Nəşr edilmişdir 05/16/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Zərdabi özü özünə elçilik etdi

Zərdabi özü özünə elçilik etdi, Həsən bəy Zərdabi, Hənifə xanım Abayeva, Əkinçi, Əkinçi qəzeti, Hacı Zeynalabdin Tağıyev, Millət atası

Həsən bəy Zərdabi ömrü boyu ilklərə imza atdı. Çar Rusiyasında, ilk təbiətşünas alim, ilk ali təhsilli müəllim, ilk xeyriyyə cəmiyyətinin qurucusu, ilk mühərrir, ilk ictimai-siyasi xadim kimi şöhrət qazandı. İlklər onun alın yazısı, Tanrıdan tale payı oldu.
Zərdabinin ən böyük ilklərindən biri, əslində isə birincisi Hənifə xanım Abayeva – Məlikova ilə nigahı idi. Ona qədər Maarifçilik hərəkatının öndərləri hesab olunan Mirzə Kazım bəy xristian qadınla evlənmişdi. Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov mollaxana təhsili ilə kifayətlənmiş qohumları ilə nigaha getmişdi. Zərdabi bütün sınırları, sərhədləri, yazılmış qanunları pozub tarixi ilklərdən birinə imza atdı. Mükəmməl təhsili, intellektual potensialı, ensiklopedik biliyi, ən əsası bir türk, müsəlman kimi mükəmməl xarakteri ilə fərqlənən, daha doğrusu fərqliliklərə imza aran Hənifə xanım Aslan bəy qızı Abayevanın könlündə taxt qurdu. Zərdabinin mükəmməl ziyalı qadın axtarışı onun illərini alsa da, taleyi üzünə 35 yaşında güldü.
Hər bir qüdrətli kişinin arxasında qüdrətli bir qadın ömrünün əridiyinə inanan Zərdabi bu dövrdə “Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk – azərbaycanlı müəllimlərə ehtiyac yarandığından “Qafqaz” qəzetində Tiflis “Müqəddəs Nina” Qadın Gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirmələrini təbliğ edirdi. Zərdabi bir gün 1872-ci ilin yazında “Qafqaz” qəzetini vərəqləyərkən Tiflisdəki məşhur Nəcib Qızlar Gimnaziyasının buraxılış elanı ilə rastlaşır. Məzunların arasında müsəlman, türk qızı adını və soyadını gördükdən sonra həmin gecə tərəddüd etmədən Tifllisə yola düşür. O zaman Tiflisə dəmiryol xətti yeni çəkilmişdi. Gimnaziyaya gedib həmin qızla maraqlanır. Gimnaziyanın direktorundan Hənifə xanımla bağlı məlumat əldə edir. Bəlli olur ki, o, 1856-cı il may ayının 5-də Şimali Qafqazda Nalçikdə – Günnütyurtda doğulub. Qardaşı Sultan Abayev balkarların milli musiqisinin banisidir. Babası Qafqaz qartalı Şeyx Şamilin müridlərindən olub. Çar Rusiyası Qafqazlara gəldikdən sonra o, Osmanlıya köçüb. Atası Aslan bəy nüfuzlu ailələrin uşaqlarından biri kimi hərbi qulluğa keçib. Peterburqda kadet kurslarında təhsil alıb. Çar Ordusunda xidmət edən nüfuzlu hərbiçilərdəndir. İstefaya çıxdıqdan sonra polkovnik Aslan Abakaroviç Abayev doğma yurduna – Günnütyurta qayıdıb. Daha çox Nalçikdəki malikanəsində yaşayıb. Hənifənin 6 yaşı olanda o Peterburqa məktub ünvanlayaraq qızlarının Tiflisdəki Müqəddəs Nina Nəcib Qızlar Seminaraiyasında təhsil alması üçün xahişdə bulunub. Amma bacısı dörd yaşında körpə olduğundan anası buna dözməyib. Aslan bəy ikinci yeri itirməmək üçün baldızının qıız Fizzə ilə birlikdə Hənifəni Şimali Qafqazdan Tiflisə gətirib. Aslan bəy qızını mükəmməl yetişdirmək üçün o zamanlar bir çox türk-müsəlmanlarda olmayan cəsarətli addımı atıb. Gimnaziyada təhsilin on il olmasına, ayrılığın çətinliyinə baxmayaraq o, qızını mükəmməl türk qadını kimi yetişdirmək üçün bütün çətinliklərə tablayıb. Tiflisdə yeganə olan Müqəddəs Nina Nəcib Qızlar Gimnaziyası n qızlara məxsus bütün bilikləri verirdi: rəsm, musiqi, müxtəlif peşələr, pedaqogika, psixologiya, evdarlıq, toxuculuq…
Həsən bəyə elə bu cür, dəyərlərin əyarı olan mükəmməl bir qız gərəkdi. Axtardığını tapmışdı. İstəyirdi ki, ailə qurduğu, könül verib könül aldığı, könlündə sultan etdiyi xanımla birlikdə evində pansionat tipli məktəb qursun. Gimnaziyanın direktoruna ürəyini açan Zərdabidən bunları eşidən əsl müəllim obrazı ilə nümunəyə çevrilən Nina Parxomova Prakofyeva sevincini biruzə verməkdən çəkinmir. “Çox yaxşı ki, sizin kimi Moskvada oxumuş bir oğlan gəlib onun bəxtinə çıxıb. Valideynləri, qardaşları onun arxasınca gəlir. Hamısı da çərkəzi geyimdə xəncərləri, patronları yerində, bığları da öz qaydasında, adam onları görəndə bağrı yarılır. O qız isə çox nəcibdi. Allah sizi elə bir-biriniz üçün yaradıb”…

