Beynin qanla təchizatına mənfi təsir göstərən yağlı qidalar insult riskini artırır.
Baki-baku.az xəbər verir ki, bu barədə “The Journal of Nutritional Physiology” jurnalında dərc olunan yeni araşdırmada bildirilib. Mütəxəssislərin fikrincə, doymuş yağlarla zəngin yeməklər qan damarlarının funksiyasını zəiflədir və beyinə oksigenin çatdırılmasında problemlər yarada bilər.
Alimlər qeyd edirlər ki, beyin xarici təsirlərə qarşı xüsusilə həssasdır, çünki onun öz enerji ehtiyatı yoxdur. Beyin funksiyalarının normal fəaliyyəti üçün isə daimi olaraq qandakı oksigen və qlükoza axınına ehtiyac var.
Tədqiqatda vurğulanır ki, yağlı qidalardan sonra qan damarları elastikliyini itirir, bu da onların orqanizmdəki təzyiq dalğalanmalarına uyğunlaşmasını çətinləşdirir. Nəticədə damar divarlarında mikrozədələnmələr yaranır və bu, insult kimi ciddi fəsadların yaranma ehtimalını artırır.
Araşdırmaya əsasən, doymuş yağların gündəlik təhlükəsiz norması kişilər üçün 30 qram, qadınlar üçün isə 20 qramdır. Lakin mütəxəssislər bildirirlər ki, əksər insanlar bu normanı müntəzəm şəkildə aşırlar.
Qidalanma üzrə mütəxəssislər xəbərdarlıq edir: sağlam beyin və ürək-damar sistemi üçün doymuş yağların qəbuluna nəzarət edilməli, qidalanma rasionu balanslaşdırılmalıdır.