Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/02/2026

Paylaşın

MEMARLIQ

Zəncirli bina: İçərişəhərin çoxqatlı tarixi

İçərişəhərin dar küçələrində addımlayanda zaman sanki yavaşlayır, bəlkə də, lap keçmişə qayıdır. Qədimliyin qoxusunu özündə daşıyan divarlar, eyvanlardan süzülən kölgələr, uzaqdan gələn dəniz iyi… Bu ab-havanın içində Qüllə küçəsi 19-da yerləşən Zəncirli bina xüsusi diqqət çəkir. Sakit görünüşünün arxasında isə mürəkkəb və çoxqatlı bir tarix gizlənir.

Zəncirli bina XIX əsrin sonları – XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilib. O dövr Bakısı neftin, ticarətin və böyük arzuların şəhəri idi. Bir müddət sonra mülk ailədaxili alqı-satqılar nəticəsində Nuru Əmiraslanovaya keçir. 1910-cu ildə isə bina dövrün tanınmış milyonçularından olan İsa bəy Hacınskinin diqqətini cəlb edir. Onun planı bu ərazidə daha hündür, daha iddialı bir bina ucaltmaq idi. Lakin İçərişəhərin torpağı öz sözünü deyir: yeraltı sular bu planları alt-üst edir və bina olduğu kimi qalır.

1920-ci ildən etibarən mülk tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olur. Səkkiz il sonra isə İçərişəhərin tanınmış tacirləri olan Məlikov qardaşları binanı satın alırlar. Elə bu səbəbdən də Zəncirli bina uzun müddət “Məlikovların mülkü” adı ilə tanınıb. Amma 1930-cu il artıq Bakının taleyində yeni bir dövr idi. Həmin dövrdə bina müsadirə edilir və dövlət istifadəsinə verilir. Həmin ildən etibarən burada Nəriman Nərimanov adına tikiş fabriki fəaliyyət göstərir. Bu divarlar tacir sövdələşmələrindən sonra işçi səsinin, tikiş maşınlarının ritmini eşitməyə başlayır.

Sonrakı illərdə binada Dəniz Gəmiçiliyi İdarəsi yerləşir. Dənizlə nəfəs alan Bakıda bu da təsadüfi deyil, sanki bina şəhərin taleyini addım-addım izləyir.

Memarlıq baxımından Zəncirli bina XX əsrin əvvəllərində İçərişəhərdə inşa olunmuş tikililər arasında özünəməxsus yer tutur. Sadə, lakin zövqlü həlli, bədii estetikası və ümumi proporsiyaları ilə ətraf mühitə ahənglə qarışır. Elə buna görə də bina 2 avqust 2001-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınıb (inventar № 93-4).

Bu gün isə Zəncirli bina yenidən elm və tarixlə nəfəs alır. Burada AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyi fəaliyyət göstərir. Minilliklərin izini daşıyan eksponatlar, sükutla danışan tapıntılar bu qədim binanın ruhuna çox yaraşır.

İçərişəhərdə gəzərkən Zəncirli binanın qarşısında bir anlıq dayanmaq kifayətdir. Daşlara toxun, ətrafa qulaq ver. Bəlkə də o zəncir dediyimiz şey təkcə adında deyil – keçmişlə bu gün arasında görünməz bir bağdır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "Azərişıq" ASC-dən məlumat verilib

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "Azərişıq" ASC-dən məlumat verilib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin