Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2025

Paylaşın

TARİXİMİZ

Zeynəb Cahanın yerli ədəbiyyatda ən çox bəyəndiyi 11 kitab cümləsi

Zeynəb Cahan

Dahi şair və mütəfəkkirlərin misraları bəzən bizim üçün sadəcə sözlər deyil, həyat yolumuzu müşayiət edən fikirlərə çevrilir.

Elmlər doktoru, incəsənətşünas və Bakı Marionet Teatrının kuratoru Zeynəb Cahan bu misralarda qəlbə toxunan fikirləri duya bilən və bu hissi başqaları ilə bölüşməyi bacaran biridir.

Baki-baku.az-la söhbətində Zeynəb Cahan daxili aləminin bir hissəsini açıb – illər ərzində həyatını müşayiət edən, onu özünü ruhlandıran, düşündürən və insanın varlığını, onun həyat yolunu daha dərindən anlamağa kömək edən ədəbiyyat nümunələrini bölüşüb.

Nizami:

Qələmə gərəkdir öylə söz almaq,

Şüurdan, ağıldan olmasın uzaq.

Parlaq inci kimi düzülən sözlər 

Ağıla sığmazsa, yalana bənzər.

“İsgəndərnamə” poemasından

Nizami Gəncəvi, "İsgəndərnamə"

Nizaminin bu sətirlərini ilk dəfə oxuyub şairin bununla nə demək istədiyini anladığım zamana qədər, artıq uzun müddət idi ki, hətta məktəbli yaşlarımdan bu misralar olan yazılı qeyd masamın üzərində mövcud idi. O dövrdə mən özümə daha çox inanırdım və sadəlövhcəsinə düşünürdüm ki, gələcəkdə yazıçı olacağam. Həmin bu sətir mənim üçün bir xatırlatma oldu – söz ancaq gözəl yox, həmçinin doğru olmalıdır. Nizami sözü mirvari inciləri ilə müqayisə edirdi — əgər sözlər məna kəsb etmirsə və ağıl məhsulu deyilsə, bu zaman boş bir yalan kimi görünürlər. Hər bir insan bu fikirləri özü üçün şəxsi istiqamətverici nişanə kimi qəbul edə bilər – danışan, yazan zaman və və ya yaradıcılıqla məşğul olarkən sözün arxasında həmişə səmimiyyət və düşüncə dayanmasına can atmaq lazımdır. Hərçənd mən yazıçı olmadım, lakin bu fikri olduğu kimi qəbul etdim.

— — — — — — —

Torpaqdan yaranan har qanmaz, alçaq,

İnsan surətində heyvandır ancaq.

“Yeddi gözəl” poemasından

Nizami Gəncəvi, "Yeddi Gözəl"

Fikrimcə, Nizaminin digər kəlamı insanın bütün digər canlılardan nə ilə və hansı səbəbdən – ruhunun ucalığı ilə fərqləndiyini çox gözəl izah edir. Əgər bir kəs bu ucalıqdan məhrumdursa, o zaman əxlaqi gücə də sahib olmur və o, insan cildində olmasına baxmayaraq, sadəcə heyvan olaraq qalır. Şair həqiqi insanı — şərəf və ağıl daşıyıcısını — heç bir dəyəri olmayan alçaq varlıqla üz-üzə qoyaraq müqayisə edir. Bu misraları belə anlayıram: insanı nə zahiri görkəm, nə də əsil-kök müəyyən edir, hər şəxsin mahiyyətini onun daxili aləmi və mənəvi keyfiyyətləri müəyyən edir. Nizami sanki vurğulayır ki, vicdan və fəzilət olmadan insan heyvana çevrilir. Yaşa dolduqca daha çox anlayıram ki, heyvanlar reallıqda vəhşi olmalarına rəğmən, bəzən daha yaxşı davranış nümayiş etdirirlər.

Nəsimi:

Ey daşevü türabə deyən qiymətli gövhər,

Insan bu hüsnü lütf ile gövhər deyilmidir?

İmadəddin Nəsimi

Buna baxmayaraq, məndə insanların yaxşı keyfiyyətlərinin var olmasına bir qism də olsa inam qalıb və hətta Homo Sapiensin bir növ olaraq yalnız mehribanlıq hissləri, dost münasibəti sayəsində sağ qalması nəzəriyyəsinə inanmağa hazıram. Nəsimi – Şərqin ən fəlsəfi ruhlu şairlərindən biridir. Nəsiminin yaradıcılığında insan – kainatın mərkəzidir, onun həqiqi gözəlliyi və dəyəri zahirdə deyil, daxildə gizlənib. Məhz bu misralar mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki onlar insana xas olan böyüklüyü xatırladır və həm özümün, həm də başqalarının daxilindəki işığa dəyər verməyə kömək edir.

Cəfər Cabbarlı:

Sevər. Sən allah, sən kimsən?

Oqtay Hansi allah? Çünki allahliq məsələsi hələ aramizda ixtilaflidir.

O deyir man səni yaratmişam, mən deyiram yox, mən səni yaratmışam.

“Oqtay Eloğlu” pyesindən

Bəlkə də əsərin bu hissəsi ilahi anlayış və əsl Yaradanın kim olması sualı üzərində düşündürən dəfələrlə təkrarlanmış bir fraqmentdir. Bu fraqment qarşıma tam zamanında çıxdı və bu səbəbdən onu qeyd edib saxladım, əgər belə demək mümkünsə, oradakı mənanı xatırlayaraq öz yolumda irəliləyirəm. Burada söhbət ruh azadlığından, axtarış sərbəstliyindən gedir. İnsanın sərhədləri harada bitir və harada ilahi başlanğıcın təməli qoyulur? Hər birimizin daxilində bir yaradıcı güc var — öz həyatımızı, dəyərlərimizi, hətta inancımızı qurmaq bacarığına sahibik.

Səməd Vurğun:

Bir ovuc damarsan, bir parçacıq ət,

Bir nemət yaratdı səni təbiət.

İnsana can verən ruh verən sənsən,

Həyat aşiqisən, ömür sevənsən.

Səməd Vurğun

Bu şeiri mən ilk dəfə rus dilində oxudum, onu mənə böyük bacım göstərmişdi. Şeirin bəxş etdiyi emosiyaları sözlə ifadə etmək olmur – bu, ömürlük xatirədir. Şeiri bütünlüklə oxumaq daha yaxşı olar.

Mikayıl Müşfiq:

İstər bəstakar ol, istər nəqqaş ol,

Şair ol, rəssam ol, heykəltəraş ol,

Yaratdığın şeyi sevərək yarat,

Hamıdan yüksək ol, hamıdan baş ol!

“Duygu yarpaqlar” şeirindən

Mikayıl Müşfiq, "Duyğu yarpaqlar"

Müşfiq üçün yaradıcılıq təkcə sənət, peşə deyil, həm də ruh halı, ucalmaq və iz qoymaq vasitəsi idi. Mənim üçün isə bu, hər bir işi səmimiyyət və ehtirasla görməyə çağırışdır, əks halda onun mənası itib gedir.

Bəxtiyar Vahabzadə:

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Bir salama dəymədi? şeirindən

Bəxtiyar Vahabzadə, "Bir salama dəymədi?"

Vahabzadə, sözsüz ki, dramatik bir insan idi və onun bu şeiri məni həddən artıq melanxolik dövrümdə yaxaladı. Bilirəm ki, o sadə xarakterli biri deyildi və bu şeirin tarixçəsini də bilirəm, hansına ki, digər yöndən baxmaq olar, lakin fikrimcə, çox gözəl yazılıb. Mənə həm də bu şeirin Əminə Yusifqızının ifasında səsləndirilməsi çox xoş gəlir.

Anar

“Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən… Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq”.

“Beş mərtəbəli evin altıncı mərtəbəsi”

Mən çox tez-tez köçərək yerimi dəyişirdim və bir müddət sonra, böyüyəndən sonra bu əsəri oxuduğum zaman həmin sətirlərin fərqinə vardım. Bu ifadə də, ola bilsin ki, mənə Nəsiminin fəlsəfəsini xatırladır: insan bütünlüklə hər şeyin meyarıdır və yalnız özü xoşbəxtliyi tapa, daha dəqiq desəm, onu öz daxilində yarada bilər.

Maqsud İbrahimbəyov

“Sonra başa düşdüm ki, Əligilin mənzilində mənə qəribə gələn nəymiş; bunu başa düşənəcən iki dəfə də onlara getməli oldum: bu evdə bir dənə də kitab şkafı yox idi! Otaqların heç birində! Şkaf nədi, heç bir dənə kitab rəfi də yox idi, bircə Əlinin otağında, yazı stolunun üstündəki dərsliklərdən başqa! Mənə qəribə gələn də elə buymuş. Ancaq həmişəki kimi, bu dəfə də hər şeyi çox gec başa düşdüm. O vaxt ki, onda bu barədə heç düşünmürdüm də. Mən bunu Əliyə deyəndə çox təəccübləndi, dedi, burda qəribə nə var ki, onların heç qabaqkı mənzillərində də kitab olmayıb. Hansı kitab ona lazım olsa evlərinin böyründəki kitabxanadan götürə bilər. Axı onsuz da nə qədər eləsən, bütün kitabları alıb evə yığa bilməzsən. O bunu deyən kimi, dərhal məni şübhə bürüdü: bəlkə elə doğrudan da, burda qəribə heç nə yoxdur, kitabdır da, evdə ola da bilər, olmaya da. Amma nədənsə bu, siftə mənə qəribə gəlirdi”.

“Bütün yaxşılıqlara görə ölüm” povesti

Manaf Süleymanov

“Şəhərdə çoxlu fotoqraf vardı. Kuliyev, Kakavixin və David Rostamyan dillər əzbəri idi. Bu üç fotoqrafın müştəriləri neftxudalar, mülkədarlar, zəngin təsirlər, yüksək rütbəli məmurlar, gəmi sahibləri, bir sözlə seçilmiş adamlar idi. Kuliyevin foto emalatxanası Nikolayevski (Kommunist) küçəsində, Kakavixininki isə Krivoy küçədə (indi o məhəllə yoxdur), David Rostamyanın emalatxanası Marinsk (Karqanov) küçəsilə Torqovi (Nizami) küçənin tinində, ikimərtəbəli binada idi. Bu emalatxanalarda əlaltılar işləyər, sifariş qəbul edərdilər. İri portretlər, ailə şəkilləri,  venetkalar hazırlayardılar. Qiymətləri  də baha idi. Üst mərtəbədəki altıotaqlı mənzildə David yaşayırdı və çox hörmət etdiyi dövlətliləri, yüksək mənsəb sahiblərini özü qəbul edər, sifariş  götürər və  hazırlayardı. Gödəkboy,  çənəsində balaca saqqalı,  burma  bığı  vardı,  başı yekə, qarnı şişman.  Evlənməmişdi. Hər  barədə usta, püxtə adam idi. İran təbəəsi olduğundan, konsulla bərk dostluğu vardı; üst mərtəbədə əli altında yeddi-səkkiz qız işləyirdi, hamısı da bir-birindən gözəl,  göyçək, məlahətli… Bir dəfə qızlar Davidin başına oyun açmışdılar. Həmişə şərabı gümüşə tutulmuş bəzəkli buynuzda içərdi. Qızlar onun buynuzuna oxşar buynuz qayıtdırıb, ucuna yivli düymə saldırırlar. Məclislərin birində qocanı içirdib kefləndirir, girəvəyə salıb buynuzun ucundakı yivli düyməni boşaldırlar, şərab axıb Davidin şalvarını isladır. Haramzada qızlar əl-ayağa düşüb, cəld kişini soyundurub paltarını dəyişdirmək bəhanəsilə onun yarımçılpaq, şalvarsız şəklini çəkirlər. Elə ki, o özündən çıxıb qızlara acıqlanardı, darabara salıb işdən çıxarmaqla təhdid edərdi, qızlar da, bir dəstə qızın arasındakı yarımüryan fotonu İran konsuluna və şəhərin mənsəb sahiblərinə, nüfuzlu dövlətlilərə 37 göndərməklə onu hədələyərdilər, David o saat susmağa vadar olardı. O zaman belə bir şəklin faş olması David üçün ölümə bərabər idi, ya gərək Bakıdan köçüb gedəydi, ya da ki, intihar edəydi, başqa çarə yox idi”.

“Eşitdiklərim, oxuduqlarım, gördüklərim…”

Əvvəla, bu, çox gülməli əhvalatdır. Digər tərəfdən isə, XX əsrdə Bakıda fotoqrafiya sənətinin inkişaf mərhələləri haqda öyrənmək maraqlı gəlir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Каждый человек в повседневной жизни примеряет на себя разные роли. На работе мы ведём себя одним образом, в

Ən son

ОБО ВСЕМ

Два суперккара — Mercedes-AMG One и Mercedes-AMG GT Black Series Project One Edition — будут

ОБО ВСЕМ

Два суперккара — Mercedes-AMG One и Mercedes-AMG GT Black Series Project One Edition — будут
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin