Bir ara dəb düşmüşdü. “Yaxt klub”da övladlarına nişan törəni edənlər “üzüktaxma mərasimi”ndən sonra gənclərin hər birinin əlinə bir qutu verər, onlar da qutunun ağzını açıb min bir “Kral kəpənəyi”ni Xəzər dənizi boyunca pərvaza gətirərdilər.
Təbiətin bu möcüzəsi, Tanrının zərif və gözəl yaradılışı olan “Kral kəpənək”ləri sən demə, yaranandan ölənə qədər dörd min kilometr məsafəni qət edərmiş. Bu azmış kimi, bu gözəl və özəl varlıq “İnsanın belə yalın əllə toxuna bilmədiyi İpəkotu adlı zəhərli bitki ilə qidalanır. Zəhəri vücudunda qapalı bir hissədə saxlasa da, onunla o qədər diqqətli davranır ki, sağlamlığına ziyan vurmasın. Qəribəsi, daha maraqlısı ilə odur ki, kəpənəyə toxunan, onu yeyən qurd-quş həmin anda canını tapşırır. Bu səbəbdən də mütəxəssislər “Kral kəpənəyi”n təbiəti ilə bağlı araşdırmalar apararkən qeyd edirlər: “Orqanizmə zərər vermədən zəhəri canında bəsləmək və lazım olanda istifadə etmək yüksək texnologiyaların tətbiq olunduğu zamanımızda belə ağıla gəlməyən həqiqətdir. “Kral kəpənəyi”ni ən hiyləgər, həm də təmizkar varlıq hesab edən tədqiqatçılar onu həm də mikrob və bakteriyalardan uzaq olan möcüzəli yaradılış hesab edirlər.
Bu fakt insanın yadına istər-istəməz iki tanrı möcüzəsini də salır. Arının neştərindəki zəhəri, pətəyindəki balı, ilanın dişinin dibindəki zəhəri, o zəhərin – zəyin bir çox dərdə dərman olan müqəddəsliyi.
Şərəf Cəlilli