Oktyabrın 23-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnistitutunda COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” mövzusunda Forum işə başlayıb.
Elm və Təhsil Naziri Emin Əmrullayevin, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun fəxri həmsədrliyi ilə təşkil olunan Forumu AR ETN Botanika İnstitutunun Baş direktoru, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin sədri, professor Səyyarə İbadullayeva açaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ölkəmizdə keçiriləcək COP29 konfransı haqqında ətraflı məlumat verib. Bu Forumun həm ölkəmiz, həm də dünya üçün böyük əhəmiyyətini vurğulayaraq, iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı birgə mübarizənin vacibliyini qeyd edib.
Həmçinin İqlim dəyişikliyinin flora və faunaya təsiri, şəhərlərin urbanizasiya prosesinə məruz qalmış ərazilərində yaşıl həyatın tətbiqi, “Yaşıl yaşayış” üçün şəhərsalma prosesində meşələrin və əlaqəli ekosistemlərin mühafizəsi və sairi əhatə edən forumun biomüxtəlifliyin qorunmasına, mühafizəsinə, ümumbəşəri dəyərlərin, humanist prinsiplərin sülh çağırışlarının təbliğinə öz töhfəsini verəcəyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 25-dək davam edəcək forum Azərbaycan Respublikası Elm və təhsil Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində “Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxs və “Dendrologiya Bağı”, Publik Hüquqi Şəxs, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutur.