Ötən əsrin 30-cu illərində Hüseyn Cavid “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət”, “Mənim Tanrım gözəllikdir, sevgidir” dedi. Pantürkizmin, panislamizmin at oynatdığı illərdə “Peyğəmbər”i, “Topal Teymur”u qələmə aldı. 37-ci ilin dəhşətli repressiyalarının qurbanı oldu. Xruşşov yumşalmasına baxmayaraq davam edən 37-ni Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Məmməd Araz misralarında sözə köçürdülər. “İlk Allahım, son Allahım mübarizə! Mənə bənzə! Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə, Məqamımdır mübarizə! Mənə bənzə!”, “Biz Türküstan elləriyik, Qürur, qeyrət yelləriyik. Yağıları qovan bizik, Dar gözləri ovan bizik” misraları ilə Məlikşahın “Biz türklərik… Vətənimiz başdan-başa yer kürəsi, Bayrağımız al günəşdir, çadırımız Göy qübbəsi!” nidasına cavab verən, istiqlal mücahidi, şəhidi, həm də Şəhid atası kimi tarixdə qalan Xəlil Rza Ulutürkün ən böyük dəyərini, qiymətini Ulu Öndər Heydər Əliyev verdi. Siyasi hakimiyyətinin birinci mərhələsində onu KQB-nin caynağından, mənəvi terrorun, ölümün ağuşundan alan Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xəlil Rza Ulutürkü dövlət himayəsinə almaqla kifayətlənmədi. Dünyaya vida nəğməsi oxuduğu gün rəsmi törənlə yola salınması, Fəxri Xiyabanda dəfn edilməsi üçün göstəriş verən Ulu Öndər şairə ehtiramını bildirərək onu yeni təsis olunan “İstiqlal” ordeni ilə təltif etdi. Bu, Ulutürkün ölümündən sonra belə istiqlal mücahidi kimi unudulmazlığını sübut edən ən ali məqamlardan biri idi.
Təbrizin gəlişi nemət, gedişi hikmətdi
Bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan, 1932-ci il oktyabrın 21-də Salyanın Pirəbbə kəndində dünyaya göz açan, türkoloq alim Xəlil Rza Ulutürk ailə dəyərləri, ocaq ruhu ilə belə Bütöv Azərbaycan idi. Ərkin, Savalanın əzəməti, Təbrizin həsrəti, Dərbəndin nisgili, Borçalının kədəri, İrəvanın, İraq Türkmən ellərinin, Anadolunun gileyi var idi onun misralarında, dağınıq, üryan saçlarında. Ömrü boyu cismi Bakıda, ruhu Təbrizdə olan, misralarından Arazın, Xudafərinin ağrısı boylanan Xəlil Rza Ulutürk yeddi il sonra tapdığı övladına Təbrizin adını vermişdi. Övladının gündə bir arpa boyu böyüyən boyunda Təbrizin sərt-sıldırım qayalarını görmüşdü. Gecənin nurundan rəng çəkən qara giləsində Rübabə Muradovanın “Qara gilə”sini dinləmişdi. “Sil gözünün yaşını, ağlama bəsdi, ay Qaragilə” demişdi. “Təbriz üstü miyana, gül sümbülə boyana, oxu bülbülüm oxu, bəlkə yarım oyana” söyləmişdi. Lefertova zindanından, həbsxana günlərindən, gündəliyindən sonra tale Xəlil Rza Ulutürkə həyatının əbədi zindana çevirən, ömrünü su kimi içən, zəmi kimi biçən misralar yazdıracaqdı.
Doğrudanmı səni tapdı ölüm, Təbrizim, Təbrizim?!”
Mənsub olduğu millətin, məmləkətin haqq səsinə, istiqlal mücahidinə dönən, onun ağrısını, acısını, əbədi istiqlal adlı təşnəsini çiyninə alıb kürsüdən kürsüyə qalxan Xəlil Rza Ulutürk günlərin bir günü ürəyinin başından cücərdib adına hər gün dastanlar bağladığı Təbrizi “Torpaq uğrunda ölən varsa, Vətəndi!” nidası ilə çiyninə aldı. Məzarına, məqbərəsinə gül düzdü. “Məqbərənə gül düzüm, Gülüm, Təbrizim, Təbrizim. Doğrudanmı səni tapdı ölüm, Təbrizim, Təbrizim?!” misraları, övlad həsrəti ilə birlikdə şairin Təbriz, Savalan, Ərk nisgilinə abidəyə çevrildi. Bu bir atanın deyil, Ulutürkün simasında Ata yurdun harayı, nisgili, ağrısı idi. Bir ata, “Doğrudanmı tapdı səni ölüm, Təbrizim, Təbrizim?!” deyib sual edirdi. Sual edən sıradan bir ata, şair deyildi. Millətin, məmləkətin haqq aşiqinin, azadlıq carçısının istiqlal fədaisinin, ruhunun və cisminin bir parçasını sözdə deyil, əməldə də, Vətənə fəda edən Fədainin ahı, naləsi, hayqırtısı idi.