Zərdabi özü özünə elçilik etdi, Həsən bəy Zərdabi, Hənifə xanım Abayeva, Əkinçi, Əkinçi qəzeti, Hacı Zeynalabdin Tağıyev, Millət atası

Hənifə xanım Zərdabiyə qiyabi olaraq vurulduğunu dilə gətirməkdən çəkinmir

Nina Parxomovanın icazəsi ilə Həsən bəy Hənifə xanımla tanış olur. İlk tanışlıqdan bəlli olur ki, Hənifə xanım Zərdabinin “Qafqaz” qəzetində çıxan bütün yazılarını oxuyub. Hətta onun məktəb açamaq, pansion qurmaq kimi fikirləri ilə şərikdi. Özünün də ən böyük arzusu bu idi. Həsən bəy könlünü açanda Hənifə xanım qiyabi olaraq ona vurulduğunu dilə gətirməkdən də çəkinmir. Amma onu da deyir ki, “Mən ailənin sevimli uşağıyam. Gözdən uzağa buraxmazlar. Məni sənə verməzlər”…
Hənifə xanımı dinləyən Zərdabinin təklifi ilə onlar bir-birinə qoşulub Bakıya gəlirlər. Zərdabinin məsləkdaşı, eyni zamanda kürəkəni, Hənifə xanımın isə oğul qədər əziz bildiyi Əlimərdan bəy Topçubaşov Həsən bəylə Hənifə xanımın əfsanəyə dönmüş məhəbbətindən, evlilik təklifindən söz açaraq xatirələrində qeyd edir: “Artıq evlənənmək yaşı ötən Həsən bəylə gənc, gözəl qız olan Hənifə bir-birinə qoşulub Bakıya öz gələcək xəyallarının yuvasına gəldilər. Onların sevinci bir kişinin bir qadına, bir qadının bir kişiyə məhəbbəti üzərində qurulmamışdı. Onlar məfkurə yolculuqları idi. Sevgilərinin adı isə millətin balalarına, maarif işığına məhəbbət idi…”
Topçubaşovun qeyd etdiyi o ülvi məhəbbət millətə, məmləkətə, həm də Məlikovlarla birlikdə Abayevlərə xeyirli övladlar bəxş etdi. Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratının həll olunduğu ərəfədə parlamanın sədri kimi Fransada mücadilə edən, Versal Sülh Konfransında milli mücahid kimi tarix yaradan Əlimərdan bəy Topçubaşovu bu səfərdə, daha doğrusu iki ay davam edən ölüm-qalım savaşında, milli mücadilədə nümayəndə heyətinin katibi kimi həm də qayni Səffət bəy Həsən bəy oğlu Məlikov müşayiət edirdi. Həsən bəylə Hənifə xanımın Bakıya gəlişi ilə taleyüklü anlardan yazan Əlimərdan bəy Topçubaşov iki ciddi, həm də maraqlı faktlar barədə maraqlı bilgilər verir. Əlimərdan bəy yazır ki “ Bakı onları yaxşı qarşılamır. Hicabdan imtina edən qadının, modern düşüncə ilə yaşayan gənc ailəni insanlar qəbul etmir. Bəzən, şəhərdə birlikdə gedən zaman onlara olan hədyanları da eşidirlər. Lakin heç birinə cavab vermirlər. Çünki onları qarşıda daha böyük missiya gözləyirdi… Bu məsələnin birinci, əsas tərəfi idi. İkinci tərəf isə qorxulu idi.

