Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/12/2025

Paylaşın

TARİXİMİZ

Varlığı Azərbaycan xalqı üçün Tanrının tale payı olan Ümummilli Lider

IMG-20251212-WA0025

Heydər Əliyev: “Mənim həyat amalım yalnız bütün varlığımla sevdiyim Azərbaycan xalqına xidmətdir”

Manna, Midya, Atropatena, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar, Azərbaycan Xalq Cümhuriyyəti kimi qüdrətli dövlətlər quran Azərbaycan xalqı “Kürəkçay”, “Türkmənçay”, “Gülüstan” dəhşətlərindən sonra Qızıl ordunun Qırmızı terrorunu yaşadı. 1920-ci il aprelin 28-də iflasa uğradılan Xalq Cümhuriyyətindən sonra Cümhuriyyət qurucularının taleyi Cümhuriyyətin özü kimi müəmmalı günlərini yaşadı. Terrorun, mühacirətin, repressiyanın, müharibənin burulğanında əriyən Odlar Yurdu Azərbaycan yaddaşa qayıdış ideologiyasının dastanını ötən əsrin 60-cı illərində yenidən yazdı. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə milli mənlik, milli kimlik uğrunda mücadilənin rüşeymləri cücərdi.

Mənsub olduğu millətin, məmləkətin haqq səsinə dönən Ulu Öndər Heydər Əliyev yer üzünə səpələnən 50 milyondan çox azərbaycanlının öndəri olmaqla yanaşı, MDB məkanını çevrələyən türksoylu xalqların, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana bölünən Vətənin ümid yerinə, İstiqlal mücahidinə çevrildi. Tərcümeyi-halı ilə yarix yaradan, Azərbaycan Respublikasınnı Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təbirincə desək “Varlığı Azərbaycan xalqı üçün Tanrıdan tale payı olan” Ulu Öndər birlik, bütövlük rəmzinə döndü. Vardığı kürsülərdə qüdrətli dövlətlər quran, Sərkərdə xaqanlar, ustad sənətkarlar, təbib filosoflar yetirən millətin əzəmətinin, qüdrətinin göstəricisinə çevrildi.

2003-cü il dekabrın 12-də isə bir başqa dünya yaşandı. Ölümü ilə ölümsüzlüyə qovuşan Ulu Öndər Vətənə sevginin nümunəsinə, Liderə ehtiramın, onu yoxdan var edən Memara əbədi, sonsuz, hüdudları məlum olmayan sevginin simgəsinə, bəlgəsinə döndü.

O müthiş, məhşum gündən 12 il keçməsinə baxmayaraq, bütün ruhu, duyğuları ilə Azərbaycan olan Ulu Öndər haqqında kimsə keçmiş zamanda olduğu kimi danışmır. Onu qüdrətli keçmişimiz, işıqlı gələcəyimiz kimi xatırlayır, yad edir. Haqqında düşünəndə, yazanda isə kəlmələrin, cümlələrin ən gözəlini, munisini, dəyərlisini seçir.

Dünyanın ən Böyük Azərbaycanlısı

Ulu Öndər Heydər Əliyev siyasətdə ardıcıllıq, düşünülmüş strateji plan və möhkəm iradə nümunəsi olmaqla təkcə bir dövlət xadimi deyil, həm də milli kimliyin simvolu idi. “Mənim həyat amalım yalnız bütün varlığımla sevdiyim Azərbaycan xalqına xidmətdir” – deyən Ulu Öndər bu sözləri sadəcə bir şüar kimi deyil, duyğusunu, düşüncəsini, ömür yolunu ehtiva edən anlam kimi dilə gətirirdi. İstər sovet dönəmində, istərsə də Azərbaycanın müstəqillik illərində göstərdiyi siyasi iradə, iti zəkası, müdrikliyi və uzaqgörənliyi ilə ölkəni regionun ən etibarlı, ən sabit və nüfuzlu dövlətlərindən birinə çevirmişdi. Heydər Əliyevin liderlik fenomeni yalnız onun idarəçilik bacarığında deyildi; o, həm də mənsub olduğu millətin əzəmətini, qüdrətini dərk edən, psixologiyasını duyan tarixi şəxsiyyət idi. O, dövlətlə xalq arasında elə bir sarsılmaz körpü yaratdı ki, bu körpü məhz etimad, sevgi və inama söykənmişdir. Heydər Əliyev Azərbaycanı təkcə siyasi xəritədə möhkəmlətmədi, həm də onun mənəvi xəritəsini yenidən cızdı. O, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan bir xalqın bu arzunu gerçəkləşdirə biləcəyinə inam yaratdı. Heydər Əliyev təkcə tarixin bir səhifəsi deyil – ölkənin yaddaşında yaşayan bir ideya, bir düşüncə modeli, bir dövlətçilik fəlsəfəsidir. Onun yaratdığı dövlətçilik irsi Azərbaycan üçün yalnız keçmişin deyil, həm də gələcəyin möhkəm dayağı kimi qalmaqdadır.Ulu Öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan Böyük Azərbaycanlıdır. Bu unikal xüsusiyyəti ilə dünya siyasətində onun rəqibi yoxdur. Uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.

Ölkəmizin əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifi

Dahi şəxsiyyətlərin adı zəmanəsinin və xalqının simvoluna çevrilir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dəyərlər sisteminin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini öz simasında üzvi şəkildə birləşdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin zəkası ilə nura qərq edilmişdir. Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifi olmuşdur. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir. Onun dünya siyasət xəzinəsini zənginləşdirən fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.

Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təsdiqləmişdir. Bu qüdrətli dövlət xadimi müasir, müstəqil Azərbaycanı hələ o zamandan – Azərbaycanda həyatın bütün sahələrində ağır tənəzzülün hökm sürdüyü bir dövrdə xalqın problemlərini öz çiyninə götürdüyü 1969-cu ildən qurmağa başlamışdır. Bu qənaətin gerçəkliyini tarixi proseslərin sonrakı gedişi də sübuta yetirmişdir. Zəngin idarəçilik təcrübəsini sovet rejiminin əsl mahiyyəti barədə bilgiləri ilə uzlaşdıran Ulu Öndər o zaman Azərbaycanı düşmüş olduğu böhrandan çıxarmaq üçün qəti addımlar ataraq böyük uzaqgörənliklə ölkənin uzunmüddətli, ardıcıl inkişafının təminatına yönələn proqramlar tərtib etmiş və qısa zaman ərzində bu proqramların icrasına nail olmuşdur. Azərbaycanın müstəqil yaşamağa qadir, elmi-texniki inqilabın ən son nailiyyətlərinə yiyələnən bir dövlətə çevrilməsini Heydər Əliyev o zaman ali məqsədlərdən biri kimi təsbit etmişdir. O, Azərbaycanın qədim, qüdrətli tarixini, zəngin mədəniyyətini dünyaya təqdim etməklə öz xalqının əzəmətini, böyük inkişaf yolu keçdiyini sübut etmiş, millətinin dünyaya Nizami, Nəsimi, Füzuli kimi dahilər bəxş etdiyini göstərməklə bütün dünyanı öz xalqına hörmət etməyə, ona ehtiramla yanaşmağa məcbur etmişdir.Tarixən hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soy-kökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər, məfkurə və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq, müstəqilliyə, azadlığa qovuşmaq şansı əldə etməsi lider fenomeninin fövqəladə missiyası ilə şərtlənmişdir.

Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix onun kimi qüdrətli simaların iradəsi, tərcümeyi-halı ilə yaranır. Onun keşməkeşli həyatı, zəngin şərəfli ömür yolu isə bütöv bir epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çox – düz 35 illik bir dövrünü əhatə edən səhifələri Ulu Öndərin mənalı ömrünün unudulmaz anlarıdır. Heydər Əliyev müdrikliyi yalnız bir şəxsiyyətin fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə, xalqımızın mental böyüklüyünün, əzəmətli tarixi iradəsinin ifadəsidir.

Heydər Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi iradə və yorulmaz fəaliyyəti ona digər dövlət xadimlərindən fərqli olaraq, qüdrətli lider ünvanı qazandırmışdı.Heydər Əliyev ittifaq dövlətinin rəhbərliyində işlədiyi beş il ərzində dünya siyasətinin ən nüfuzlu nümayəndələri sırasında özünə möhkəm yer tutmuş, vətənimizin və xalqımızın şərəfini yüksəklərə qaldırmışdır. Heydər Əliyev Azərbaycanın müstəqillik dövrünün də vəzifələrini dönmədən, qətiyyətlə həyata keçirmişdir. Sözün həqiqi və məcazi mənasında, möhkəm əsaslara malik olan müstəqil dövlət qurmaq və həmin dövləti dünyaya tanıtmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir.Hər bir sahədə aparılan bütün islahatlar, cəmiyyəti yeniləşdirməyin, möhkəmləndirməyin təməl prinsipləri də Heydər Əliyev tərəfindən qətiyyətlə həyata keçirilmişdir. Mürəkkəb ictimai-siyasi şəraitdə çevriliş cəhdləri, separatçılıq meyillərinin qarşısını almaqla Heydər Əliyev müstəqil hüquqi dövlətin çarxının dünyəvi prinsiplər əsasında ahəngdar işləməsini təmin etməyi bacarmışdır.

Azərbaycançılıq məfkurəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ulu Öndərin ruhunu şad edən ən ali məqamlardandır

Ulu Öndər millət, məmləkət məhəbbəti qazanmış nadir siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanın sabitlik və təhlükəsizliyinin qarantı olmuş, ölkəmizi inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirmişdir. Dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuş, Azərbaycanın reallıqlarını, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl elmi-nəzəri sistem – dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratmışdır.

