Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri ilə yanaşı, funikulyor da fəaliyyət göstərir. Funikulyor çətin relyef şəraitində istifadə olunan xüsusi nəqliyyat vasitəsidir ki, sıldırım yol boyunca qısa məsafə üzrə relslər üzərində kanatla insanların və ya yüklərin daşınması üçün istifadə olunur.
Baki-baku.az xəbər verir ki, Funikulyor Avropada olduqca yayğındır. Məsələn, Paris, Barselona, İstanbul, Bergen, Praqa, Soçi, Neapol, Kiyev, Kaunas, Odessa və digər şəhərlərdə funikulyor gündəlik nəqliyyat vasitəsi kimi insanları bir yerdən digər yerə çatdırmaq üçün istifadə edilir. Bir vacib məqam da var ki, nəqliyyat funksiyasından əlavə, funikulyor həm də turistlər üçün böyük maraq obyektidir. Onunla bir nöqtədən digərinə hərəkət etmək insanlara əyləncəli gəlir. Həm də onun qəribə bir nostalji yaratmaq, keçmişə aparmaq xüsusiyyəti var.
Bütün bunlardan başqa, onu daha bir üstünlüyü onun ekoloji cəhətdən təmiz olmasıdır. Kanat avtomobilləri səssizdir və atmosferə heç bir zərər vermir.
Bu cür funikulyordan Bakıda da var. O, həmin illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri olan, mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. Hazır funikulyor Bakı sakinlərinin ixtiyarına 1960-cı il mayın 5-də verilib. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.





Qeyd edək ki, funikulyorda gediş haqqı müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Tbilisi funikulyorunda gediş haqqı 10 lari təxminən 6 manat, Barselonada 2,40 avro təxminən 4,20 manat, Praqada 30 kron – 2,20 manat, İstanbulda 30 lirə təxminən 1,40 manat, Bakıda isə 1 manatdır.
Yadda saxlamaq lazımdır ki, bütün bu qiymətlər yalnız bir istiqamət üçün nəzərdə tutulur.
Xanım Aydın