Bakı Azərbaycanın yalnız iqtisadi mərkəzi deyil, həm də ölkənin ən sıx məskunlaşmış şəhəridir. Universitetlərin təxminən 90 %-i, əksər dövlət qurumları, nazirliklər, muzeylər və demək olar ki, bütün elmi-tədqiqat mərkəzləri məhz Bakıda yerləşir. Bu amillər ölkənin müxtəlif rayon və şəhərlərindən paytaxta daimi axının yaranmasına səbəb olub.
Belə bir şəhərin ərzaqla təminatı sadəcə ticarət məsələsi deyil, həm də strateji əhəmiyyət daşıyan məsələdir. Hətta 1995-ci ildə Ərzaq Təhlükəsizliyi haqqında Qanun qəbul edilərkən ərzaq təminatı kənd təsərrüfatının inkişafı ilə bağlı əsas hüquqi istiqamətlərdən biri kimi nəzərdən keçirilib.
“Agricola.az” MMC-nin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov mövzu ilə bağlı Baki-baku.az-a müsahibə verib.
– Bakının rəsmi əhalisi ilə gündəlik reallıqda şəhərə axın edən insanların sayı arasında nə qədər fərq var və bu, ərzaq tələbatına necə təsir edir?
– Rəsmi rəqəmlərdə Bakının əhalisi təxminən 3,5 milyon göstərilsə də, gündəlik reallıq daha fərqli mənzərə yaradır. Ölkənin bütün rayonlarından hər gün minlərlə avtomobil paytaxta daxil olur. Şəhərdə rəsmi qeydiyyatda yaşamayan, lakin burada işləyən, təhsil alan və qidalanan insanların sayı çox böyükdür. Bu səbəbdən Bakının gün ərzində xidmət göstərdiyi əhali 4 milyonu keçir.
Bu insanların hər biri gün ərzində ən azı səhər yeməyi, nahar və şam yeməyi yeyir. Deməli, paytaxtın ərzaq tələbatı yalnız statistik göstərici deyil, hər gün təkrarlanan nəhəng istehlak tələbidir.

– Turizmin Bakının ərzaq bazarına təsirini necə qiymətləndirirsiniz?
– Bakının ərzaq təhlükəsizliyini vacib edən amillərdən biri də turizmdir. Azərbaycana gələn təxminən 1 milyon 700–800 min turistin 70–80 %-i məhz Bakıya üz tutur. Bu isə paytaxtın qida bazarına əlavə yük yaradır.
Azərbaycan mətbəxi son illərdə dünya reytinqlərində yüksək mövqelərdə qərarlaşsa da, turistlərin rahat istirahəti, keyfiyyətli qidalanması və məhsul və xidmətlərə münasib qiymətlərlə çıxışının təmin edilməsi məsələsi hələ də aktualdır. Beləliklə, Bakı üçün ərzaq məsələsinə yalnız şəhər sakinlərinin tələbatı kimi baxmaq kifayət etmir. Burada gündəlik işləyən, təhsil alan, şəhərə gələn və gecələyən insanlar, eləcə də turistlər birlikdə böyük istehlak bazarı formalaşdırır.
– Bakı bazarlarındakı tərəvəz məhsulları hansı mənbələrdən gəlir?
– Bakı bazarlarında tərəvəz məhsulları həm paytaxtın özündən, həm də Azərbaycanın müxtəlif rayonlarından gətirilir. Pomidor bunun ən maraqlı nümunələrindən biridir.
Zirə pomidoru bu gün də bazarda öz mövqeyini qoruyur. Bununla yanaşı, son illərdə “çəhrayı pomidor”, bəzi hallarda isə “Qazax pomidoru” adlandırılan məhsul da populyarlaşıb. Yay aylarında Xaçmaz və Göyçay pomidorları da Bakı bazarlarında tanınan məhsullar sırasında yer alır.
Zirənin bugünkü vəziyyəti isə xüsusi diqqət çəkir. Yay ayları istisna olmaqla, Bakı kəndləri şəhərin pomidor tələbatını demək olar ki, 100 % ödəyə bilir. Lakin bu üstünlük yalnız pomidora aiddir. Digər məhsullarda eyni mənzərə müşahidə olunmur. Üstəlik, Bakı kəndlərində yetişdirilən pomidor əsasən şəhərin öz bazarlarında satılır və rayonlara geniş miqyasda çıxarılmır.

