Nəşr edilmişdir 07/05/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Venesiyanı Bakıya gətirən Muxtarov

İmkansız bir ailədə doğulan, Bakıdan Tiflisə qədər arabaçılıq etməklə ailəsini dolandıran, daha sonra Bakının neft bumu dövründə milyonçuya çevrilən xeyriyyəçi, vətənini sevən Murtuza Muxtarovun həyatı olduqca maraqlı keçib.

Mollaxanadan mühəndisliyə

“İnsanın əzmi və işgüzarlığı onu qabağa aparır”, – deyirlər. Bunu dəfələrlə fərqli uğur hekaylərində oxuyub, eşitmişik. Murtuza Muxtarov da bu misalın başqa bir nümunəsidir. İmkansız bir arabaçı ailəsində anadan olan Murtuza Muxtarov ibtidai təhsilini mollaxanada alıb. Təhsilini davam etdirməyən Murtuza Balaxanı Zabrat kəndlərində fəhləlik etdikdən qısa vaxt sonra buruq ustası kimi işləməyə başlayıb. Əksər arabaçılardan və fəhlələrdən fərqli olaraq o, qazandığı maaşın bir hissəni, savadını və texniki biliyini artırmaq üçün mühəndislərə verib onlardan çertyoj çəkməyi öyrənib.
Əzmlə və işgüzarlıqla özünü püxtələşdirən və peşəkarlaşan Murtuza ilk dəfə olaraq Abşeronda 1100 metrlik quyu qazdırır. Ardınca Qroznıda və Maykopda kontorunun filiallarını açır. Yerində saymayan və daima inkişafda olan Murtuza 1917-ci ildə ilk dəfə taxtayonan dəzgah ixtira edir (həmin dəzgah bu gün Peterburqda “Dağ mədən” İnstitutunda saxlanılır). İşində ixtisaslaşan gənc gəlirini artırmaq üçün torpaqlar alır və bu torpaqda nəhayət ki, bəxt onun üzünə gülərək qara qızıl fontan vurur. Qısa zaman içində əldə etdiyi neft onu milyonçuya çevirir. İmkanları genişlənən Muxtarov xalqına xeyriyyəçilikdə və maariflənmədə dəstək olurdu. Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edirdi. O, həmçinin mədəniyyətin pərəstişkarı idi, cəmiyyətdə avamlığa qarşı mübarizə aparırdı, bu məqsədlə Bakıda “Tərəqqi” qəzeti nəşr etdirir, məktəblər tikdirirdi. Xeyirxah, mehriban və uğurlu bir insan, ciddi sahibkar kimi tanınırdı.

Murtuza Muxtarov, Səadət Sarayı

İtkilərdən sonra yeni dövr

Əfsus ki, uğurlu iş adamının ailə həyatı işləri qədər yaxşı olmur. Bəlkə də, Murtuza işinə verdiyi diqqəti və gücü ailəsinə vermirdi. Kim bilir?! Milyonçu iki dəfə ailə həyatı qurur. İlk dəfə Hacı Yusifin qızı Qönçənazla ailə qurur. Bu evlilikdən iki qız övladı olur. İş ilə bağlı tez-tez xarici səfərlər edən Murtuza evə qayıdanda xəbər tutur ki, o səfərdə olan zaman iki qız övladı da möhkəm soyuqlayıb, xəstəliyə qalib gələ bilməyib, tələf olublar. Muxtarov bu xəbərdən çox sarsılır. Bütün günahı həyat yoldaşı Qönçənazın səhlənkarlığında görür və onu evdən qovur. Burada səbəb təkcə uşaqlarının itkisi deyildi. Əlbəttə ki, bir ata üçün övladını itirmək ağrılı-acılı bir hadisədir amma xəstəliyə görə həyat yoldaşını günahlandırmaq və onu evdən qovmaq kimi radikal qərarın arxasında başqa səbəb var idi, fikrimcə. Milyonçunun xarici səfərlərdə dünyagörüşünün dəyişməsi, yeni qadınlar tanıması, zövqünün formalaşması nəticəsində Qönçənaz artıq ona kifayət etmirdi. Buna görə də milyonçu ondan aralandı. Baxmayaraq ki, bu itkidən sonra onun təkrar övladı olmadı, amma həyatında yeni və tarixi faktlara əsasən maraqlı dövr başladı.

