Nəşr edilmişdir 01/13/2025

Paylaşın

ETNOQRAFIYA

Zərgərlikdə ən bahalı üslub

Bütün zərgərlərin bacarmadığı şəbəkənin sirri nədir?

Şəbəkədən sosial şəbəkəyə…

Hamımızın qulağına tanış sözdür şəbəkə. Zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. İnternet istifadəçilərinin bir-biri ilə müzakirəsi üçün yaradılmış saytlara da şəbəkə deyilir. Hər iki halda birləşdirir, bütövləşdirir, heç nədən nəsə yaranır. Yaranan o nəsnə qiymətli münasibət də ola bilər, qiymətli əşya da. Əşyalardan danışacağıq – zərgərlik əşyalarından… Daha doğrusu, zərgər danışacaq.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, zərgər Eduard Şamaryayev deyir ki, zərgər üçün şəbəkə üslubu bir elmdir və bunu bacaran zərgər xoşbəxtdir: “İyirmi səkkiz ildir ki, zərgərəm, bunun iyirmi beş ilini istehsalat təlim ustası kimi işləmişəm. Üç mindən artıq tələbəm var… Onlara şəbəkə üslubunu öyrətsəm də, çoxu sonradan davam etdirməyib. Kobud da səslənsə, deməliyəm ki, şəbəkə hər ustanın bacaracağı iş deyil. Şəbəkə – həyat tərzidir. Buna böyük səbir lazımdır, vaxt lazımdır, hər adamın hövsələsi çatmır. Amma kim bu yolu seçibsə, xoşbəxt adamdır. Şəbəkə bir elmdir və onu bacaran adam çox xoşbəxtdir”.

Eduard Şamaryayev, şəbəkə, zərgər, zərgərlik, dolama, sırğa

Ənənəni yaşatmaq, yoxsa sifarişi yerinə yetirmək?

Üslublar içərisində şəbəkə ən bahalısı sayılır və daha çox Azərbaycanda istifadə olunur. Müsahibimiz deyir ki, başqa ölkələrdə aktual olan üslublara baxanda necə sadə və primitiv olduğunu görmək olar, bu isə daha az iş, daha az vaxt deməkdir: “Sovet dövründə milli üslubda işləməyə imkan vermirdilər, biz klassik sovet məktəbində olan bəzək əşyaları hazırlayrdıq ki, bu da bədii baxımdan çox sadə, bəsit işlər idi. Bizim şəbəkə üslubunda hazırlanmış əşyalar isə sənət əsərləridir və əsasən orada buta elementindən istifadə olunur. Spiral elementi isə “S” adlanan, yəni “S” hərfinə oxşayan bir elementdir. Şəbəkənin içini doldurmaq üçün istifadə olunan element “vav” adlanır – ərəb əlifbasındakı vergülə oxşayan hərf. Şəbəkədə istifadə olunan elementlər hamısı vav adlanır, yəni şəbəkənin içini vavlarla doldururuq. Şəbəkənin bir problemi var, bu üslubda kiçik əşyalar düzəltmək olmur. Şəbəkəyə bir az həcm lazımdır, çünki xırda işə o gözəlliyi vermək çətindir, istədiyimiz naxışları ora yerləşdirə bilmirik. İstifadə olunan məftil insan saçından nazikdir, biz iki məftili buraraq ondan elementlər hazırlayırıq. Bunlar çox zəngin, mürəkkəb və böyük bədii qiymətə malik olan əl işləridir. Şəbəkə üslubunda olan bəzək əşyalarımıza həm yerli alıcılar, həm də xaricdən gələn qonaqlar böyük önəm verirlər. Dükanımıza gələn turistlər təəccüblənirlər, şəbəkə onlara çox maraqlı gəlir. Bu yaxınlarda keçirilən COP29 tədbirində mən xarici alıcıların siyahısını hazırladım, sonra baxdım ki, dünyanın əksər ölkələrindən müştərilərimiz olub və onların ən çox aldıqları məhz şəbəkə məmulatlar olub”.

Şəbəkə üslubu olmasaydı, zərgərlik sənəti nə itirərdi?

Çoxlarına qəribə görünə bilər, Azərbaycanda zərgərlikdə istifadə olunan ənənəvi daşların heç biri xammal kimi mövcud deyil. Bu səbəbdən ta qədimdən ölkəmizdə bəzək əşyaları iki üslubda hazırlanıb: şəbəkə və mina vurmaqla. Bu həm də Azərbaycan zərgərlik məktəbində minasazlıq sənətinin inkişafına təkan verib. Zərgərlər özləri də etiraf edir ki, şəbəkə üslubu olmasaydı, Azərbaycan zərgərlik məktəbi ümumiyyətlə olmayacaqdı.

Eduard Şamaryayev deyir ki, qonşu dövlətlərdə qiymətli daş ehtiyatının olması onların şəbəkə üslubuna maraq göstərməməsinə səbəb olub: “Götürək Türkiyə, İran, Gürcüstan, Ermənistan, Rusiyanı… Onların qiymətli daş ehtiyatı var və onlar o daşa uyğun üslublarda daha çox işləyirlər. Ametisit, firuzə, dağ bülluru… Rusiyada ümumiyyətlə, qiymətli daşlar çoxdur. Və onlar adi bir qaşı götürürlər, ona yüngülvari bəzək vurmaqla bəzək əşyası düzəldirlər. Bizim zərgərlərimiz üçünsə bu, çox çətin idi, çünki daşımız yox idi. Daş olmadığına görə də onlar öz sənətkarlıqlarını məftillə, xırda tellərlə göstərməyə başladılar, beləliklə, şəbəkə yarandı. Şəbəkə Azərbaycan zərgərliyinin bünövrəsidir, tacıdır, milli zərgərliyimizin ən mürəkkəb texnikasıdır”.

Eduard Şamaryayev, şəbəkə, zərgər, zərgərlik, dolama, sırğa

Şamaxının “Qırxdüymə”si, Lənkəranın “Heydəri”si

“Bölgələr üzrə təsnifatlaşdırsaq, Naxçıvan xanlığını çıxmaq şərtiylə şəbəkə üslubundan Azərbaycanın bütün xanlıqlarında istifadə olunub. Naxçıvan xanlığında daha çox ştamp üsuluyla bəzək əşyaları hazırlanıb. Bakı şəbəkə məktəbi çox zəngindir, Maştağa, Nardaran, Zirə, İçərişəhər zərgərləri daha çox bu texnika ilə işləyiblər. Şəkidə, Şamaxıda, Qarabağda da böyük şəbəkə məktəbi olub. Lənkəran və Astarada isə indi də məşhur olan həmin o “Səbət sırğa”lar düzəldilib” – müsahibimiz belə deyir.

Onun sözlərinə görə, “Qıxdüymə”, “Heydəri”, “Səbət”… bunlar bizim ənənəvi sırğalarımızdır: “Bunlar indi də dəbdədir və dükana girən əksər müştərilərin ilk üz tutduğu məhz həmin sırğalar olan stenddir. Hər bölgəyə aid naxışlarla hazırlayırıq. Məsələn, “Qırxdüymə” əsasən Şamaxıya, “Heydəri” Lənkərana, “Səbət sırğa” Bakı şəbəkə məktəbinə aiddir”.

Eduard Şamaryayev, şəbəkə, zərgər, zərgərlik, dolama, sırğa, Səbət, Heydəri, Qırxdüymə

Azərbaycandan Avropaya…

Eduard Şamaryayev deyir ki, Qarabağ zərgərlik məktəbinin nümunələrini, təsirlərini Rusiya, Fransa, İngiltərə muzeylərində də görmək mümkündür: “Bu nümunələr qızıl, gümüş və misdən hazırlanırdı. Ən çox məmulat XVIII-XIX əsrlərdə hazırlanıb. “Şarlı sırğa”, “Ay-ulduzlu sırğa”, “Piyalə cəng sırğa”, “Səbət sırğa” əsasən şəbəkə texnikasına hazırlanıb. Gürcüstanın da Qarabağ məktəbinə böyük təsiri olub.

Qədimlərdən əsas zərgərlik mərkəzlərinin Qarabağ, Şamaxı, Şəki, Naxçıvan, Lənkəran və Bakıda cəmləşdiyini söyləyən zərgər İpək Yolu vasitəsilə bu bəzək əşyalarının bütün dünyaya yayıldığını bildirir: “Bu səbəbdən müasir İtaliya, Fransa zərgərlərinin işlərində biz bu gün Qarabağ zərgərlik məktəbinin nümunələrini görə bilirik. Bu isə o deməkdir ki, Azərbaycanda zərgərlik məktəbinin inikişafı üçün bizim Avropaya baxmağa ehtiyacımız yoxdur, əksinə, onlar bizdən öyrənsinlər, necə ki, hələ də öyrənirlər”.

İnsan uşaqlığından və xatirələrdən ibarətdir və hər birimizin ibtidai yaddaşında canlı, cansız nələrsə var. O nələrdən biri anamızın, nənəmizin qulağındakı sırğalardır. Gözümüzü açandan – ana qucağındaykən gördüyümüzdən fərqində olmamışıq, sanki analarımız elə o sırğayla doğulub. Baxıb xəyal etdiyimiz həmin sırğalar “Səbət” adlanırmış. Uşaqlıq xatirəmizin bir parçası olan sırğalar. Zərgərliyin ən mürəkkəb qolu sayılan şəbəkə üslubunda hazırlanan həmin o sırğalar.

Eduard Şamaryayev, şəbəkə, zərgər, zərgərlik, dolama, sırğa, Səbət, Heydəri qırxdüymə

Naibə Qurbanova

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğında çoxsaylı insan

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun

GÜNDƏM

Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib.Baki-Baku.az xəbər

İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul