Ötən gün rəssam Zöhrab Salamzadə ilə Bakı ilə bağlı söhbətləşdik. Bakının onun üçün necə mifik, sirli və dərin məna daşıdığından danışdı bizə. Söhbətimizi sizə təqdim edirik, əlavə olaraq müsahibəni sosial media hesablarımızdan video formatında da izləyə bilərsiniz.
– Sizin əsərləriniz daha çox mifik, nağıl üslubundadır. Bəs Bakı nağıl qəhrəmanı olsaydı, onu necə təsvir edərdiniz?
– Yəqin ki, Şərq üslublu, mifik, özündə çox sirlər gizlədən bir obraz göstərərdim. Məsələn, çəkdiyim “Dərvişlər” kimi. Onlar bir çox bilikləri özlərində daşıyırlar. Mənə elə gəlir ki, Bakı çoxsimalıdır. O həm gəncdir, həm çiçəklənəndir, eyni zamanda da həm qədim və müdrikdir. Mən onu bir simada göstərə bilməzdim. Yəqin ki, dərvişlə başlayardım.
– Əgər sizə belə bir imkan yaradılsaydı, Qız qalasının üstündə nə çəkərdiniz?
– Heç nə. Bakının hazırda bir çox simvolları var: Alov qüllələri, teleqüllə və s. Amma arasında Bakını tam Bakı edən mən elə gəlir ki, elə məhz Qız qalasıdır. Mən onun üstündə heç bir dənə xətt də çəkməzdim.
– Bakı hərtərəflidir. Həm küləklər şəhəridir. Həm qədimdir – İçəri şəhəri var, həm müasirdir – göydələnlər ucalır. Sizə bunlardan hansı yaxındır? Və bu, sizin sənətinizdə özünü necə əks etdirir?
– Əlbəttə, Bakı müasirləşir. Biz də Bakının hansısa bir dövrünü götürürük. O da özünə görə vaxtında müasir olub. Amma mənə orta əsrlərdən qalan İçəri şəhər, Qala divarları çox yaxındır. Mən Bakının kəndlərində olan abidələri, köhnə tikililəri, qalaları sevirəm. Kəndlərdə bu köhnəlik qorunub saxlanılıb. Bakı deyəndə ağlıma gələn ilk bunlar olur.
– Bakı desəydi ki, mənim portretimi çək, onu necə təsvir edərdiniz?
– Yəqin ki, xətrinə dəyməmək üçün onu gənc, gözəl bir qız kimi təsvir edərdim.
– Belə çıxır ki, Bakı sizin üçün qızdır? Qadın cinsidir.
– Məncə, onu qız kimi göstərmək daha uyğundur. Çünki gənc, çiçəklənən bir obraz təsvir etmək istəyəndə adamın ağlına oğlan yox, məhz gözəl bir qız gəlir. Onu bərbəzəkli, gözəl bir geyimdə çəkərdim. Lakin daha qədim bir obraz kimi göstərmək istəsəydim, yəqin ki, onu dərviş kimi təsvir edərdim: çox bilən, özündə çox şeyi gizlədən, saxlayan. Çoxlu detallarla onu göstərədim.
– Nə qədər vaxtdır rəssamlıqla məşğulsunuz? Və kulminasiya nöqtəsi saydığınız əsəriniz varmı?
– Mən elə uşaqlıqdan rəssamlıqla məşğulam. Hər gün lap kiçik də olsa rəsm çəkib, cızma-qara etmişəm. Amma söhbət peşəkar rəssamlıqdan gedirsə, 2017-ci ildən Rəssamlıq Akademiyasını bitirəndən sonra öz yoluma çıxdım. O zaman mənim artıq emalatxanam da var idi. O ki qaldı kulminasiya nöqtəsinə çatmağa, onu deyə bilmərəm. Düşünürəm, heç onu bilmək heç mümkün deyil. Yəqin ki, onu mən olmayandan sonra deyə bilərlər ki, filan dövr ən yaxşı dövr idi, filan əsər onun şah əsəridir. İndi isə yaratdığım hər bir yeni əsər mənim üçün şah əsəridir. Çünki o mənim ən sonuncu məhsulumdur.
Söhbətləşdi: Deniz Məmmədli