Avqustun 7-si dünyaşöhrətli Xalq rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür.
Baki-baku.az xatırladır ki, Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. Onun ailəsi Avropa mədəni mühitində formalaşmış ziyalılardan ibarət idi. Atası Fərman Nərimanbəyov Fransada mühəndislik təhsili almış, anası İrma Lya Rude isə fransız modelyer idi.
Siyasi repressiyalar bu ailədən də yan keçmədi: atası Sibirə, anası isə Səmərqəndə sürgün olundu. Toğrul yalnız tələbəlik illərində anasını yenidən görə bildi.
O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Litva İncəsənət İnstitutunda təhsil alıb, eyni zamanda klassik vokal üzrə də Vilnüs Konservatoriyasında oxuyub. Toğrul həm də peşəkar səviyyədə opera ariyaları ifa edirdi.
Nərimanbəyovun yaradıcılığı mövzu və janr müxtəlifliyi, estetik dərinlik və özünəməxsus üslubu ilə seçilir. Onun əsərləri təkcə Azərbaycanda deyil, Fransa, ABŞ, Hindistan, Çexiya, Rusiya və digər ölkələrdə sərgilənib.
O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı fəxri adını alıb. “Nəsimi dastanı” və “Min bir gecə” baletlərinə verdiyi səhnə tərtibatı ilə dövlət mükafatlarına layiq görülüb. 2000-ci ildə “İstiqlal”, 2010-cu ildə “Şərəf” ordenləri ilə təltif edilib.
Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında adı olan yeganə azərbaycanlı rəssamdır.
2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.