Vladiqafqaz, eşq və Səadət Sarayı

Murtuza tez-tez Rusiyanın Vladiqafqaz şəhərinə səfərlər edirdi. Səfərlərin birində Beslan stansiyasında Vladiqafqazın məşhur generalı Tuqanovu görür. Generalın həmin vaxt namaz qılması milyonçuda maraq yaradır və onlar tanış olurlar. Tuqanov Muxtarovu öz evinə qonaq dəvət edir və bu dəvət Murtuza Muxtarovun həyatında böyük iz buraxır. Qonaqlıqda Muxtarov generalın qızı Yelizavetanı (Liza) görür və ilk görüşdən ona aşiq olur. Liza xanım da ona vurulur. Qafqazda o zamanlar sevgi, məhəbbət həmişə şərəf məsələsi sayılırdı. Aralarında yaş fərqi çox olduğundan general əvvəl bu evliliyə etiraz edir. Lakin Murtuzanın mədəni davranışı və sadiqliyi generalı bu izdivaca razı salır. Əslən sadə və kasıb ailədən olan Murtuzanı indiki dövrün psixoloji analizi ilə desək, komplekslərini örtmək və zadəganlara uyğun olduğunu göstərmək üçün bir jest edir. Ailəni valeh etmək və yad eldə ad qazanmaq üçün o Vladiqafqazda məscid tikdirir (həmin bu məscid bu gün də Vladiqafqaz şəhərin bəzəyir). Bununla bir növ ailə ilə qohum olmağa layiq olduğunu vurğulamaq istəyini göstərir. Bir müddət sonra Murtuza və Lizanın toy mərasimi baş tutur. Təmtəraqlı və dəb-dəbəli keçən toyda sonra cütlük Avropa səyahətinə çıxır. Burdan yenə də ilk evliliyin bitmə səbəbinin səhlənkarlıq olmadığını sezə bilirik. Milyonçunun artıq qərbyönümlü zövqü onun yeni üfüqlərə gedən marağına səbəb olur. Qönçənazla bunu etmək Murtuzaya praktik olaraq mümkünsüz gəldiyindən və aralarında tək bağ olan övladların itirdiyindən izdivacı yaşatmaq messenata mənasız gəlir. Liza ilə isə münasibət ona həyəcanlı və maraqlı gəlir. Onlar səyahət zamanı gəzdikləri şəhərlərin memarlıq abidələrinin arxitekturasına valeh olurlar. Binalardakı tağları, sütunları, qüllələri, bütün detalları xüsusi diqqət ilə seyr edirlər. Qədim küçələrin birində yerləşən əzəmətli sarayın yanından keçərkən: “Kaş ki, burada yaşayardıq…” – deyən Liza heyranlığını Murtuza ilə bölüşür. Bu yol ilə o, həyat yoldaşının iti ağlına ideya sancır. Lizanı xoşbəxt etmək Murtuzanın sevindirdiyindən milyonçu Avropaya mütəxəssis göndərib həmin binanın dəqiq surətini əks etdirən layihəni əldə edir. Sonra isə dövrün ən tanınmış memarına – polşalı İosif Ploşkoya müraciət edir. Nəticədə mürəkkəb fransız qotik üslubunda nəhəng saray cəmi bir il ərzində (1911-1912) inşa edilir. Yekunda bu sürprizi Lizaya göstərib layihəni tamamlamaq qalır. Bir gün Ağa Murtuza adi gəzinti adı ilə Liza xanımı faytonla binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın bu binanın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur.

Venesiyanı Bakıya gətirən Muxtarov, Murtuza Muxtarov, Səadət Sarayı

Medalın iki tərəfi olur. Bir tərəfdən cütlüyün sevincinə və xoşbəxtliyinə səbəb olan saray digər bir cütlüyün bədbəxtliyinə səbəb olur. Saray tikilən zaman çoxlarına məlum olmayan faciəvi bir hadisə baş verir. İmran Qasımov adlı memar sarayın ən üst nöqtəsindəki heykəli tamamlayan zaman qəflətən yıxılır və yerindəcə ölür. Həyat yoldaşının itkisinə dözə bilməyən xanımı da iki həftə sonra intihar edir.
Bəzən pulla belə düzəlməyən dərdlər olur. Hamının qibtə etdiyi, paxıllığını çəkdiyi Murtuzanın başına da bədbəxt hadisə gəlir. O vaxt quldur dəstəsinə başçılıq edən, milyonçuları qarət edən Kobe ləqəbli Stalin bir gün Murtuzayla da üzləşir. Murtuza milyonçu olmadan öncə qoçularla dostluq etdiyindən quldur dəstəsinin öhdəsindən mahirliklə gəlir. O, Stalini qarət zamanı tutur, qolunu sındırıb, sarayından qovur. Stalindən ilk dəfə xilas olan Murtuza, Bakı Qızıl Ordu tərəfdən işğal olduqda ona güc gələ bilmir. İki silahlı sarayın qapısını sındırıb evə atla daxil olurlar. Bunu özünə təhqir sayan milyonçu tüfənginə əl atır. İki güllənin biri ilə bir əsgəri öldürür. Digər gülləni isə bolşeviklərin əlinə keçməmək üçün özünə sıxır…
Murtuza Muxtarovdan vətəni üçün geriyə etdiyi yaxşılıqlar və tikdirdiyi dəbdəbəli binalar, o cümlədən, sonradan böyük sevgilərin nikah qeydiyyatı mərkəzi – “Səadət sarayı” – “Rəsmi Qəbullar Sarayı” adlandırılan həmin o saray qalır.

Deniz Məmmədsoy

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı qədim binaları, küçələri, məhəllələri, küləyi, dənizi və özünəməxsus xüsusiyyətləri ilə fərqləndirir.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

İmkansız bir ailədə doğulan, Bakıdan Tiflisə qədər arabaçılıq etməklə ailəsini dolandıran, daha sonra Bakının neft

TARIXI ŞƏXSİYYƏTLƏR

İmkansız bir ailədə doğulan, Bakıdan Tiflisə qədər arabaçılıq etməklə ailəsini dolandıran, daha sonra Bakının neft