– Bəs digər tərəvəz məhsulları ilə bağlı vəziyyət necədir?
– Tərəvəzlərlə bağlı vəziyyət tamamilə fərqlidir. Bu gün Bakı şəhərində satılan xiyarın təxminən 70–90 %-i rayonlardan gətirilir. Badımcan da geniş istehlak edilən məhsullardandır, lakin paytaxtın özündə bu məhsulun istehsalı üçün fəaliyyət göstərən istixanaların sayı azdır və əsas istehsal rayonlarda cəmlənib.
“Çerri pomidor” isə Azərbaycanda, o cümlədən Bakıda hələ geniş yayılmayıb. Halbuki bu məhsul dünya mətbəxində geniş istifadə olunur.
Hövsan soğanı da Bakı kəndlərinin məşhur məhsullarından biri olub. Xüsusilə mövsüm zamanı şəhərin soğan tələbatının təmin edilməsində bu məhsulun xüsusi rolu var.
– Qiymət məsələsi ərzaq təhlükəsizliyində nə dərəcədə önəmlidir?
– Ərzaq təhlükəsizliyinin digər mühüm tərəfi qiymətdir. Məhsulun mövcud olması hələ onun bütün əhali üçün əlçatan olması demək deyil. Meyvə bazarında gilasın 10–15 manata satılması qiymət məsələsinin nə qədər ciddi olduğunu göstərir. Bunun əsas səbəblərindən biri məhsuldarlığın və ümumi istehsal həcminin aşağı olmasıdır.
Bu il regionlarda aprel, may və iyun aylarında yağan güclü yağışların çiçəkləmə dövrünə təsadüf etməsi gilas və gilənar bağlarına ciddi ziyan vurub. Belə hallar məhsulun azalmasına, nəticədə isə bazarda qiymətlərin yüksəlməsinə səbəb olur.
Əslində, bu problemlərin elmi həll yolları mövcuddur. Meyvənin çatlamasının qarşısını almağa kömək edən xüsusi gübrələrdən istifadə imkanları var. Bizim bir sıra təhsil müəssisələrinin, elmi-tədqiqat mərkəzlərinin bu istiqamətdə apardığı işlər də mövcuddur. Lakin bağların hər il eyni problemlə üzləşməsi risklərin tam aradan qaldırılmadığını göstərir.

– Bu problemlərin həlli üçün hansı alternativlər mövcuddur?
– Bu baxımdan qapalı şəraitdə, o cümlədən istixanalarda meyvə istehsalı alternativlərdən biri kimi nəzərdən keçirilə bilər. Məsələn, Bakının özündə gilas istehsalına imkan verən istixanalar olsaydı, təbii hava şəraitindən yaranan risklər minimuma endirilə bilərdi.
– Ərzaq bazarında meyvə-tərəvəzdən başqa hansı sahələrdə boşluqlar var? Heyvandarlıq məhsulları ilə bağlı vəziyyət necədir?
– Bakının ərzaq təminatında problem yalnız meyvə-tərəvəzlə məhdudlaşmır. Ət, süd və süd məhsulları üzrə də şəhərin kənar ərazilərində istifadə olunmamış potensial mövcuddur.
Hazırda Bakıda motal pendiri yalnız 4–5 yerdə satılır. Halbuki Azərbaycan bu məhsulla ənənəvi olaraq tanınır. Məhsulun əsas mənbəyi Gədəbəy olduğundan paytaxtda motal pendirinin ehtiyatı da tədricən azalır.
Kərə yağında vəziyyət daha kəskindir. Azərbaycan bu məhsul üzrə demək olar ki, tam idxalçı ölkədir. Bu fakt ərzaq təminatının yalnız məhsulun bazarda olub-olmaması ilə deyil, yerli istehsal imkanlarının nə dərəcədə istifadə edilməsi ilə də bağlı olduğunu göstərir.

– Bakı hər zaman zeytunçuluqda ön planda olub. Bu məsələ ilə bağlı vəziyyət necədir?
– Bəli, bütün sahələrdə vəziyyət eyni deyil. Zeytunçuluq bunun müsbət nümunələrindən biridir. “Paşa Holdinq”in aqrar qolu bu sahədə fəaliyyət göstərir, keyfiyyətli zeytun bağları salır və yağ istehsalına yönəlir. Bunun nəticəsində zeytun məhsullarının idxalının artıq azalmağa başladığı qeyd olunur.
Bu aqrar bölmənin müasir texnologiyalardan istifadə etməsi də diqqət çəkir. Məsələn, ingilis mənşəli maye fosfor gübrəsindən istifadə etməklə yüksək məhsuldarlığa nail olunur. Bu nümunə göstərir ki, müasir texnologiya və investisiya olduqda Abşeronun aqrar imkanlarından daha səmərəli istifadə etmək mümkündür.
– Bakı niyə məhsulu daha baha alır? Logistikanın qiymətə təsiri nə qədərdir?
– Ərzaq qiymətlərinin formalaşmasında məhsulun istehsal olunduğu yer qədər onun istehlakçıya necə çatdırılması da vacibdir.
Hazırda fermerdən Bakı bazarına qədər məhsul bir neçə əldən keçir. Nəticədə qiymət bəzən iki, hətta üç dəfə artır.
Burada logistikanın payı xüsusilə böyükdür. Məhsulun qiymətinin təxminən 30–45 %-ni logistika xərcləri təşkil edir. Əgər Bakı ətrafında yetişdirilən məhsul 30–45 dəqiqə ərzində şəhər bazarlarına çatdırıla bilsə, bu xərcləri azaltmaq və məhsulun qiymətini təxminən 30 % aşağı salmaq mümkün ola bilər.
Bu, istehsalın yalnız ərzaq təhlükəsizliyi baxımından deyil, həm də qiymət sabitliyi baxımından əhəmiyyətini artırır.

