Avqustun 16-sı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.
Baki-baku.az xatırladır ki, 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində dünyaya gələn Vahabzadə ömrünü poeziya və elmə həsr etmişdir. Orta təhsilini Bakıda başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində oxumuş, sonralar həmin universitetin professoru kimi gənc ədəbiyyatçılar yetişdirmişdir.
Onun yaradıcılıq yolu 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri ilə başlanıb. Sonrakı illərdə yazdığı lirik şeirlər, poemalar və pyeslər Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. “İkinci səs”, “Vicdan”, “Fəryad”, “Dar ağacı”, “Yağışdan sonra”, “Hara gedir bu dünya?” kimi əsərləri səhnələşdirilərək geniş oxucu və tamaşaçı rəğbəti qazanıb.
Bəxtiyar Vahabzadə təkcə şair deyil, həm də cəmiyyətin sözünü deyən, millətin dərdini dilə gətirən ziyalı idi. Onun 1958-ci ildə yazdığı məşhur “Gülüstan” poeması parçalanmış Azərbaycanın ağrısını, azadlıq həsrətini ifadə etmiş, müəllifini milli azadlıq hərəkatının öncüllərindən birinə çevirmişdir. Bu cəsarətli mövqeyinə görə təqiblərə məruz qalsa da, xalqın yaddaşında həmişə mübariz şair kimi qalıb.
Ədəbi irsi olduqca zəngindir: 70-dən çox şeir kitabı, 20-dən artıq poema, dram əsərləri, monoqrafiyalar və yüzlərlə elmi-publisistik yazı onun qələmindən çıxmışdır. Vahabzadənin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunaraq geniş oxucu kütləsinə çatdırılmışdır.
Ömrünün böyük hissəsini xalqı oyatmağa, milli kimliyi qorumağa həsr edən Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında vəfat etmişdir.
Onun poeziyası bu gün də vətən, dil, azadlıq və insan sevgisini yaşadan bir məktəb olaraq oxuculara yol göstərir.