Yasamal rayonunda silsilə ekoloji aksiyalar həyata keçirilib.
BakıBaku xəbər verir ki, payız mövsümü başlayandan bəri Yasamal rayonunun müxtəlif ərazilərində ümumilikdə 15.000-dən çox ağac, kol və güllər əkilib.
Rayon ərazisində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazılığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq rayonda quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri həyata keçirilib.
Aksiyalar çərçivəsində Rayon İcra Hakimiyyəti, Bələdiyyə və MKTB əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamı və Apşeron mühitinə uyğun digər ağac növləri əkilib.
Qeyd edilib ki, bu cür ekoloji aksiyalar son bir neçə ay ərzində Yasamal rayonunun müxtəlif ərazilərində keçirilib. Yasamal rayonunda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdirilir.
Aksiyalar çərçivəsində ərazilər yararsız tullantılardan təmizlənib, Abşeron yarımadasının iqlim şəraitinə uyğun minlərlə şam ağacı əkilib, suvarma sistemi quraşdırılıb, həmçinin ağaclara gələcəkdə qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyənləşdirilib.Salınan yeni yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazilərin görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək.
Könüllülərinin də iştirak etdikləri ağacəkmə aksiyaları xüsusilə də tikinti materialları və məişət tullantıları ilə çirkləndirilmiş ərazilərdə təşkil olunub. Aksiyalar zamanı ərazidə müvafiq abadlıq işləri də aparılıb. Qeyd olunmalıdır ki, ağac və yaşıllıqların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.