Tarixən dil və nitq insanları birləşdirmək, əlaqə yaratmaq üçün yaranmış bir ünsürdür. Dilin ifadə imkanları o qədər zəngin və o qədər rəngarəngdir ki, söz və ifadələrin, hansı mətndə necə işlənməsi haqqında konkret resept vermək çox zaman mümkün olmur. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu olur.
Antropoloq Robin Danbarın nəzəriyyəsinə görə, qədim insanlar nitq mədəniyyətini qeybət ehtiyacından inkişaf etdiriblər. Kim bilir, bəlkə də, bu təbii müzakirə etmək ehtiyacı insanlara nitqdə yeni cığırlar açmaq üçün fürsətlər yaradıb. Azərbaycan dili özlüyündə tarixən istər əlifba, istərsə də nitqdə fərqli təsirlərə məruz qalıb. Bu da nitqimizi al-əlvan edib. Bəzi sözlər isə sırf Azərbaycan leksikonuna aiddir və yalnız bu regionun insanlarına aydın olan ifadələrdir. Dili bilməyən, əcnəbi birinə bu sözləri anlatmaq, başa salmaq çətin olur. Bu cür ifadələrin tərcümədə bütün duzu-məzəsi itir və anlamına uyğun məna ortaya çıxmır. Çünki ifadə və ya sözün mənası tərcümə ilə kifayətlənmir, sətiraltı mənası və ya özünə aid hekayəsi olduğundan tək tərcümə aciz qalır.
Baki-baku.az oxucuları üçün həmin sözlərdən təqdim edir:
Ay can – Sevdiyin birinə müraciət forması. Cana yaxın, əziz birin səsləyəndə deyilən söz.
Qadanı alaram – Çox istədiyin birinin dərd-sərini öz üstünə almaq anlamında deyilir. Cavab olaraq “qada görməyəsən” deyilir.
Əl çək – Vərdiş etdiyi bir şeydən imtina etmək. Aralanmaq.
Başınа dönüm – Çox sevdiyin birinin dərd, kədərini üstünə çəkmək.
Burnumun ucu göynəyir – Darıxmaq. Biri üçün o qədər darıxmaq burnunun içində yanğı hiss etmək.
Üzün ağ olsun – Xoşbəxt və arxayın olasan. Etdiyin əməllərinlə hər kəsin qarşısında başı uca olasan anlamında deyilir.