Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2025

Paylaşın

TARİXİMİZ

Zemfira Məhərrəmli: “Jurnalistika mənim fikirlərimin tərcümanı ola bilərdi”

Zemfira Məhərrəmli

Ədəbiyyat və jurnalistika özü-özlüyündə sanki bir-birinə hörülmüş sahələrdir. Və bu iki sahənin bir adamda ali səviyyədə birləşməsi möcüzə kimidir. Bugünkü müsahibim Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru, “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “Qarabağ müharibəsi: zərif talelər”, “Arabadakı adam” və s. kitabların müəllifi Zemfira Məhərrəmlidir.

Vətənə xidmət arzusu və peşə axtarışı

Mən ədəbiyyatı çox sevirdim və düşünürdüm ki, bəlkə də yaxşı jurnalist ola bilərəm. Axı jurnalistika yazı-pozu sənətidir, dilə, ədəbiyyata bağlıdır. Jurnalist həm ədəbiyyatı, həm tarixi, həm də öz doğma dilinin incəliklərini yaxşı bilməlidir; bunlar olmadan yaxşı jurnalist olmaq çətindir. Bütün bunları götür-qoy edəndə özümə bir sual verdim: “Zemfira, jurnalist olmaq istəyirsən? Niyə?”

Orta məktəbi bitirməyimə az qalırdı. Düşünürdüm ki, hər bir insan öz xalqı üçün bir iş görməlidir; sənin içini yandıran, Vətənə lazım olan işləri görməlisən. Bu baxımdan fikirləşirdim ki, jurnalistika düşüncələrimin tərcümanı, gerçəkləşdirmək istədiklərim üçün bir vasitə ola bilər.

Zemfira Məhərrəmli

Uşaqlıq və gənclik xatirələri: Bir “dörd”ün ağır yükü

O illərdə anam xəstə idi, xəstəxanada yatırdı. Evdə özümdən kiçik uşaqlara baxırdım, yemək bişirirdim. Bir gün coğrafiya dərsindən “dörd” aldım. Müəllim məni danladı, amma mən deyə bilmədim ki, anam xəstədir, ev işləri mənim boynumdadır.

Həmin gün dolma bişirib anamın yanına getmişdim. Hamı bükdüyüm dolmaya heyran qalmışdı, amma müəllim-anamın ilk sözü bu oldu: “O “dörd” nə idi?..”

Bu məni həm utandırdı, həm də düşündürdü.

“Bakı” və “Baku” qəzetlərinə yol: Nəsir müəllimin dəstəyi

Universitetə “5/5”-lə qəbul oldum. Birinci kursda bizə ustad jurnalist Nəsir İmanquliyev dərs deyirdi. O, daim məsləhət görürdü:

– “Hər gün mütləq nə isə yazın. Dostunuza məktub yazın, bir xəbər yazın, bir məqalə yazın. Əliniz yazıya öyrəşməlidir.”

İkinci kursda oxuyanda mənə dedi:

– Sinifkom, şair Əliağa Kürçaylının yeni kitabı çıxıb, get ondan müsahibə al.

Mən çəkinərək dedim:

– Olar bir neçə gün sonra gedim? Gərək əvvəl yaradıcılığı ilə tanış olum…

Nəsir müəllim gülümsədi və dedi:

– Afərin. Əlbəttə, əvvəl oxu, öyrən, sonra get.

Müsahibəyə şairin öz misrası ilə belə başlıq qoymuşdum: “Gərək yarımçıq qalan ömürləri yaşayım.”

Sonra məni Bayram Bayramovdan müsahibə almağa göndərdi. Beləcə jurnalistikaya ilk addımlarım başladı.

Zemfira Məhərrəmli

Təyinat dramı: Nəsir müəllimin etirazı və gülüşü

Dövlət imtahanlarına hazırlaşırdıq. Bir gün dekanlıqdan qrupumuzun jurnalını götürürdüm. Nəsir müəllim qoltuğunda qovluq içəri daxil oldu. O, çox əzəmətli, hündür bir kişi idi. Mən onu görəndə həmişə dahi şairimiz Mirzə Ələkbər Sabirin bu misrası yadıma düşürdü:

“Bənzərəm bir qocaman dağa ki dəryada durar!”

Məndən soruşdu:

– Təyinatın hara verilib?

– AZTV-yə, – dedim.

Bir az fikrə getdi. Sonra dekan Şirməmməd müəllimin yanına gedib dedi:

– Şirməmməd, mənim qadromu (özü belə deyirdi) hara aparırsız? Neçə ildir burada qəzet üçün jurnalist yetişdiririk!

Sən demə, məni “Bakı” qəzetinə aparmaq istəyirmiş. Mənim ixtisasım radio-televiziya jurnalistikası olsa da, qəzet məni həmişə daha çox çəkirdi. Nəsir müəllim məsələni həll etdi, təyinatımı dəyişdirdi.

Sonra zarafatla dedi:

– Qulunun da təyinatı AZTV-yədir, sənin də? Evdə də bir yerdə, işdə də bir yerdə olacaqsız? Sən o gözəl-göyçək oğlana imkan verməyəcəksən orda qəşəng qızlara baxsın?

O gülümsəyirdi, amma mən isə həyəcan içindəydim. Beləcə, mənim təyinatım “Bakı” qəzetinə verildi və mən orada düz 25 il çalışdım.

İlk yazıların sevinci və ilk qonorar

İlk yazılarım çıxanda sevincdən uçurdum. Sonradan eşitdim ki, “letuçka”larda yazılarımdan danışırlarmış. Nəsir müəllim çox tələbkar, həm də qayğıkeş idi.

İlk qonorarım poçtla evə göndərilmişdi. Anam bu pulu mənə uzadanda gözlərim doldu. Məbləğ böyük deyildi, amma mənim üçün dünyalara dəyərdi. İlk tələbə təqaüdümün isə maraqlı tarixçəsi var. Uşaqlıqda həyətdə oynayarkən nəzarətsiz qalıb hovuza düşmüşdüm. Məni qonşuluqda yaşayan loğman qadın xilas etmişdi. Sən demə, ömrüm qalıbmış. İlk təqaüdümlə pay-pürüş alıb, anamla onu ziyarətə getdim. Bu mənim həyatımı borclu olduğum insana təşəkkürüm idi.

Zemfira Məhərrəmli

Müharibə: cəbhə xatirələri, qorxu, şücaət

Birinci Qarabağ müharibəsi zamanı tez-tez cəbhə xəttinə gedir, odun-alovun içindən “Bakı” qəzeti üçün reportajlar hazırlayırdım.

Ağdamda komandirdən müsahibə alırdım. Adını soruşdum. Dedi:

– Cəfər.

Yanındakı əsgər təəccübləndi. Sən demə, komandirin adı Yavər imiş. Qardaşı Cəfər isə üç gün əvvəl şəhid olubmuş və o, qardaşını yaşatmaq üçün özünə Cəfər adını götürmüşdü.

Ağdərədə ağır döyüşlər gedirdi. Cəbhə bölgəsinə gələn jurnalistləri Tərtərdə qonaq evində yerləşdirmişdirlər. Səhər Ağdama getməli idik. Evə zəng vurdum. Kiçik qızım Şəhla danışanda ağlamsındı:

– Mama, sən gəlmirsən? Formamın ağ qolçaqları çirklənib, müəllimə danlayacaq…

Çox kövrəldim. Uşağın məktəb intizamını düşünməsi, məsuliyyəti məni kövrəltdi.

Aqibət Səmədovun batalyonunda döyüşən bir qız vardı. Həm tibb bacısı, həm döyüşçü idi. Ondan müsahibə almaq üçün gecə saatlarında mən, qəzetimizin fotoqraf Hicran Babayev, iki əsgər və sürücü yola düşdük. Bizə avtobus verdilər. Yolda avtobusu ermənilər atəşə tutdular. Güllələr təkərlərin arasından keçirdi. Təkərlərə vurmaq istəyirdilər ki, bizi ələ keçirsinlər. Ölüm bir addımlığımızda idi. O anda sürücü özünü itirmədi, elə peşəkarcasına sürdü ki, təhlükə sovuşdu, bizə heç nə olmadı.

– Qorxmurdunuz?

– Qorxu vardı, əlbəttə. Salatın Əsgərova da, Çingiz Mustafayev də şəhid olmuşdu. Amma Vətən sevgisi yolumuza işıq salırdı.

Ədəbiyyat və yazı arzusu

“Atəşkəs” dövründə “Döyüşə qızlar gedir” kitabım çıxmışdı. Xalq şairi Qabil redaksiyaya şeirlər gətirəndə kitabımı görüb, birini “General” romanının müəllifi   Hüseyn Abbaszadə üçün istədi. Mən böyük məmnuniyyətlə kitabımı yazıçıya göndərdim. Amma özüm həyəcan içində idim.

Az sonra Hüseyn müəllim zəng edib dedi:

– Qızım, kitabı oxudum. Böyük Vətən müharibəsi illərini görmüş biri kimi səngər həyatımı burada yenidən yaşadım.

Bu sözlər mənə böyük güc verdi.

Qulu Məhərrəmli ilə bir ömür

Qulugil bizə elçi gələndə atam narahat idi: “Zəngilandan Bakıya gəlirlərsə, deməli, uşaqlar bir-birinə inanır.”

Sonra araşdırdı, razılaşdı və biz evləndik.

Jurnalistika məsələsinə gəldikdə isə… Mən bütün uğurlarımda Qulu müəllimə borcluyam. O, həm tələbə yoldaşım, həm ömür və sənət dostum, həm də qoşa addımladığım yol yoldaşımdır.

Biz bir-birimizi anlayırdıq. O, Xocalıda blokadaya düşəndə Allah yol açdı, o da son anda vertolyotla qayıtdı, sağ-salamat evinə gəldi. O, “Bir zülmət ada idi Xocalı” silsiləsini yazırdı, mən Tərtərdən, Ağdərədən, Ağdamdan reportajlar hazırlayırdım.

Hər ikimiz cəbhədə olanda isə uşaqlara anam baxırdı. Bir gün anam ağlayıb dedi:

 “Sizdən bir xahişim var. Biriniz gedəndə, biriniz evdə olun. Uşaqlar yazıqdı…”

Salatın və Çingizin şəhidliyi onu çox sarsıtmışdı.

Bir ömür əl-ələ, çiyin-çiyinə həm yaşadıq, həm işlədik, həm də uşaqlarımızı böyütdük. Beləcə, ömür davam edir…

Söhbətləşdi: Xanım Aydın

Fotolar: Murad Muxtarov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin