Nəşr edilmişdir 02/12/2025

Paylaşın

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Maştağalılar həqiqətənmi Massaget tayfalarındandır?  – Bakının kəndləri

Maştağa

Rəngarəng və koloritli Bakı kəndlərinə səyahətimiz davam edir. Bu dəfə Baki-baku.az Bakının Maştağa kəndinin qonağıdır.

Maştağa ən qədim və ən böyük yaşayış məskənlərindən biridir. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21 ovdanı, müdafiə qalası, 20 məscidi, irimiqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci edirdi. Bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeronda istisna hal sayılırdı.  Burada tapılan daş kitabələr kufə, təliq, nəstəliq, nəsx xətləri ilə yazılıb. Adına gəlincə isə, Maştağa adının mənası ilə bağlı bir çox maraqlı fikirlər və faktlar var.

Kənd ağsaqqallarından olan Əzimzadə Seyid Şamil deyir ki, “Maştağa” sözü, ifadə olaraq kəndin özündən daha əvvəl yaranıb: “Bəzi mənbələrdə bildirilir ki, burada 5000 illik tarixi olan dövlət yerləşib və onun adı “Məşqətə” olub. Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov “Gülüstan-i İrəm” əsərində isə “Maştağa” toponiminin “massaget” sözündən yaranması fikrini irəli sürüb”.

Qeyd edək ki, Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI–V əsrlərdə mövcud olub. Onlar Mərkəzi Asiya çöllərində məskunlaşmış və daha geniş skif mədəniyyətlərinin bir hissəsi olmuş qədim xalqdır. Yunan tarixçisi Herodot “Tarix” əsərində yazır ki, massagetlər, deyilənlərə görə, çoxsaylı və cəsur xalq idi. Onlar qərbdə günəşin qalxmasına doğru issedonların əksinə axan Araks çayı (Araz) ətrafında yaşayırlar. Həmçinin, bəziləri onları skif tayfası hesab edirlər.  Q.Şteyn isə yazırdı ki, massagetlər oradan qovulmuş Qara dəniz skifləri deyil, Midiyaya Araz yolu ilə keçən sakların Turan tayfasıdır. Bu cür dəlillər, həqiqətən də, Maştağanın massaget tayfası ilə əlaqəli toponim ola biləcəyini göstərir. Bu gün tarix elmi bunun həqiqət olub-olmadığını sübuta yetirə bilmir. Lakin yerli camaatın nəsillərdən-nəsillərə ötürdüyü bu əfsanə onlar üçün sanki müqəddəs bir inancdır.

Kəndin ziyalısı, filoloq Ağanəcəf Qədirov da Maştağadan maraqlı faktlar danışdı: “Maştağanın üç böyük məhəlləsi – Xunxar, Keçərlər və Seyidlər məhəllələri olub. Onlardan ən böyüyü Seyidlərdir. Amma bu məhəllələr də özləri kiçik məhəllələrə bölünüb. Seyidlər Rəhim kəndi və Köhəc, Xunxar məhəlləsi Dərəməhəllə və Tavaylıq məhəllələrindən ibarətdir. Keçərlər məhəlləsində isə əkin yerləri mövcud olub. Qeyd etmək lazımdır ki, bu məhəllələrin hər birinin özünəməxsus məşğuliyyəti var imiş. Xunxarlar məhəlləsi bağçılıqla, Seyidlər məhəlləsi heyvandarlıqla, Keçərlər məhəlləsinin sakinləri isə daha çox əkinçiliklə məşğul olublar”.

Qeyd etdiyimiz kimi Maştağa kəndinin böyük tarixi keçmişi var. Ağanəcəf  müəllim deyir ki, Maştağa Bakıda ən çox məscidi olan kənddir: “1939-cu ilin məlumatına görə, kənddə 36 məscid və 4 pir olub. Kənddə XVIII əsrə aid qədim Cümə məscidi var. Azərbaycan Sovet Ensiklopediyasının VI cildində göstərilir ki, Şirvanşah I İbrahim dövründə – 1414-cü ildə burada Ərğutay məscidi inşa olunub”.

Maştağada həmçinin XVIII əsrin tarixi tikililərindən olan Qum hamamı mövcuddur. Hamam kəhrizin üzərində tikilib. Su isti qumun altından çıxdığına görə “Qum hamamı” adlandırılıb. O, 1920-ci illərin əvvəllərində qum altında aşkar edilib və cüzi təmirdən sonra yenidən istifadəyə verilib. Həmin hamam 2021-ci ildə bərpa olunub.

Bakı kəndləri həm də qoçuları ilə məşhurdur. Maştağanın da özünəməxsus, həmçinin də daha fərqli qoçuları olub. Maştağa əhalisi 1918-ci ildə erməni-daşnak birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı zamanı böyük qəhrəmanlıqlar göstərib. Bakı ərazisində xalqın düşmənə qarşı ayağa qaldırılmasında Maştağa qoçularının xüsusi rolu olub. Həmin dövrdə ermənilərlə mübarizə üçün kəndin bütün kişiləri, xüsusilə yaxşı tüfəng atmağı bacaranlar səfərbər olaraq ön cəbhəyə çıxıb. Bu döyüşdə Qoçu Mürsəlin dəstəsi kənd cavanlarını toplayaraq mübarizəni təşkil edibmiş. Qarnizonda xidmət edən 1700 nəfərədək maştağalı ermənilərlə döyüşə-döyüşə Bayıladək irəliləyiblər.

Kənd sakinlərindən Kamil Rzayev isə deyir ki, 1918-ci ildə Hövsandan ta Corata qədər qurulan böyük səngərlərə Maştağa əhalisi nəzarət edib. Türklər gələndə Maştağada Dövlət oğlunun mülki deyilən ərazidə böyük bir qərargah qurublar. Burada Bakını azad olunması üçün hazırlıq işləri görülüb. Qısa müddətdə Bakı azad olunub. Ondan sonra Böyük Vətən müharibəsi, Birinci və İkinci Qarabağ müharibələrində maştağalılar yaxından iştirak ediblər. Kəndimiz də bu müharibələrdə çox sayda şəhid verib. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!”

Maştağa həm də meyxananın vətənidir deyirlər. Məşhur meyxanaçı Ağamirzə Məmmədov da bunu təsdiqlədi: “Hamı bilir ki, Maştağa şeir, sənət ocağıdır. Elə meyxana da buradan qaynaqlanıb, buradan ətrafa yayılıb, sevilib, bəyənilib. Maştağada bu sənətin yaxşı ustadları olub, mənim isə ustadım Ağasəlim Çıldaq olub”.

Bakı kəndlərinin mətbəxi də çox zəngindir. Xüsusilə, şirniyyatları və xəmir xörəkləri ilə sevilən Bakı mətbəxinin küftə-bozbaş kimi məşhur isti yeməyi var. Onun dadı, ləzzəti, qoxusu ta qədim zamanlardan indiyə qədər ən gözəl məclisləri bəzəyib.

Maştağadan həm də bir çox alimlər, yazıçılar, şairlər, sənətçilər çıxıb. Onların sırasında Böyükağa Qasımzadə, Abbasqulu Kazımzadə, Əlibaba Məmmədov, Yaşar Nuri, Qorxmaz Əlili, Salam Qədirzadə və başqaları var.

Yenə də gözəl və bir-birindən maraqlı, rəngarəng təəssüratlarla Maştağadan ayrıldıq. Ayrıldıq ki, Bakının başqa bir kəndinə səfərə hazırlaşaq.

 Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İkinci yazı Mahmud ağa Əhməd Sultan Ağa oğlu 1826-cı ildə “Türkmənçay”dan, “Gülüstan”dan iki il öncə dünyaya gəlmişdi. Azərbaycanı

Ən son

GÜNDƏM

Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı,

GÜNDƏM

Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı,