Yustinian artıq 4 il yarım idi hakimiyyətdə idi və bütün gücünü öz şəxsi yerini qorumğa həsr etmişdi. Hakimiyyətdə idarənin əsas vəzifələrinə-ziyalılıqla əlaqəsiz, alt təbəqədən olan yaxınlarını- təyin etmişdi. Beləcə onları özündən tam asılı halda saxlayırdı. Çoxları da öyrəşmədikləri hakimiyyətdən sui-istifadə edirdilər.
Yustinianın yalnız qurduğu hakimiyyəti yox, şəxsi seçimləri də sadə xalq tərəfli idi. Onun həyat yoldaşı Feodora da prasinlərin heyvan təlimçisinin qızı idi. Atası vəfat etdikdən sonra prasinlər Feodora və bacılarına himayədarlıq etməyi rədd etdilər, lakin venetlər ailəni öz qanadları altına aldılar. Daha sonra Feodora rəqqasə kimi işləyib ailəsinə baxırdı. Ta 525-ci ildə imperator Yustinianın həyat yoldaşı olana qədər. Düzdür, bunun üçün imperator qanunda dəyişiklik etməli oldu, çünki qanuna görə hakimiyyətdə olanlar alt təbəqədən qadınlarla, aktrisalarla ailə həyatı qura bilməzdilər. Feodoranın mütrüf ailədən olması Yustinianı heç sıxmırdı, çünki o özü də sadə kəndli ailəsindən idi. Beləcə Feodora qüdrətli imperatriça oldu. Lakin buna baxmayaraq, o da digər qadınlar kimi ippodroma buraxılmırdı və yarışlara Müqəddəs Stefan kilsəsindən seyr edirdi.

Şöhrətpərəst və merkantil hakimiyyət özlərini belə insanlarla əhatə etmişdi. Yustinian böyük və təmtəraqlı məclislər təşkil edir, inşaat işləri gördürürdü – bütün xərclər isə xalqın üzərinə düşmüşdü. Əhali ağır vergilər ödəməyə məhkum edilmişdi. Hətta ziyalılar da çətinlik çəkirdi, lakin narazılıq bildirən kimi Yustinian əmlaklarını müsadirə edib onları cəzalandırırdı. Hakimiyyətdəki vergi sistemindən bütün dim üzvləri əziyyət çəkirdi. İctimai narazılıq və gərginlik artır, üsyan bir qığılcıma baxırdı.
Demarş və edam
Paytaxtda qarşıdurmalar baş qaldırmışdı. Vəziyyət getdikcə gərginləşirdi. Dim daxili gənclər aqressivləşib tək əks partiyalara yox, dinc əhaliyə də hücum çəkib, döyüb, qarət edirdilər. 523-cü ildə yarışların birində prasin partiyasının üzvləri imperatora müraciət etdilər. Məmurlardan biri barəsində şikayətə mandator imperatorun göstərişi ilə məhəl qoymadı. Venetlərlə aralarında olan ayrıseçkilikdən hiddətlənən prasinlər narazılıqlarını gizlətmədilər. Prasinlər və venetlər arasında gərginlik artdı. İş o yerə çatdı ki, üsyançılar açıq-açıq imperatorun doğulduğu günü lənətlədilər. İmperator öz növbəsində prasinləri böhtan və şərlə günahlandırdı. Sonda yüz minlərlə prasinlər yarışı yarıda qoyub stadionu tərk etdilər.
Davaların şiddəti azalmırdı. Küçələrdə xaos və çaxnaşmaların qarşısını almaq üçün imperator şəhərin başçısı Evdemona hər iki partiyanın üzvlərinin həbs olunması ilə bağlı göstəriş verdi. Sorğu zamanı qətllərdə günahkar 7 insanın adı məlum oldu. Onlardan 4-ü edam, 3-ü isə dar ağacından asılma cəzası aldı. Əhaliyə ibrət olsun deyə onları şəhər meydanına gətirdilər və burada qəribə bir hal baş verdi. Dar ağacı sındı və 3-dən 2-si sağ qaldı. Onları dərhal ardınca ikinci dəfə asdıqda eyni hal təkrarlandı. Bunu görən xalq onların əfvini tələb edən şüarlar səsləndirməyə başladı. Səs-küyə monastırdan kahinlər gəldi və onları hakimiyyətdən qorumaq üçün Müqəddəs Lavrenti kilsəsinə apardılar. Hadisədən xəbər tutan şəhər başçısı qaçmamaları üçün kilsəyə keşikçilər göndərdi.