Ulu Öndərin uzaqgörənlik və dəqiqliklə işləyib hazırladığı strateji kursu 2003-cü ilin oktyabrından onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bu xətt Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun durmadan artırılması, iqtisadi durumunun yüksəldilməsi, əhalinin rifahının yaxşılaşdırılması, demokratik dəyərlərin dərinləşdirilməsi kimi ümumdövlət və ümumxalq əhəmiyyətli məsələlərdir. Prezident İlham Əliyevin ölkəmizə böyük istedad və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu, Azərbaycançılıq məfkurəsini uğurla davam etdirməsi Ulu Öndərin ruhunu şad edən məqamlardan olmaqla yanaşı, onun ideologasina xidmət edən silahdaşlarının qəlbini iftixarla döyündürən amillərdəndir. Tərəddüd etmədən qeyd edə bilərik ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olmuşdur.

Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!

44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi, hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Xalqımızın görünməmiş milli həmrəylik nümayiş etdirməsi tarixi qələbənin təmin edilməsində mühüm rol oynadı.

Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, qüdrətini, iradəsini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsinə döndü. Cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi cəsarət rəmzinə çevrildi. Ərazi bütövlüyümüz bərpa edildi. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən, Ulu Öndərin arzusu reallaşdı.44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə öz gücünü bütün dünyaya sübut edən Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallıq regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.Şanlı Qələbəmizdən sonra ölkəmizdə yeni dövr başlayıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri uğurla icra olunur. Hər birimizə böyük örnək olan və fərəh verən digər amil isə dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi strateji əhəmiyyətli islahatların daha çevik və yüksək səmərəliliklə həyata keçirilməsinə böyük töhfələr verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva uzun illərdir ki, Prezident İlham Əliyevlə birlikdə müasir Azərbaycan dövlətinin quruculuğunda yaxından iştirak edir. Ölkəmizin Birinci xanımı reallaşdırdığı uğurlu layihələrlə, dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə geniş ictimai dəstək qazandırmışdır. Mehriban Əliyevanın qeyri-adi rəhbər istedadı, zəngin idarəçilik təcrübəsi, başladığı hər bir işdə əməli surətdə sübut olunmuş ictimai-siyasi xadim vərdişləri onun qarşıya qoyduğu məsələlərin həllinə yanaşmalarını yüksək peşəkarlıq və məsuliyyət səviyyəsində təzahür etdirir. Onun rəhbərliyi ilə istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda həyata keçirilən çoxsaylı layihələr əhalinin maddi rifahının yüksəlməsinə və dünya arenasında Azərbaycanın nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

“Azərbaycan, Azərbaycan, Azərbaycan!” nidası ilə dünyaya vida nəğməsi oxudu

Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin hər iki mərhələsində, yaşadığı fırtınalı ömür yolunun bütün dönəmlərində xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.Son məqamda da o, qüdrətli şəxsiyyət “Azərbaycan, Azərbaycan, Azərbaycan!” nidası ilə dünyaya vida nəğməsi oxumuşdur.

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə, Ata vəsiyyətinə əməl edən Liderimizə, Yoxdan var edənimizə, Baba yadigarımıza, qürur, qeyrət, ləyaqət rəmzimizə istinad edərək deyə bilərik ki, həqiqətən də Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları, siyasəti, arzuları gerçəyə çevrilir. Ulu Öndər Qarabağdan, Şərqi Zəngəzurdan nigaran getdi. Onun bir yarımçıq arzusu vardı: Qarabağ!

Bu gün Azərbaycan Bayrağı Şuşa qalasında, Xüdafərin körpüsündə dalğalanır. Qarabağ, Şərqi Zəngəzur onun varlığı qədər sevdiyi vətəninin, xalqının taleyini etibar etdiyi Varisinin iradəsi ilə tikilir, qurulur.

Ulu Öndər Heydər Əliyev tərcümeyi-halı ilə tarix yaradan, Osman Qazi, Corc Vaşinqton, Şarl-de Qol, Cəvahirləl Nehru, Qazi Mustafa Kamal Paşa Atatürk kimi mənsub olduğu millətin, məmləkətin xilaskarlıq misyasını üzərinə alan, varlığı ilə dünyanın siyasi mənzərəsini dəyişən Liderlərdən, Sərkərdə-xaqanlardandır.

Ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Ulu Öndərin irsi şəxsiyyəti ilə bağlı artıq aforizmə çevrilən tarixi bir kəlamı da var: “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!” Bu gün milli dövlətçilik və mənəvi dəyərlər tariximizdə yerini və rolunu tarix müəyyənləşdirən Ulu Öndərin yad olunan, anılan günüdür! Qurani-Kərimin “Bəqəra surəsi”ndə deyilir: “Məni yada salın, Sizi yada salaram!”

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Paysis" MMC-nin fəaliyyətini dayandırıb.

Ən son

TARİX

Ümummilli Lider Heydər Əliyevin anım günü təkcə xatirə tarixi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin

TARİX

Ümummilli Lider Heydər Əliyevin anım günü təkcə xatirə tarixi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin