Adətən abidə və heykəllər yağışın təsirindən mühafizə olunur. Bəzi sənət əsərlərində isə su yaradıcı ideyanın əsas elementlərindən birinə çevrilir. Yağıntısız havada sadə konstruksiya təsiri bağışlayan bu əsərlər yağış damcıları ilə canlanır, səslənir və tamam fərqli görkəm alır.

Kaliforniyanın Hildsberq şəhərində “Spoonfall” adlı qeyri-adi kompozisiya diqqət çəkir. O, 2000 metal qəhvə qaşığından hazırlanıb. Yağış zamanı hər bir qaşıq su ilə dolur, əyilir və içindəki suyu boşaldır. Beləcə, adi divar hərəkət edən və cingiltili səslər çıxaran şəlaləyə çevrilir. Bundan əlavə, kompozisiya yağış suyunun toplanmasına da kömək edir.

Daha bir maraqlı sənət əsəri Sinqapurda yerləşir. “Tipping Wall” 7000-dən çox hərəkətli metal elementdən ibarətdir. Yağışdan sonra toplanan su bu elementlərin üzərindən axır. Suyun ağırlığı altında onlar müxtəlif istiqamətlərə əyilir və divarda canlı dalğa effekti yaranır.

ABŞ-nin Vaşinqton ştatında yağış əsl melodiya yaradır. “Cedar River Watershed” Təhsil Mərkəzinin həyətində 17 nağara quraşdırılıb. Ağacların yarpaqlarından düşən su damcıları nağaralara dəyərək qeyri-adi ritm yaradır. Quru havada isə xüsusi sistem borular vasitəsilə su ötürülür və beləliklə, musiqi kəsilmir.

Hartford şəhərində isə yağış yağarkən adi kərpicdən hörülmüş divarda nəhəng ağac təsviri üzə çıxır. Rəssam Adam Nikleviç divarın bir hissəsini su keçirməyən xüsusi maddə ilə örtüb. Yağış başlayanda islanan kərpiclər tündləşir və divarda Çarter palıdının təsviri görünür. Divar quruduqdan sonra isə təsvir yenidən yoxa çıxır.
Bu qeyri-adi əsərlər sübut edir ki, sənət daim hərəkətsiz olmağa məhkum deyil. Bəzən onu canlandırmaq üçün bir neçə yağış damcısı yetərli olur.
Hacı Cavadov