ABŞ-nin düzənliklərində, Nebraskanın şimalında bir şəhər var ki, orada cəmi bir nəfər yaşayır. Bəli, cəmi bircə nəfər! Monovi adlı bu şəhərin yeganə sakini 80 yaşlarında olan Elsie Eilerdir. Amma o təkcə sakin deyil, həm də bu kiçik “şəhər hökumətinin” bələdiyyə sədri, vergi yığanı, kitabxanaçısı və bar sahibidir!
Monovi vaxtilə 150-dən çox sakini olan balaca bir kənd idi. Zaman keçdikcə insanlar iş və imkan axtarışı ilə başqa şəhərlərə köçdülər. Ən son 2004-cü ildə, Elsienin həyat yoldaşı Rudy dünyasını dəyişdikdən sonra Monovi təkcə Elsie üçün ev olaraq qaldı.
Elsie hər il öz-özünə seçkilər keçirir. Çünki qanun bunu tələb edir. Həmçinin federal hökumətdən gələn qrant və yardımları almaq üçün büdcə planı tərtib edir və sənədləri doldurur. Şəhərin yeganə barını da o idarə edir və yolüstü gələn turistlərə xidmət göstərir.
Onun həyat yoldaşına həsr etdiyi 5000 kitablıq bir kitabxanası da var. Bura gələn qonaqlar qeyri-adi şəkildə həm tarixə, həm də insan ruhunun dözümlülüyünə toxunurlar.
Monovi sübut edir ki, bəzən bir insan da bir şəhər ola bilər. Sadəcə rəsmi baxımdan yox, elə ruhən də.
Xanım Aydın