Uğur olsun oğlum, Vətən uğrunda gedirsən
Təbriz 1964-cü il fevralın 12-də dünyaya gəlmişdi. Gəlişi ilə Xəlil Rza Ulutürklə Firəngiz xanımın yeddi illik övlad həsrətinə son qoyulmuşdu. Firəngiz xanım illərlə pirləri, övliyaları ziyarətdə bulunmuş, qurban-sadağa demişdi. Xəlil bəy isə sadəcə “Tanrının verməsi nemət, verməməsi hikmətdi”, deyib səbrinə söykənmişdi. Təbriz Firəngiz xanımın dualarından, Xəlil Rza Ulutütkün səbrindən, həm də qara sevdasından doğulmuşdu.
Öncə 18 saylı məktəbi, sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmiş, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında işıqçı kimi əmək fəaliyyətinə başlamışdı. 1986-cı ildə isə Sevinc xanımla səadətin gəmisinə minib məhəbbətin dəryasına varmışdı… Sonra Milli Azadlıq hərəkatı başlanmış, mücahid kimi Xəlil Rza Ulutürkün də “qaynatdığı” Lenin Meydanını Azadlıq Meydanına çevirən yüz minlərlə azərbaycanlıdan biri kimi, “Ya azad ol, ya tamam yan Azərbaycan!”, “İstəmirəm azadlığı zərrə-zərrə, qram-qram” misralarının əzəmətinə tapınmışdı. 20 Yanvar dəhşətlərindən, cisminin və ruhunun atası Xəlil Rza Ulutürkün Lefertova zindanında keçən əsrə, qərinəyə bərabər kədərindən, Qarabağından gələn şəhid cənazələrinin kədərindən, Vətən torpaqlarının hər gün qarış-qarış əyninə biçilən işğal kəfənindən sonra Təbriz səngəri, düşmən çəpəri ömrünü seçmişdi. 1991-ci ildə könüllü olaraq Milli Ordunun sıralarına yazılmışdı. Unudulmaz Xəlil Rza Ulutürk və Təbriz Xəlibəyli ilə bağı xatirələrində Firəngiz xanım bu barədə qeyd edir: “Təbriz könüllü dəstəyə qoşulub gedəndə, gəlib dedi ki, Ata, uğur arzula mənə, gedirəm. Xəlil ona bir demədi ki, niyə gedirsən. “Uğur olsun oğlum, Vətən uğrunda gedirsən”, deyib boynunu qucaqladı. Mən o qədər ağladım ki, o cür zülmlə böyütmüşəm, onu çağırmırlar, etmirlər, niyə qarşısını almırsan, niyə göndərirsən – desəm də, Təbrizin qarşısını almadı…”.
Sil, gözünün yaşını, başını dik tut, sən Şəhid xatunusan!
1991-ci ilin dekabrında Təbriz Xəlilbəyli atasının xeyir-duası ilə cəbhəyə getdi. Xramord və Naçıvanik uğrunda gedən savaşlarda qəhrəmanlıqlar göstərən Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-də son səfərinə, daha doğrusu əbədi səfərinə yollanan, hərb tarixinə “Daşaltı əməliyyatı” kimi daxil olan, Milli Qəhrəman Riyad Əhmədovun batalyonundakı qəhrəmanlarla birlikdə düşmən üstünə yeridi. Əməliyyat zamanı şəhid olan əsgərləri ön xətdən çıxararkən snayper tərəfindən vuruldu. Təbrizin al qanı ilə yazılan qəhrəmanlıq dastanı burada bitirdi. Yeddi ilin nisglindən, həsrətindən doğulan Təbriz səngərdə keçən, əsrə bərabər 40-cı gündə şəhid oldu. Torpağı qanı ilə yoğurub Vətən edənlərin – Şəhidlik zirvəsinə ucalanların sırasında yer aldı. Şəhid müqəddəsliyi, ucalığı ilə mücahid Xəlil Rza Ulutürkün cisminin və ruhunun davamı olduğunu, irsdə varislik prinsipini sübuta yetirdi. Çiyninə alıb səngərə yollandığı Vətənin çiynində Şəhidlər Xiyabanına dönən Təbriz Xəlilbəyli Ulutürk elə həmin il Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Vida mərasimində üzünü gəlini Sevinc xanıma tutaraq: “Sil, gözünün yaşını, başını dik tut. Sən Şəhid xatunusan!” nidası ilə ona millət, məmləkət içərisində, Tanrı dərgahında məqamını göstərən, azadlığı zərrə-zərrə, qram-qram istəməyən şair: “Aç başından qara şalı, can Firəngiz, sən ağlama. O məqbərə yerdi-göydü… Baş daşını qucaqlama” nidası ilə yer, göy olan Oğlunun – Təbrizin Tanrı dərgahında mələklərə, peyğəmbərlərə