– Bakı ətrafında istehsal bazası nə qədər böyük ola bilər?
– Mövcud imkanlardan daha səmərəli istifadə ediləcəyi təqdirdə, Bakı ətrafında kiçik və orta ölçülü heyvandarlıq komplekslərinin yaradılması şəhərin ərzaq bazarına ciddi təsir göstərə bilər.
Müasir suvarma texnologiyaları, kiçik və orta ölçülü heyvandarlıq kompleksləri qurularsa, Bakı şəhərinin ət və ət məhsulları, süd və süd məhsullarına olan tələbatının 50 %-ni məhz Bakı ətrafından təmin etmək mümkün olduğu bildirilir.
Bundan başqa, Bakı ətrafında 1000, 2000 və hətta 3000 başlıq müasir heyvandarlıq komplekslərinin yaradılması imkanları da qeyd olunur. Bunun üçün kifayət qədər torpaq və su ehtiyatının olduğu, istehsal edilən heyvandarlıq məhsullarının Bakı bazarlarına çatdırılmasında isə ciddi logistika probleminin yaranmayacağı vurğulanır.
– Şəhərin sürətli tikintisi əkin sahələrinə necə təsir edir? Torpaq məsələsi nə dərəcədə kəskindir?
– Bakının sürətli tikintisi ərzaq istehsalının qarşısında mühüm sual yaradır. Şəhərdə çoxsaylı yaşayış binaları tikilir və bu proses əkinə yararlı torpaqların bir hissəsinin tikinti təyinatına keçirilməsinə səbəb olub.
Bu torpaqların dəqiq həcmini yalnız müvafiq Əmlak və Torpaq qurumları göstərə bilər. Lakin burada əsas məsələ yeni əkin sahələrinin yaradılmasından daha çox, mövcud torpaq fondunun necə istifadə edilməsidir.
Çünki bütün torpaqlar tikinti üçün nəzərdə tutulmayıb.
Müasir kənd təsərrüfatında əvvəlki kimi böyük ərazilərə ehtiyac da yoxdur. Məsələn, 100 başlıq müasir heyvandarlıq kompleksi üçün cəmi 1 hektar, bəzi hallarda isə bundan da az torpaq kifayət edə bilər. Müasir komplekslərdə havalandırma və çirkab təmizləmə sistemləri avtomatik işləyir, kommunal infrastruktur qurmaq mümkündür.
Yem bazasının da qapalı sistemdə həll edilməsi mümkündür. Hazırda yonca təxminən 2 manata satılır və Bakı üçün 100 min başlıq bir təsərrüfatın yem tələbatını qarşılamaq baxımından əlçatan hesab olunur.

– Bu imkanları reallaşdırmaq üçün ilk növbədə nə edilməlidir?
– Bu imkanlardan istifadə üçün ilk addımlardan biri Bakı kəndlərindəki ev təsərrüfatlarının və mövcud torpaq sahələrinin uçotunun aparılması ola bilər.
Bələdiyyələr kəndləri və onların ətrafındakı torpaqları ən yaxşı tanıyan qurumlar kimi bu prosesdə iştirak edə, mövcud təsərrüfatları müəyyənləşdirərək dövlət qurumlarına konkret təkliflər hazırlaya bilər.
Bu, xüsusilə vacibdir, çünki Bakı ətrafında kənd təsərrüfatı üçün istifadə oluna biləcək imkanların bir hissəsi hazırda sistemli şəkildə uçota alınmaya bilər.
– Nəhayət, Bakının ərzaq təhlükəsizliyi baxımından əsas məqsəd nədən ibarətdir?
– Ərzaq təhlükəsizliyi baxımından məqsəd Bakını tamamilə xarici və ya rayonlardan gələn məhsullardan asılı vəziyyətdən çıxarmaq deyil. Əsas məsələ şəhərin özündə və ətrafında mümkün olan məhsullar üzrə istehsalı artırmaq, məhsulu istehlakçıya daha qısa məsafədən çatdırmaq və bunun hesabına həm riskləri, həm də qiymətləri azaltmaqdır.
Bakının pomidor üzrə mövsümi özünütəmin imkanının artıq mövcud olması, zeytunçuluqda idxalın azalması, heyvandarlıq və südçülük üçün potensialın qalması göstərir ki, paytaxtın ərzaq bazasında istehsalın payını artırmaq mümkündür.
Bu yanaşma reallaşarsa, Bakı yalnız daha çox məhsul istehsal edən şəhərə çevrilməz, eyni zamanda, daha qısa logistika zənciri, daha təzə məhsul və daha münasib qiymət imkanları da yarana bilər.
Elvin Camalov