İnsanlıq tarixində taxt, qızıl və ya torpaq uğrunda saysız-hesabsız müharibələr baş verib. Lakin 1325-ci ildə İtaliyada silahlı qarşıdurma… sadə bir palıd vedrəsinə görə başladı. Bolonya və Modena şəhərləri arasında baş verən bu hadisə tarixə “Vedrə uğrunda müharibə” adı ilə düşdü və Avropanın orta əsrlər tarixində ən qeyri-adi hadisələrdən biri kimi yadda qaldı.
Siyasi rəqabət
XIV əsrdə İtaliya bir-biri ilə daim rəqabət aparan şəhər-dövlətlərdən ibarət bir mozaika idi. Bolonya gvelflərin — Roma Papasının tərəfdarlarının tərəfində dayanırdı. Modena isə imperatorun, yəni Müqəddəs Roma imperiyasının tərəfdarları olan gibellinləri dəstəkləyirdi. Bu siyasi fikir ayrılığı, torpaq iddiaları ilə birlikdə, illər boyunca sərhəd bölgələrində kiçik toqquşmalara və basqınlara səbəb olurdu.
Müharibəni alovlandıran qığılcım
1325-ci ilin payızında bir qrup modenalı əsgər gizlicə Bolonyaya soxuldu. Qaranlıqdan və qarışıqlıqdan istifadə edərək, San-Feliçe qapılarındakı şəhər quyusundan palıd vedrəni götürüb öz şəhərlərinə apardılar. Bu, adi bir oğurluq kimi görünə bilərdi, lakin bolonyalılar üçün bu hadisə alçaldılma simvoluna çevrildi. Şəhər əhalisi vedrənin geri qaytarılmasını tələb etdi, lakin Modena bu tələbi rədd etdi. Şəhərin ləyaqətinə edilmiş bu təhqir son damla oldu və Bolonya Modenaya müharibə elan etdi.
Zappolino döyüşü
1325-ci il noyabrın 15-də Zappolino qalasının yaxınlığındakı təpənin ətəyində böyük bir döyüş baş verdi. Müxtəlif mənbələrə görə, bu döyüşdə təxminən 35 min piyada və 4 min süvari iştirak edirdi. Say üstünlüyünə malik olmasına baxmayaraq, Bolonya ordusu zəif təşkilatlanmışdı. Modenalılar isə daha çevik və planlı hərəkət etdilər və ilk hücumu onlar başladı. Onların süvariləri Bolonya ordusunun cinahına sarsıdıcı zərbə vuraraq onları geri çəkilməyə məcbur etdi.
Döyüş uzun çəkmədi, lakin çox qanlı oldu — döyüş meydanında 2 min nəfərdən çox insan həyatını itirdi.
Müharibənin nəticələri
Məğlubiyyətdən sonra Bolonya sülh bağlamağa məcbur oldu. Modena bəzi işğal edilmiş əraziləri qaytarsa da, vedrəni özündə saxladı. Həmin vedrə qələbənin simvolu və müharibə qəniməti kimi bu günə qədər qorunub saxlanılır. Hazırda həmin palıd vedrənin surəti Modena kafedralında sərgilənir və ictimaiyyətə açıq şəkildə nümayiş etdirilir.
Əcaib müharibənin mirası
Tarixçilər bu hadisəni hələ də xatırlayır və onu bəzən insan həyatına başa gələn nə qədər mənasız səbəblərin ola biləcəyinə bir nümunə kimi göstərirlər. “Vedrə uğrunda müharibə” təkcə bir zarafat və ya tarixi maraq kimi deyil, həm də qürurun, siyasi fanatizmin və Orta əsr sülhünün nə qədər kövrək olduğunu xatırladan bir dərsdir.
Murad Muxtarov