Hənifənin qardaşları Bakıya əli xəncərli gəldi

Hənifə xanım ilk görüşdən qabaqda Zərdabiyə aşiq idi. Xəyallarında canlandırdığı Ağ Atlı Oğlan idi Həsən bəy. Tanımadığı, görmədiyi, bilmədiyi oğlana vurulmuşdu. Daha doğrusu onun ruhuna, duyğusuna, millət sevgisinə vurulmuşdu. Hənifənin doğulduğu kəndin qəribə tarixçəsi, taleyi vardı. Hənifə xanımın doğulduğu bu gün isə tikililərinin heç biri qalmayan Günnütyurt Ter vilayətinin, Nalçik dairəsinin Kabardin-Balkar Respublikasının ən gözəl aullarından biri olub. Bir-birindən çox da aralı olmamaqla, dərələrdə yerləşən, inzibati cəhətdən Nalçik dairəsinə daxil edilən, Hulam, Bəzəngi, Çəcəm və Bəksən (Urusbi) icmalarından ibarət olan bu icma rəsmən “Böyük Kabarda ilə həmsərhəd beş dağlı icması adlanır. Bu icmalardan ən böyüyü Balkar icması olduğuna görə, bu icmaların sakinləri ümumilikdə “balkarlar” adlandırılır. Onlar müsəlmandırlar, qədim, sadə türk xalq dilinə daha yaxın olan tatar ləhcəsində danışırlar, amma adətləri, həyat tərzləri və geyimləri tatarlarınkından fərqlidir. Dilinə, dininə, adətlərinə və digər keyfiyyətlərinə görə, bu tayfalar Elbrus dağının buzlaqlarından axıb gələn Kuban çayının yuxarılarındakı dağ dərələrində yerləşən qaraçaylara yaxın və doğmadırlar.
Hənifə xanım belə bir əzəmətli diyarda, sərt-sıldırım qayaların ətəyində dünyaya gəlmişdi. Qardaşları da əyilməzliyin, məğrurluğun dərsini bu torpaqların mərd, müdrik ərlərindən, ərənlərindən almışdı. Onların bacısını kimsə qaçıra bilməzdi. Bacıları da kimə isə qoşulub qaça bilməzdi. Amma Hənifə xanım bu cəsarətli addımı sonsuz, hüdudları məlum olmayan Sevgisinin – Zərdabinin eşqinə atmışdı. Sərt, sıldırım qayalar qopsa, Terek, Kuban, Samur daşsa da o, köçünü Xəzərin yaxasında əyləmişdi. Düzdü, o Tiflisdə Bakıya gəlməmişdən öncə atasına, onun mükəmməl bir şəxsiyyət kimi yetişməsi üçün cəsarətli qərar alıb, ləyaqətli addım atan Aslan bəyə “Üzürxahlıq Məktubu” yazmışdı. Məktub “Bağışla Ata!” nidası ilə başlayıb, bu cümlələrlə bitirdi: “Onunla, olmalı olduğum yerlərə getdim! Mən onun üçün doğulmuşam. Onun üçün yetişdirilmişəm. Ona inanıram! Sizi sevirəm!”

