Azərbaycan memarlığının inkişafında, xüsusilə də şəhərsalma tarixində mühüm yeri olan bu görkəmli memar 1991-ci ildə, 79 yaşında dünyasını dəyişdi.
Bu gün Bakı şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.