XIIIV-XIX əsrdə Bakıda olmuş səyyahlar və alimlər paytaxtımızın yaxınlığındakı su altında qalmış şəhərlər haqqında çox sayda əfsanə və rəvayətlər yazıblar.
Baki-baku.az xəbər verir ki, onların sırasında yunan şəhəri mənasını verən Şəhri-yunanın da adı çəkilir.
Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində orta əsr Şərqinin ən böyük şairlərindən biri Şeyx Nizami Gəncəvinin “İsgəndərnamə” poemasına istinadla bu şəhər haqqında maraqlı bir məlumat qeyd olunub. Belə ki, Makedoniyalı İsgəndər Bakıya hərbi səfəri zamanı şəhərin sahibi Sədan tərəfindən təntənəli qarşılanır. Lakin İsgəndər böyük bir yunan şəhərinə çatanda oranın əhalisi təslim olmaq istəmir. Bu səbəbdən İsgəndər şəhəri dağıtmaq qərarına gəlir. Şəhər dəniz səviyyəsindən çox aşağı olsa da, onunla dənizi ayıran bir dağ var idi. Bu zaman İsgəndərin köməyinə alim Ərəstun gəlir. O, 700 batman (köhnə çəki ölçüsü) miqdarında bir cüt yağ düzəldir və bu yağ daşı əhəng kimi əridir. Bu qayda ilə dağın müəyyən hissəsini əridir, suyun yolunu açır və şəhər su altında qalır. Şəhərin xilas ola bilən bəzi sakinləri isə Gilan şəhərinin əsasını qoyur.
Azərbaycanın bir sıra rayonlarında Şəhri-yunan barədə rəvayətlər danışılır. Bunlardan biri də şəhərin yunanlar tərəfindən dağıdıldığı və su altdında qaldığı üçün onun xarabalıqlarının Şəhri-yunan adlandırılmasıdır.
Qeyd edək ki, tarixçi Bakıxanov XIX əsrdə Şəhri-yunanın axtarışına təşəbbüs göstərsə də, heç bir nəticə əldə etmədi.