“İndi xəncəri ürəyinin başında saplayardım, edə bilmirəm, orada Hənifə var!”
Məktubu alan kimi Hənifə xanımın qardaşları əli tapançalı, xəncərli Şimali Qafqazdan Bakıya gəlir. Hesab çürütmək üçün Bakını ələk-vələk edib, Həsən bəylə Hənifə xanımı tapırlar. Bacılarını alıb Kabardin-Balkara dönmək istədiklərini gizlətmirlər. Ortadakı qalmaqala millətin atası Hacı Zeynalabdin Tağıyev son qoyur. Həsən bəyin “böyük-mənəvi qardaşı, Hənifə xanımın əzizi” kimi onları yola gətirib qanı yatırır. Qardaşlar Günnütyurda əliboş dönür. Hənifə xanım isə Həsən bəyə “İndi xəncəri ürəyinin başında saplayardım, edə bilmirəm, orada Hənifə var!” deyib, bacısının ilk və son məhəbbətinə sayğı göstərən qardaşı Sultan bəy Aslan bəy oğlu Abayevin adını bu müqəddəs və mübarək nigahdan doğulan qızlarının adında əbədiləşdirir. Pərisultan və Qəribsultan adı belə yaranır.
Həsən bəylə Hənifə xanım illər sonra Hacı Zeynalabdin Tağıyevin tədarük etdiyi pay-puş xonçaları, hədiyyə tabaqları, bir də övladları ilə Şimali Qafqaza, Nalçikə, Günnütyurda gedir. Həsən bəy Səlim bəy oğlu Məlikov Aslan bəy Abayevlə ilk dəfə belə üz-üzə gəlir, barış görüşdən, xeyir-duadan sonra, Hənifə xanım bir dəfə də olmur Günnütyurda. Bu da Həsən bəyin Zərdabdakı “Sürgün illəri”nə təsadüf edir.

Zərdabi özü özünə elçilik etdi, Həsən bəy Zərdabi, Hənifə xanım Abayeva, Əkinçi, Əkinçi qəzeti, Hacı Zeynalabdin Tağıyev, Millət atası

Yar yarına qovuşanda

1872-ci ildə Həsən bəylə Hənifə xanım bir bədəndə can – Azərbaycan olmuşdu. Cismani ölüm ayrı salsa da, 1957-ci ildə onlar yenidən bir ünvanda qovuşmuş, hicrana, həsrətə son qoymuşdular.
Bütün həyatını milli mənlik, milli kimlik uğrunda mücadiləyə həsr edən, milli məfkurədən milli dövlətçiliyə yol gələn, mütərəqqi fikirləri ilə tarix yaradan Həsən bəylə Hənifə xanım qürur dolu tərcümeyi halları, müdhiş taleləri, möhtəşəm vida mərasimləri, Fəxri Xiyabandakı son görüşləri ilə belə tarixin canlı salnaməsinə çevrildilər.
Deyirlər, onların vida mərasimlərində iynə atsaydın yerə düşməzdi. On minlərlə insan Bakı küçələrinə axışıb onların cənazəsini müşayiət edirmiş. Bu azmış kimi Bakıda göyərçin də, qalmayıbmış, ağ göyərçinlər müqəddəs ruha, mələyə dönüb onları yola salırmış.
Həsən bəy 1907-ci ildə Bibiheybət pirində torpağa verildi. 30 il sonra, 1937-ci ildə dərbədər edildi. Mədfəni qazıldı. Nigaran ruhu sümüklərinə sahb çıxan qızını – Qəribsultanı qorudu. Hənifə xanım 1929-cu ildə dünyasını dəyişdi. Ondan sonra məzarını bircə nəfər – Qəribsultan xanım ziyarət etdi.
Çətin illərdə, ağır zamanlarda atasının sümüklərini, anasının məzarını tutiya bilən Qəribsultanın həsrətinə 1957-ci ildə son qoyuldu. Dünyasını dəyişəndə, “Məni Həsən bəyin yanında dəfn edin” deyən, Hənifə xanımın nisgili 28 il sürdü. Dünyaya vida nəğməsi oxumasının 50-ci ildönümündə Zərdabinin sümükləri Fəxri Xiyabanda torpağa verildi. Hənifə xanımın nəşi də onun yanına köçürüldü.
Bu özü özünə elçilik edib, cehiz tutan, üzü Qibləyə deyil, Odlar Yurdu Azərbaycana sarı yatan, millətin, məmləkətin cəhalətdən qurtuluşu üçün ömrünü şama pərvanə edən, əbədi, sonsuz, hüdudları məlum olmayan sevginin, sədaqətin, etibarın ünvanına çevrilən Həsən bəylə Hənifə xanımın ruhunun şad olduğu gün idi.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az-ın bu barədə yayımladığı xəbərdən sonra Yasamal Rayon İcra Hakimiyyəti məsələni araşdırmaya götürdü və müvafiq tədbirlərin görülməsi istiqamətində

Ən son

SİYASƏT

Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. Baki-baku.az xəbər

SİYASƏT

Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. Baki-baku.az xəbər