Son illər məni və təkcə məni yox, bunu son onilliyin kitabları, filmləri və məqalələri də göstərir, bir sual getdikcə daha çox düşündürür: xoşbəxtlik nədir?
Əlbəttə, bu barədə ötən əsrdə də düşünürdülər. Hətta bəlkə ondan da əvvəl. Amma mənə elə gəlir ki, o zamanlar insanlar bu barədə indiki qədər tez-tez və dərin düşünmürdülər. O vaxt həyatda qalmaq daha vacib idi – müharibələr, aclıq, ağır güzəran insanları fəlsəfi təhlildən uzaq saxlayırdı. Üstəlik, məlumat da az idi və ona yalnız az bir hissə çıxış əldə edə bilirdi.
Bu gün isə vəziyyət dəyişib. Hərçənd indi də işləyirik, çətinliklərlə qarşılaşırıq, artıq iç dünyamıza yer ayırmaq imkanımız var. Və belə bir sual yaranır:
“Mən xoşbəxtəmmi? Mənim üçün xoşbəxtlik nə deməkdir?”
Bu barədə çox oxuyuram, düşünürəm və getdikcə bu mövzuya daha dərindən baş vururam. Bu essedə xoşbəxtlik axtarışında tapdığım maraqlı fikirləri və şəxsi nəticələrimi paylaşmaq istəyirəm, bəlkə bu yazı sizi də bu şəxsi, lakin çox vacib “xoşbəxtlik araşdırmasına” cəlb edər.
Elmin gözü ilə xoşbəxtlik
Müasir elm deyir: xoşbəxtlik – bu tək bir hiss deyil, bir neçə psixoloji halın birləşməsidir. Pozitiv psixologiyanın banilərindən olan Martin Seligman xoşbəxtliyin PERMA modelini təklif edir – bu, beş əsas tərkib hissədən ibarətdir:
P – Positive Emotion (pozitiv emosiyalar)
E – Engagement (fəal iştirak, maraq)
R – Relationships (mənalı münasibətlər)
M – Meaning (həyatın mənası)
A – Accomplishment (nailiyyət hissi)
Seligmanın fikrincə, xoşbəxtlik sadəcə ləzzət almaq deyil, həyatdan ümumi razılıq hissidir, məqsəd və mənanı da özündə ehtiva edir.
Digər mühüm araşdırma – Harvardın xoşbəxtlik tədqiqatı (Robert Waldinger və George Vaillant) – 1938-ci ildən bu yana aparılır və uzun müddət ərzində yüzlərlə insanın həyatını izləyib. Bu araşdırma xoşbəxtliyin əsas açarının – sabit və səmimi münasibətlər olduğunu göstərib. Pul, uğur və şöhrət – bunların heç biri insanı əsl mənada xoşbəxt etmir, əgər onun güclü sosial əlaqələri yoxdursa.
Psixoloq Ed Diener isə “subyektiv rifah” (subjective well-being) anlayışını təqdim edib. Bu, insanın öz həyatına verdiyi şəxsi qiymətdir: nə qədər razıdır, nə qədər pozitiv hisslər yaşayır, mənfiliklə necə mübarizə aparır.
Nobel mükafatı laureatı Daniel Kahneman xoşbəxtliyi iki əsas formaya bölür:
Life satisfaction – həyatın ümumi qiymətləndirilməsi
Experienced happiness – gündəlik emosional rifah
İnsan kənardan uğurlu və məmnun görünə bilər, amma daxilində narahatlıq, stres və tənha ola bilər. Və ya əksinə…
Fəlsəfə baxımından xoşbəxtlik
Fəlsəfə tarixində xoşbəxtlik insan həyatının ən dərin məqsədi kimi qəbul olunub. Bu sadəcə bir hiss yox, mənəviyyat, düşüncə və əməllərin harmoniyası ilə əlaqələndirilib.
Aristotel xoşbəxtliyi “emosiya yox, yaşama tərzi” sayırdı və evdemoniyaya – rasional və mənəvi harmoniya halına bağlayırdı.
Epikur deyirdi ki, xoşbəxtlik ləzzətdir – amma ucuz ləzzət yox, daxili sakitlik və narahatlıqların yoxluğu.
Kant isə xoşbəxtlikdən çox, əxlaqi vəzifəyə uyğun yaşamağın vacibliyini vurğulayırdı – bu, hər zaman “xoşbəxtlik” gətirməyə bilər, amma insana mənəvi dəyər qazandırar.
Seneka deyirdi: “Xoşbəxt, çox şeyi olan yox, azla kifayətlənən insandır.”
Mark Avreli yazırdı: “Sənin xoşbəxtliyin, düşüncələrinin keyfiyyətindən asılıdır”.
Viktor Frankl, Holokostdan sağ çıxmış avstriyalı psixoterapevt və filosof, belə yazırdı: “Xoşbəxtlik məqsəd deyil – o, mənaya can atmağın yan məhsuludur.”
Xoşbəxtliyin neyrobiologiyası
Müasir neyrobiologiya göstərir ki, xoşbəxtlik təkcə fəlsəfi və psixoloji anlayış deyil – beynimizdə hiss edilən real, biokimyəvi bir haldır. Biz sevinc, sevgi və razılıq hiss edəndə, bədəndə aşağıdakı reaksiyalar baş verir:
Dopamin – motivasiya və mükafat hissini təmin edir
Serotonin – əhval-ruhiyyəni sabit saxlayır, stresə qarşı dayanıqlıq yaradır
Oksitosin – inam və yaxınlıq hissləri ilə bağlıdır
Endorfinlər – ağrı azaldır, “eyforiya” hissi yaradır
Ən maraqlısı isə budur ki, beyni xoşbəxtliyə “öyrətmək” mümkündür – təşəkkür vərdişləri, meditasiya, fiziki aktivlik və mənalı ünsiyyətlə.
Bəs nədir xoşbəxtlik?
Bütün bu oxuduqlarım və düşündüklərimdən sonra özüm üçün belə bir nəticəyə gəldim:
Xoşbəxtlik – daim gülümsəmək deyil. Bu, içindəki sabitlik və dolğunluq hissidir.
Bu, nəyə görə yaşadığını, kimə fayda verdiyini bilməklə bağlıdır. Sadə şeylərə sevinmək bacarığıdır. Xoşbəxtlik, daim yüksələn coşqun hisslər arxasınca qaçmaq yox, “burada və indi” yaşamaq sənətidir.
Və əgər bu esseni bir sitatla bitirməli olsam, şübhəsiz ki, Albert Kamünün sözlərini seçərdim: “Qışın ortasında mən nəhayət anladım ki, içimdə sönməyən bir yay var”.
Ayna Bəxtiyar