Nəşr edilmişdir 06/02/2025

Paylaşın

GÜNDƏM

Xəzrili, Gilavarlı – majorlu, minorlu Bakı

minorlu Bakı, Xəzri, Gilavar

Bakı Xəzərin sahilində, küləklərin nəğməsi ilə oyanan və elə küləklərin qoynunda gecənin qaranlığına gur işıqları ilə qərq olan bir şəhərdir. Bu şəhər hər səhər sanki gözlərini Xəzrinin sərin nəfəsi ilə açır, axşamlar isə Gilavarın isti qucağında yuxuya gedir. Bakı bir şəhərdən çox, küləklərlə yaşayan canlı bir musiqidir, sanki. Xəzrinin sərtliyi majoru, Gilavarın mülayimli isə minoru xatırladır. Bu ladlar üzərindən mehlənir, əsir, bəzən də coşur, şahə qalxır.
Külək Bakının bir növ simvoludur. Ümumiyyətlə Bakını küləksiz təsəvvür etmək mümkün deyil. Burada hava durumu təkcə meteoroloji anlayış deyil, həm də əhval, ovqat, bəzən isə tarixdir. Xəzri əsəndə şəhərin üzü bir az kədərli olur – soyuq, sərt və özündə min illərin hekayəsini daşıyan bu külək, elə bil qədim İçərişəhərin daş küçələrindən keçərək, Şirvanşahların pıçıltısını qulağımıza gətirir. Xəzri Bakının yaddaşını oxşayan sərt əldir.
Gilavar isə tamam başqa ovqatdır. O, Xəzərin şimalından deyil, cənubundan, sanki yay günəşindən xəbər gətirir. İsti, yumşaq və mehribandır. Gilavar Bakının sevgi dolu tərəfidir, dəniz sahilində ilk gəzintinin, uşaq gülüşlərinin və bahar ətrinin təcəssümüdür. O əsəndə şəhərdəki bütün ağaclar eyni ritm üzrə rəqsə başlayır. Ümumiyyətlə, Gilavarın xoş əhval bəxş etmək kimi özünəməxsus bir səviyyəsi var.
Bu iki külək – biri sərt, biri mülayim olmaqla Bakının ikili ruhunu da simvollaşdırır. Bir tərəfdə qədim daş qala divarları, digər tərəfdə şüşədən ucalan Alov Qüllələri. Bakı həm keçmişin qüruru, həm gələcəyin arzusu kimi, küləklərin qanadında zamanla yarışır.
Bəziləri deyir ki, Bakı daim əsən küləklərə görə sakit şəhər ola bilməz. Amma elə bu küləklər Bakını danışdırır, pıçıldadır, canlı saxlayır. Çünki Bakı yalnız binalardan, küçələrdən, keçid, körpü və parklardan ibarət sadə bir məkan deyil, o, küləyin dilində danışan qədim və müdrik, müasir və dinamik bir şəhərdir.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində Qurban bayramı günü, iyunun 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.