Çinin cənub-qərbindəki Taklamakan səhrasının tozlu genişliklərində bir dəfə arxeoloqlar qədim köçlər haqqında anlayışımızı alt-üst edən bir kəşflə qarşılaşdılar. Onların qarşısında Loulan gözəli — üzünün heyrətamiz dərəcədə yaxşı qorunması ilə “Yatmış gözəl” adını alan gözəl uzanmışdı. Onun açıq saçları, zərif Avropa cizgiləri və incə bədən quruluşu qədim Şərqin stereotiplərinə uyğun gəlmirdi. Tapıntının yaşı 3800 il idi.
O kim idi? Bir Qafqaz qadını min illər əvvəl Asiyanın tam mərkəzində nə edirdi? Cavablar genetikanın inkişafı ilə aydınlaşmağa başladı. “Nature and Cell Journal”da dərc olunan DNT analizi Loulan Beauty-nin Avrasiya çöllərindən gələn qədim miqrant dalğasına – Andronovo və ya Afanasevo mədəniyyətlərinin daşıyıcılarına aid olduğunu göstərdi. Bunlar monqol basqınlarından və Böyük İpək Yolundan çox-çox əvvəl qitələri keçən, dilləri, genləri və tanrıların təsvirlərini özləri ilə aparan hind-avropalılar idi.
Loulanın genetik izi müasir avropalıların və bəzi sibirlilərin əcdadları olan qədim Şimali Avrasiyalılara (ANE) gətirib çıxarır. O, zamanın dərinliklərindən gələn mesaj kimidir: quraq Tarım hövzəsində, qumlar və duzlu bataqlıqlar arasında zahiri görünüşü və DNT-si han və ya uyğurdan daha çox isveç və ya slavyanlara yaxın olan qadın yaşayırdı.
Üstəlik, tədqiqatçılar onun əsrarəngiz toxarlarla – yazı dilini və buddist freskalarını qoyub getmiş, lakin göründüyü kimi birdən-birə tarix səhnəsindən itən hind-avropalılarla əlaqəsini istisna etmirlər.
Loulan gözəli sadəcə arxeoloji tapıntı deyil. Bu, qitələrin hələ bizi Şərq və Qərbə bölmədiyi, bəşər tarixinin sərgərdanların ayaqları ilə yazıldığı, sərhədlərin xəritələrdə deyil, qum təpələrində çəkildiyi bir dövrə açılan pəncərədir.
Hər yeni təhlillə o, sanki nağıl şahzadəsi kimi deyil, Avrasiya xalqlarının mənşəyi haqqında böyük eposun əsas qəhrəmanı kimi oyanır.
Əbülfəz Babazadə