Virtual ünsiyyətə asılılıq artıq zarafat mövzusu deyil – bu, bizi içimizdən səssizcə dəyişdirən yeni sosial diaqnozdur. Biz saatlarla demək olar ki, tanımadığımız insanlarla yazışırıq, eyni zamanda isə öz dostlarımıza zəng etməyə və ya həmkarımızla mesencer olmadan danışmağa çətinlik çəkirik. Bu asılılığın əsasında parlaq, sürətli emosiyalar ardınca daimi qaçış və səsə filtr qoymağın, cavabı yenidən yazmağın mümkün olmadığı canlı təmas qorxusu dayanır.
Psixoloqlar qeyd edir: beyin zövqün haradan gəldiyini ayırd etmir — canlı görüşdən, yoxsa yanan bildiriş işarəsindən. Lakin şəbəkədə biz dopamin dozasını daha tez-tez alırıq: layk, yeni mesaj, direktə gələn ürək, “online” olan lazımi adam. Hər bir belə bildiriş kiçik bir qələbədir və gün ərzində onların sayı artdıqca telefonu tez-tez yoxlamaq vərdişi daha möhkəm formalaşır.
Real həyat isə başqa cürdür. Burada dərhal “oxundu” işarəsi yoxdur, zəmanətli cavab yoxdur, “mesajı sil” düyməsi də yoxdur. Söhbət dalana dirənə bilər, qarşımızdakı gözlədiyimizdən fərqli reaksiya verə bilər, səsində əsəb, yorğunluq, ağrı hiss oluna bilər. Virtual ünsiyyət isə rahatlıq vəd edir: cavabı düşünmək, ideal şəkildə yazmaq, real emosiyaları göstərmək əvəzinə smayliklər göndərmək mümkündür.
Nəticədə paradoks yaranır: nə qədər çox onlayn ünsiyyət qururuqsa, canlı ünsiyyətin “qüsurlarına” dözümlülüyümüz bir o qədər azalır. Həqiqi dialoqlar dözüm, empatiya, dinləmə bacarığı, intonasiya və mimikanı dərk etməyi tələb edir — messencerlər və sosial şəbəkələr isə bizi bunlara öyrətmir.
Virtual asılılığın öz məntiqi və mərhələləri var və bunlar digər vərdiş formalarına çox bənzəyir:
“Zərərsiz rahatlıq” mərhələsi
İlk əvvəl mesencerlər və sosial şəbəkələr sadəcə rahat bir alət kimi görünür: zəngdən daha sürətli, görüşdən daha asandır. Biz məişət məsələlərinin bir hissəsini çata köçürürük, görüş təyin edirik, iş haqqında danışırıq.
“Sərhədlərin keçidi” mərhələsi
Tədricən onlayna təkcə işlər deyil, emosiyalar da keçməyə başlayır. Münasibətləri yazışmada aydınlaşdırırıq, simpatiyamızı emojilərlə bildiririk, narahatlıqlarımızı yaxın insanla bir fincan çay arxasında bölüşmək əvəzinə storilərdə paylaşırıq.
“Reallığın əvəzlənməsi” mərhələsi
Bir müddətdən sonra virtual təmaslar prioritetə çevrilir. Axşam ana səhifəni vərəqləmək və ya çatda “dolaşmaq” görüşə getməkdən daha asan olur. Beyində belə bir düşüncə formalaşır: “Onlayn daha sadədir, daha təhlükəsizdir, daha proqnozlaşdırılandır”.
“Sosial həyəcan” mərhələsi
Canlı ünsiyyət qorxu yaradır. Zəng etmək — qorxulu, birinci yaxınlaşmaq — narahatlıq doğuran, səsli çıxış — demək olar ki, qəhrəmanlıqdır. Real dialoq risk kimi qəbul olunur: səni anlamaya, mühakimə edə, sözünü kəsə bilərlər.
Ünsiyyət bacarığı musiqi alətində çalmaq kimidir. Məşq etməsən, barmaqlar notları necə tutmağı unudur. Dialoqlarda da elədir: illərlə ekran arxasında gizlənsən, canlı görüşlər demək olar ki, ekstremal idman növünə çevrilir.
Ən çox zərər görənlər:
Qeyri-verbal siqnalları oxuma bacarığı.
Yazışmada baxış, jest, pauza yoxdur. Reallıqda isə birdən çaşıb qalırıq: nə vaxt zarafat etməyin, nə vaxt susmağın daha uyğun olduğunu anlaya bilmirik.
“Burada və indi” arqumentasiya bacarığı.
Mesencerdə mətni on dəfə yenidən yaza bilərsən. Canlı söhbətdə isə anında reaksiya vermək, sözləri yerindəcə seçmək lazımdır. “Redaktə olunan” kommunikasiya formasına öyrənmiş insan üçün bu ciddi stress yaradır.
Fikir ayrılıqlarına dözümlülük.
Onlaynda razılaşmayanı bloklamaq, silmək, izləmədən çıxmaq olur. Həyatda isə belə deyil: həmkarla işləmək, qohumla ünsiyyət qurmaq lazımdır. Real konflikt dialoqunda təcrübənin olmaması bizi ən kiçik fikir ayrılıqlarına qarşı belə həssas edir.
Asılılığın əsas səbəblərindən biri — total nəzarət hissidir. Şəbəkədə biz seçirik: nə vaxt cavab verək, nə yazaq, şəklə hansı filtr qoyaq, həqiqətin hansı hissəsini göstərib hansını gizlədək.
Canlı ünsiyyət bizi bu “rejissorluqdan” məhrum edir. Artıq deyilmiş sözü redaktə edə bilmirik, söhbətin ortasında pauza düyməsinə basa bilmirik, çatdan çıxdığımız kimi otaqdan ani şəkildə çıxa bilmirik.
Özünə əmin olmayan, emosional yaxınlığa alışmayan, hissləri haqqında danışmağı bacarmayan insan üçün bu nəzarət bir növ narkotikə çevrilir. Virtual dünya insana “özünün yaxşılaşdırılmış versiyası” olmağa imkan verir — kəkələmədən, əsəbi gülüşdən, yanaqların qızarmasından uzaq.
Zaman keçdikcə təhlükəli bir uçurum yaranır:
Onlayn obraz — özünəinamlı, hazırcavab, ünsiyyətdə yüngül.
Ofllayn “mən” — sıxılmış, həyəcanlı, göz təmasından yayınan.
Bu kontrast daxili gərginliyi artırır və insanı daha da virtual ssenariyə çəkir — orada “canlı ünsiyyətdə normal olduğunuzu” sübut etməyə ehtiyac yoxdur.
Virtual kommunikasiya asılılığına hər kəs eyni dərəcədə meyilli deyil. Risk qrupuna daxildir:
Yeniyetmələr və gənc böyüklər.
Onlar üçün sosial şəbəkələr əlavə deyil, şəxsiyyətin bir hissəsidir. Layklar və həmyaşıd reaksiyaları öz “dəyərinin” göstəricisinə çevrilir. Onlayn ünsiyyətdən imtina sosial ölüm kimi qəbul olunur.
İntrovertlər və yüksək həyəcanlı insanlar.
Onlar üçün canlı təmas onsuz da çətindir. Virtual ünsiyyət xilas kimi görünür: həm insanların arasında olmaq, həm də məsafə saxlamaq mümkündür.
Travmatik ünsiyyət təcrübəsi olan insanlar.
Bullinq, məsxərə və toksik münasibətlərlə qarşılaşan insanlar
Belə təcrübəsi olanlar çox vaxt ağrının təkrarlanmasından qaçmaq üçün onlayna çəkilirlər. Virtual dünya başqalarını “təhlükəsiz məsafədə” saxlamağa imkan verir.
Paradox ondadır ki, sonsuz çatlar və lentlər yalnız dolğun sosial həyatın illüziyasını yaradır. Əslində isə daim “onlayn” olan bir çox insan özünü xroniki tənha hiss etdiyini etiraf edir.
Mümkün nəticələr:
Başqalarının emosiyaları, xəbərləri və dramları ilə dolu fasiləsiz axın psixikanı yükləyir. Artıq öz hisslərinə yer qalmır.
Əlaqələrin səthiliyi.
Yüz çat gecə pis olanda yanına gəlməyə hazır bir insanı əvəz etmir. Amma vaxt və enerji məhz həmin yüz çata gedir.
Dəyərlər sisteminin dəyişməsi.
Vacib olan yaşadıqların deyil, onların ekranda necə görünməsidir: neçə şərh, neçə reaksiya, neçə paylaşım.
Yaxınlıq bacarığının itməsi.
Hər il kiməsə “Mənə qorxuludur”, “Mən kədərlənmişəm”, “Mənə dəstək lazımdır” sözlərini — mətnlə yox, canlı şəkildə demək daha çətin olur.
Virtual ünsiyyətdən tam imtina mümkün də deyil, lazım da deyil. Amma balansa yenidən qayıtmağı və canlı söhbətlərin dadını geri qaytarmağı öyrənmək olar.
Budur həqiqətən işləyən bir neçə addım:
“Əvvəl səs, sonra mətn” qaydasını tətbiq edin.
Məsələ vacibdirsə və ya emosiyalara aiddirsə — əvvəlcə zəng etməyə və ya görüşdə danışmağa çalışın, lazım olsa sonra detalları yazışmada tamamlayın.
Dostlarla “oflayn görüşlər” təyin edin.
Təkcə yazışma ilə kifayətlənməyin. Həftədə heç olmasa bir dəfə real görüş olsun: qəhvə, gəzinti, kinoya getmək.
“Fon” şəklində zəncirlənməni azaltmaq.
Gündə ən azı 30–60 dəqiqə telefonu əlinizdən qoyun: sosial şəbəkəsiz, çatsız. Bu vaxt sadəcə ətrafdakı insanlara baxmaq, şəhərin səslərini, öz düşüncə və hisslərinizi dinləmək kifayətdir.
Dürüst dialoqu məşq edin.
Sadədən başlayın: günlə bağlı təəssüratlarınızı bölüşün, “mənə xoş oldu”, “mən yoruldum”, “mən narahatam” kimi cümlələri səslə deyin. Bu cümlələri canlı insana nə qədər çox desəniz, real söhbətlər bir o qədər az qorxulu görünəcək.
Mesenceri nə üçün açdığınızı izləyin.
Özünüzdən soruşun: “Mən indi real təmas istəyirəm, yoxsa sadəcə darıxmaqdan, həyəcanımdan, sükutdan qaçıram?” Bəzən motivi anlamaq tətbiqin ikonkasına toxunmamağa kifayət edir.
Canlı dialoq həmişə riskdir.
İstədiyiniz cavabı eşitməyə bilərsiniz. Qarşınızdakı insanın baxışında yorğunluq və ya anlaşılmazlıq görə bilərsiniz. Öz həssaslığınızı hiss edə bilərsiniz.
Amma məhz həmin həssaslıqda heç bir mesencerin verə bilməyəcəyi bir şey yaranır: real yaxınlıq hissi. “Onlayn” yox, “şəbəkədə” yox — yanında. Burada vacib olan smaylik deyil, baxışdır; bildiriş deyil, canlı “mən səninləyəm”.
Virtual ünsiyyət asılılığı heç vaxt boş yerdə yaranmır — onun arxasında demək olar ki, həmişə emosiyalara aclıq və real təmasdan qorxu dayanır.
Amma bu gün ata biləcəyimiz addım sadədir: ekrana bir az daha az, bir-birimizin gözlərinə isə bir az daha çox baxmaq.
Hacı Cavadov