Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/19/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Şeyx Şamil – Nikolayı heyrətləndirən Qafqazlı

Şeyx Şamil, İmam Şamil

“Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır!” nidası ilə qələm çalan mütəfəkkir alim Mirzə Kazım bəyin “Şeyx Şamil və müridizm” əsəri “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman” epiqrafı ilə açılır. 20 il Çar Rusiyası ilə savaşan, Babək Xürrəminin Ərəb istilasına qarşı mücadiləsini, Xürrəmilər hərəkatının mücadilə ruhunu “Müridizm ideologiyası” ilə davam etdirən Şeyx Şamilə Peterburqdan – Ağ Saraydan xəbər yollamışdırlar: “Gəlirik!” Təhdid dolu xəbərə dağlar diyarının vüqarı qürurla cavab vermişdi: “Qunib hündür bir dağdır, mən onun üzərindəyəm. Başımın üstündə Allah, arxamda xalqdır”. 20 il Çar cəlladlarının qorxulu röyasına çevrilən, Dərbəndin qala divarını, sərt-sıldırım qayaları səngərə, sipərə çevirən Şeyx Şamil yüz minlərlə müridi ilə təkcə “Müridizm” hərəkatının təməlini qoymadı. Qürurun, qeyrətin, ləyaqətin simgəsinə, bəlgəsinə döndü. Haqq davasından, Vətən savaşından qalib dönmək üçünsə sərkərdə əzəməti, ucalığı yaşadı. Aulların, ahılların, cavanların iradəsinin tərcümanına çevrildi.

20 illik mücadilədən sonra on minlik ordu ilə ilk savaşa başladığı, kafirlərin üzərinə yeridiyi gün olduğu kimi, çar cəlladları ilə savaşı dayandırmasını istəyən, yüz minlik ordunun, müridin sərdarının önünü kəsən anasının belə sözünü eşitməz olan İmam Şamil üçün Vətən sevgisi, İstiqlal davası bütün sevdiklərindən ucalarda idi.

Şeyx Şamil, İmam Şamil

40 qırmanc vurmağı əmr etdi

Övlad dağına dözməyən, “Əgər savaşa gedərsən haqqımı sənə halal etmərəm” – deyib qarşısını kəsən anasının övlad sevgisini anlasa da, Vətən, Torpaq sevgisini hər şeydən üstün tutan İmam Şamil, daha doğrusu sərkərdə Şamil üzünü müridlərinə – əsgərlərinə tutub: “Anam mənim zalımlara qarşı savaşmağımın qarşısını kəsir. Bu 40 qırmanc cəza deməkdir. Anama 40 qırmanc cəza verirəm, amma bu cəza onun üçün ağırdır, bu cəzaya o dayanmayacaq. Cəzanı oğlu olaraq mən öz üzərimə alıram.” – deyir və əmrinin müridləri tərəfindən icra olunmasını tələb edir.

Şeyx Şamil çar cəlladları ilə ilk savaşa kürəyində 40 qırmancın yarası, sonsuz Vətən, torpaq sevdası ilə başladı. Düz 20 il sərt-sıldırım qayaların zirvəsində qartal kimi səkdi. Yağıların sinəsinə dağ çəkdi. İstiqlaldan şirin nemətin, azadlıqdan gözəl sərvətin olmadığnı dünyaya sübut etdi.

“Qafqazı parçala, İstanbulu fəth et!” nidası ilə Qafqazlara qədəm qoyan I Pyotrdan tutmuş bütün general cəlladlara meydan oxudu. Patyomkin, Sisianov, Paskeviç, Qudoviç kimi istilaçıların belə adını ehtiyatla tutduğu Şeyx Şamil yüz minlərlə müridi ilə bu torpaqların tarixi sakinlərinin mürşidi kamili – sərkərdə ucalığı kimi səcdəgahına çevrildi.

20 illik mücadilədən sonra milli genefondu qorumaq naminə qılıncı qına qoyan İmam Şamil Çar Nikolayın süfrəsində qonaq olarkən Çarın “Sizi süfrəmin başında görməkdən qürur duyuram” – kəlamına, “Mən də, sizi süfrəmin başında qonaq etsəydim qürur duyardım” – deyə cavab verdi. Qafqazlıya xas əzəmətlə verilən cavaba Nikolay “Böyük Adam, Böyük Adam!” nidası ilə heyrətini gizlətmədi. Çarın “Uğurunuzun mayası nəyə bağlıdır!?” sualına, “Öncə anam, sonra əyalım, sonra da aulum mənə inandı!” əzəməti ilə cavab verən Şeyx Şamil bir Qafqazlı, şərqli əzəməti ilə ailə dəyərindən xəbəri olmayan Çar cəlladını, daha doğrusu cəlladlar imperiyasını susdurdu. Onun məğrurluğundan, əyilməzliyindən 20 il yuxusu ərşə çəkilən Çar Rusiyası adına Şeyx Şamilə bütün istəyini yerinə yetirməyə hazır olduğunu deyən, Nikolaya – Məkkəyə, Kəbəyə, Tanrı evinə getmək üçün izin istəyəndə Çar ikinci dəfə “Böyük Adam! Böyük Adam!” kəlamını dilə gətirdi.

İmam Şamil, daha doğrusu Mirzə Kazım bəyin təbirincə desək: “Qəhrəmanlar yetirən Qəhrəman Şamil” eynən, Abbasqulu Ağa Bakıxanov kimi Məkkə yolunda dünyaya vida nəğməsi oxudu. Hər iki qüdrətli şəxsiyyət Qafqazda sülhün, sabitliyin, əmin-amanlığın bərqərar olunması üçün Qılıncla Qələmin vəhdətində tarix yaratmışdılar.

Kürəyində 40 qırmancın qanı, acısı ilə imperiyanın üstünə yeridi

Şeyx Şamil Məkkəni ziyarətin 40-cı günü ruhunu haqqa ismarıc etmişdi. Kürəyində 40 qırmancın qanı, acısı ilə imperiyanın üstünə yerimişdi. Qafqaza gələnlərə, daha doğrusu 300 ildir Qafqazın süfrəsinin yox, səltənətinin başında özünə yer edənlərə: “Gəlirlər, qoy gəlsinlər! Mən burdayam! Başımın üstündə Allah, arxamda Xalqdır!” – deyib yerini göstərən İmam Şamilin diyarında – Qafqazlarda indi dünyanın mizan-düzəni dəyişib. Hər tərəfdən Əbədi İstiqlalın, Azadlığın havası duyulur. Bu “Şuşa Bəyannaməsi”nin və “Zəngəzur Dəhlizi”nin taleyini özündə ehtiva edən “Beynəlxalq Sülh və Rifah naminə” “Tramp Marşrutu” adlı rəsmi sənədin Amerika, Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən imzalandığı gün dünyaya bir daha bəyan olundu.

Şərəf Cəlilli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Ən son

HƏR ŞEYDƏN

Namaz üstündə kürəyindən vurulan Əli əleyhissəlamın qatili hüzuruna gətirilən zaman Həzrət Əlinin ilk sözü əsabələrini

HƏR ŞEYDƏN

Namaz üstündə kürəyindən vurulan Əli əleyhissəlamın qatili hüzuruna gətirilən zaman Həzrət Əlinin ilk sözü əsabələrini