tay olduğunu dilə gətirdi. “Ən böyük sevincsən, ən müqəddəssən, məni od içinə atan Təbrizim. Qoy dünya bilsin nəçisən, kimsən. Sən ucsuz-bucaqsız məmləkətimsən!” deyib, son məqamda da onu könül xoşluğu ilə göylərə ismarıc etdi. Bu, Xəlil Rza Ulutrük əzəməti, cəsarəti, həm də ləyaqəti idi. O, başqaları kimi deyildi. Oxşarı yox idi. Yazdıqlarına bənzəyirdi. Yeriyən, kükrəyən, hayqıran, Tanrının tale payına, alın yazısına inanan Azərbaycan idi. 27 il öncə Təbrizin yollarına göz dikib: “Tanrının verməsi nemət, verməməsi hikmətdi!” nidası ilə onun süd qoxulu bələyini qoynuna alıb bağrının başına sıxan Xəlil Rza Ulutürk indi onunla vidalaşırdı. Bu, onun ömrünün 60-cı baharında rastlaşdığı ən sərt qış, şaxta, borandı…
Çəkil, çəkil, ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Rza Ulutürk paralanmış, yaralanmış, Azərbaycandan, Qarabağdan, Şərqi Zəngəzurdan nigaran getdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Bizim işimiz haqq işidir! Biz Zəfər çalacağıq! Qarabağ Azərbaycandır! nidası ilə düşmən üzərinə yeriyən Qüdrətli Ordumuz, Lider-Xalq birliyini, bütövlüyünü dünyaya nümayiş etdirən xalq, həm də “Azadlığı istəmirəm bir həb kimi, dərman kimi, İstəyirəm, Səma kimi, Günəş kimi, Cahan kimi! Çəkil, çəkil, ey qəsbkar, mən bu əsrin gur səsiyəm! Gərək deyil, sısqa bulaq, Mən ümmanlar təşnəsiyəm!”
…“Sən bizim şeirimizdən, nəsrimizdən güclüsən. Əsrimiz qəhrəmandır, əsrimizdən güclüsən. 37-də batmış, 46-da vurulmuş nəslimizdən güclüsən. Dodağından qopan neçin ahdır, amandır? Alçaqlara qəzəbli bir baxışın silahdır. Baxışınla, qanınla, vicdanınla silahlan! Dön Səməndər quşuna… Yan… Odunla silahlan!” deyib, millətin, məmləkətin əbədi istiqlal mücahidinə dönən Xəlil Rza Ulutürkün misraları ilə silahlanmışdı. “İstiqlal Bəyannaməsi”nə Tiflisdə, Müstəqillik Aktına Bakıda imza atan Odlar Yurdu Azərbaycan Ali Baş Komandan iradəsinə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən gün Murovun zirvəsindən, Daşaltı dərəsindən, Arazın, Həkərinin, Bərgüşadın zümzüməsindən, Ağoğlan qəsrindən, Xudavəngdən 30 il öncə gələn səsə qoşulmuşdu. Birinci Qarabağ savaşında ov tüfəngi belə əlindən alınan millət, İkinci Qarabağ savaşında Qüdrətli Ordusu, yağının üstünə od ələyən “Bayrakdar”ları, düşmənin belini qıran Dəmir Yumruğu, qüruru, qeyrəti ilə silahlanmışdı.
“Bilirəm, düşmənlərin bərk durub keşiyində, Alınmışdır əlindən hətta ov tüfəngin də. Nə qəm kininlə silahlan! Topdan, tüfəngdən üstün, tankdan, raketdən üstün qeyrətinlə silahlan! Çəkinmə, bu döyüşdə Tanrı sənə pənahdır, Sənin gül təmizliyin, saflığın da silahdır. Qanında saflıq adlı daşqın ilə silahlan! Dünyaya məhəbbətin, eşqin ilə silahlan! Yer də, göy də sənindir. Sən qalib gələcəksən!
Bu il 44 günlük Vətən müharibəsindəki tarixi Qələbənin beş ili tamam olur. Əbədi İstiqlala qovuşan millət iradənin gücü, xarakterin əyilməzliyi, Zəfər, Qələbə Memarımızın, Ali Baş Komandan, Prezident İlham Əliyevin əzəməti ilə yoxdan bir Bayraq yapdı, Dövlət quranların, “Ağıl olan yerdə, zora ehtiyac yoxdur!” deyənlərin ruhunu şad etdi. Naşad könlü şad olanların, ruhu hüzura qovuşanların sırasında mücahid Xəlil Rza Ulutürkün və onun Milli Qəhrəman oğlu Təbriz Xəlilbəylinin də ayrıca yeri, məqamı var. Bu gün Xəlil Rza Ulutürkün günüdür. Bu gün həm də, əbədi İstiqlaldan, milli mücadilədən, “dövlət qalan, qalan hər şey yalan” nidası ilə qələm çalan, səngərlərə sipər olan ərənlərin günüdür!
Şərəf Cəlilli